Məhkəmə qərarları › İş №2(103)-7495/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7495/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7495/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ilk, həmçinin Cavabdeh İddiaçı qarşı (X7 üçüncü şəxs qismində cəlb olunmaqla) “kredit müqaviləsi üzrə borc öhdəliyinə xitam verilməsi” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(004)-1378/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 29.12.2017-ci il tarixdə notariat kontorunda aralarında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehdən 15000 manat borcun və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış 29.12.2017-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 15000 manat borc vermiş, sonuncu isə 29.12.2018-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə borcun qaytarılmasından yayınmışdır. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borc öhdəliyinə xitam verilməsi” barədə qarşılıqlı iddia verərək, Bakı şəhəri 44 saylı notariat ofisində aralarında bağlanmış 1S-5595 reyestr nömrəli, 29.12.2017-ci il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı, Aqil Talıbova məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini etibarnamə əsasında dəyərindən çox aşağı qiymətə satmış və sözügedən kredit müqaviləsi üzrə borcun əvəzi olaraq götürmüşdür. Bu səbəbdən də, kredit müqaviləsi üzrə öhdəliyə xitam verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(004)- 1378/2021 saylı qətnaməsi ilə (hakim Vahid Hacıyev) ilk iddia rədd, qarşılıqlı iddia isə təmin olunmuşdur. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti, iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmaqla, həmçinin göstərilmişdir ki, qeyri-yaşayış sahəsinin satılmasının hazırki mübahisəyə aidiyyəti yoxdur. 15000 manat borca görə kredit öhdəliyindən 4 dəfə artıq qiymətə, yəni 60000 manata qeyri-yaşayış sahəsini sataraq borcun əvəzi kmi götürməsi də inandırıcı deyildir. Eyni zamanda, həmin sahənin satılmasından əldə olunan vəsait alıcı tərəfindən notariat kontorunun "xxxx" ASC-də olan depozit hesabına köçürülmüş, lakin pulu bankdan o götürməmişdir. Pul götürülərkən imzalanmış bank qəbzinə nəzər yetirdikdə də oradakı imzanın ona aid olmadığı görünür. Digər tərəfdən, məhkəmə sözügedən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Aqil Talıbovu üçüncü şəxs qismində işə cəlb etməmiş, onun izahatını almamış, yalnız cavabdehin izahatına əsaslanaraq aralarında şifahi razılaşmanın olduğunu bildirmiş, lakin məhkəməyə bunu təsdiqləyəcək hər hansı sübut təqdim olunmamışdır. Tərəflərin izahatları, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) isə apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunmalıdır. İşdə olan sənədlərdən və tərəflərin izahatlarından görünür ki, tərəflər arasında bağlanmış 29.12.2017-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh 29.12.2018-ci il tarixədək qaytarılmaq şərtilə 15000 manat məbləğində borc vermişdir. Hazırda iddiaçı, cavabdeh tərəfindən indiyədək öhdəliyin icra olunmadığını bildirərək, borcun məhkəmə qaydasında tutulmasını tələb edir. Cavabdeh isə, icra səbəbilə borc öhdəliyinə xitam verdiyini bildirərək, qarşılıqlı iddiasının əsası kimi iddiaçı tərəfindən kredit müqaviləsinin təminatı kimi qoyulmuş qeyri-yaşayış sahəsinin satılaraq borcun əvəzi kimi götürüldüyünə istinad edir. Birinci instansiya məhkəməsi, ilk iddianı rədd, qarşılıqlı iddianı isə təmin edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, hazırki halda cavabdehin vəzifəsi 29.12.2017-ci il tarixli borc müqaviləsi üzrə 15000 manat vəsaitin qaytarılmadığı təqdirdə, İddiaçı 29.12.2017-ci il tarixli etibarnaməyə əsasən sərəncam vermək hüququna malik olduğu və Aqil Talıbovun mülkiyyətində olan sözügedən qeyri-yaşayış sahəsinin satılmasını və İddiaçı alqı-satqı müqaviləsi üzrə pul vəsatini almasını sübut etməkdən ibarət olmuşdur. İşin bu halı 13.03.2018-ci il tarixli alqı-satqı müqaviləsi, notariusun 60000 manat pulun İddiaçı ödənilməsi üçün verdiyi 12.03.2018-ci il tarixli, KB8 ******* nömrəli kassa çeki ilə sübuta yetirilir. Yəni, cavabdeh 15000 manat borcunun əvəzinin ödənilməsi üçün iddiaçının etibarnamə əsasında Aqil Talıbovun mülkiyyətində olan qeyri-yaşayış sahəsini satmasını sübuta yetirməklə, 29.12.2017-ci il tarixli müqavilə üzrə borc öhdəliyinə xitam verildiyini sübuta yetirmişdir. Məhkəmə kollegiyası, rayon məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, mübahisənin hüquqi həlli ilə bağlı mülki qanunvericiliyin borcla bağlı münasibətləri tənzimləyən aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir. Mülki Məcəllənin (bundan sonra, MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.4-cü maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Baxılan işdən görünür ki, tərəflər arasında mübahisə 29.12.2017-ci il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılıb-qaytarılmadığı ilə bağlıdır. Belə olan halda, Kollegiya hesab edir ki, sübutetmə yükü baxımından borc öhdəliyinin tam şəkildə icra olunduğunu sübuta yetirmək vəzifəsi borclunun, konkret halda cavabdehin üzərinə düşür. Çünki MPM-in 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Cavabdeh isə məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmiş, gətirdiyi dəlillər və təqdim etdiyi sənədlər isə bu halın təsdiqi üçün kifayət etməmişdir. Belə ki, cavabdeh qarşılıqlı iddiasının əsası kimi iddiaçı ilə aralarında bağlanmış 29.12.2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi həmin tarixdə dostu (iş üzrə üçüncü şəxs) X3 məxsus ünvan 2 ünvanda yerləşən 66,3 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinə dair iddiaçının adına 10 il müddətinə etibarnamə verilməsinə, iddiaçının bu etibarnamə əsasında 13.03.2018-ci il tarixdə həmin sahəni notarial qaydada bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 60000 manata X1 və satışdan əldə olunan məbləği borcun əvəzi olaraq götürməsinə istinad edir. İddiaçı isə cavabdehin bu dəlillərinə etiraz edərək, sözügedən etibarnamənin və alqı-satqı müqaviləsinin cavabdehlə aralarındakı borc münasibətlərinə heç bir aidiyyətinin olmadığını, eyni zamanda qeyri-yaşayış sahəsinin alqı-satqısına görə ona heç bir məbləğ ödənilmədiyini bildirərək, qeyri-yaşayış sahəsinin alqı-satqısı prosesində yaranmış münasibətlərlə bağlı istintaq orqanlarının aşağıdakı qərarlarındakı izahatlara istinad etmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaqı aparılaraq məhkəməyə göndərilmiş ********* nömrəli cinayət işi üzrə 08.11.2018-ci il tarixli Sübutların qiymətləndirilməsinə dair qərardan çıxarışdan görünür ki, cinayət işi üzrə təqsirləndirilən X10 ifadəsində bildirmişdir ki, İlham Nəcəfovla arasında olan razılaşmaya əsasən İlham ondan mənzil tələb etməyə davam etmiş, ona Binəqədi rayonunda, Mehdiabad qəsəbəsində Çingiz adlı şəxsin adma olan 66,3 kv/m qeyri-yaşayış sahəsini təklif etmişdir. Həmin qeyri-yaşayış sahəsi Çingizin qohumu Aqil Talıbovun adına rəsmiləşdirilmiş və qeyri-yaşayış sahəsini Çingizdən 30000 manata almağı razılaşdırmışdır. Çingizlə qeyri-yaşayış sahəsini tikinti materialları və ya pul şəklində ödəməsi barədə razılığı olmuş, hətta bu barədə onunla borc müqaviləsi də bağlamışdır. Qeyri-yaşayış sahəni İlhamla arasında olan razılaşmaya görə sonuncuya olan 60000 manat borcun əvəzində vermiş, qeyri-yaşayış sahəsinin İlhamın qardaşı Seymur Nəcəfovun adına rəsmiləşdirilməsi üçün sonuncu ilə Çingiz arasında formal olaraq alqı-satqı müqaviləsi bağlanmış, beləliklə İlhama borcu qalmamışdır. Həmin razılaşmada İlham, qeyri yaşayış sahəsinin sahibi Çingiz, onun dostu Nüsrət və özü iştirak etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş İddiaçı ifadəsində bildirmişdir ki, qeyriyaşayış sahəsi özünə məxsus olmuş, lakin tanışı Aqil Talıbovun adına rəsmiləşdirilmişdir. O, həmin qeyri- yaşayış sahəsini satmağa köməklik göstərilməsi üçün dostu Cavabdeh xahiş etmişdir. Həmçinin həmin sahənin satılması üçün müxtəlif alqı-satqı ofislərinə elan da vermişdir. Həmin ərəfədə X10 adlı şəxs qeyri-yaşayış sahəsi ilə maraqlanmış və bildirmişdir ki, İlham Nəcəfov adlı şəxsə borcu var. Aralarındakı razılaşmaya görə, həmin qeyri-yaşayış sahəsi İlham Nəcəfova verilməli, dəyərini isə Ramil ona ödəməli idi. Beləliklə 13.03.2018-ci ildə onunla İlham Nəcəfovun qardaşı Seymur Nəcəfov arasında sözügedən qeyri-yaşayış sahəsi ilə əlaqədar alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə həmin sahənin 60000 manata satıldığı qeyd edilmişdir. Alqı-satqının rəsmiləşdirilməsi üçün, həmin vəsait notariusun bank hesabına mədaxil və məxaric edilsə də, faktiki olaraq həmin vəsait İlham, onun qardaşı Seymur və ya başqa şəxs tərəfindən ona ödənilməmişdir. Həmin sahənin dəyərini Ramil ödəməli idi, hətta bu barədə Ramillə arasında 13.03.2018-ci il tarixli borc müqaviləsi də bağlanmışdır. Həmin müqaviləyə əsasən Ramilin ona 26500 manat borcu vardır. Ramil həmin borcu hazıradək qaytarmamışdır. Ramillə arasında qeyriyaşayış sahəsinin dəyəri 26500 manata razılaşdırılsa da, bildiyinə görə Ramil həmin sahəni İlhama 60000 manat dəyərində borcunun əvəzində vermişdir. Bu səbəbdən də müqavilədə qeyri-yaşayış sahəsinin dəyəri 60000 manat qeyd olunmuşdur. Bütün bu proseslərdə dostu Nüsrət də iştirak etmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Cavabdeh İddiaçıla eyni məzmunlu ifadə vermişdir. İddiaçı müraciəti əsasında toplanmış materiallar üzrə Abşeron rayon Pİ-nin istintaq şöbəsininin müstəntiqi, polis kapitanı X4 cinayət işinin başlanmasının rədd olunması barədə 2019-cu il tarixli qərarından görünür ki, araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, 2017- ci ildə Aqil Talıbovdan ona məxsus Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyində 1 nömrəli binanın 1-ci mərtəbəsində 66.3 kv.metr sahəsi olan 30.000 manat dəyərində qeyri-yaşayış sahəsi almış, həmin vaxt Aqil ona etibarnamə vermişdir. Təxminən bir ildən sonra pula ehtiyacı olduğu üçün sözügedən obyekti satmaq qərarına gəlmiş, söhbət əsnasında dostu Nüsrət ona bildirmişdir ki, onun tanışı iş adamı olan X10 obyekti almaq istəyir. Bundan sonra Ramil obyektə gəlib baxmış və obyekti Seymur adlı şəxsin adına rəsmiləşdirilməsini təklif elməklə yanaşı 30000 manat pulu 1 ay ərzində verəcəyinə söz vermişdir. Ramili tanımadığı üçün bununla bağlı Nüsrətlə danışmış, o da Ramili yaxından tanıdığını, iş adamı olduğunu və onu aldatmayacağını bildirmişdir. Bundan sonra Nüsrətlə razılaşaraq, 2018-ci ilin mart ayının 13-də Aqil Talıbov ilə Seymur Nəcəfov arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin vaxt sənədləşmə işlərinə 3500 manat pul xərclənmişdir. Qalan 26500 manat pulu isə Ramil bir ay müddətində hissə-hissə verəcəyinə söz vermiş, lakin bundan sonra müxtəlif bəhanələr gətirərək hal-hazıra kimi pulu ona verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Ramil başqa şəxsləri də aldatdığı üçün dələduzluğa görə həbs olunmuşdur. Eyni zamanda bilmişdir ki, Ramilin Seymur adlı şəxsə pul borcu olduğuna görə onun obyektini Seymurun adına rəsmiləşdirilmişdir. Daha sonra Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırma aparılarkən Ramil və onun tanışları ondan xahiş edib barəsində şikayət etməməsini xahiş etmiş və cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra onun 26500 manat pulunu qaytaracağına söz vermişdir. Bundan sonra Ramil yenə də dediyinə əməl etməyərək onun pulunu geri qaytarmamış, buna görə də bununla bağlı şikayət etmək qərarına gəlmişdir. Cinayət təqibi üzrə aparılmış araşdırma materiallarından göründüyü kimi, sözügedən qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı İddiaçı və alıcı Seymur Nəcəfov arasındakı münasibətlər tamamilə başqa mübahisənin (əsl alıcı Ramil Şükürovun müqavilə üzrə alıcı Seymur Nəcəfovun qardaşı İlham Nəcəfova olan borcunun bağlanması ilə bağlı) həlli ilə bağlı yaranmış, hazırki iş üzrə Cavabdeh alqı-satqı prosesində iştirak etmiş və bununla bağlı aparılan araşdırma zamanı istintaq orqanında İddiaçıla eyni məzmunlu izahat verərək, qeyd edilənləri qəbul etmiş və verdiyi izahatlarında heç vaxt qeyri-yaşayış sahəsinin onun öhdəliyinə görə satılmasına istinad etməmişdir. Baxmayaraq ki, həmin vaxt onun da iddiaçı qarşısında hazırda mübahisələndirilən kredit müqaviləsi üzrə icra edilməmiş borc öhdəliyi mövcud olmuşdur. Digər tərəfdən, cavabdeh iddiaçı ilə aralarında kredit müqaviləsinin bağlandığı gün onun dostu Aqil Talıbov tərəfindən mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair iddiaçıya etibarnamə verilməsinə istinad etsə də, iş materiallarından görünür ki, həmin sahə ilə bağlı A.Talıbov tərəfindən iddiaçının adına kredit müqaviləsinin bağlanmasından xeyli müddət əvvəl də 25.03.2017-ci il tarixdə 1 il müddətinə etibarnamə verilmişdir. Bu hal isə, İddiaçıla A.Talıbov arasında əvvəlcədən müəyyən mülki hüquq münasibətlərinin mövcudluğuna dəlalət etməklə, qeyri-yaşayış sahəsinin məhz 29.12.2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi qoyulması qənaətinə gəlməyə imkan vermir. Bununla yanaşı, İddiaçı istər məhkəmə icraatı zamanı, istərsə də istintaq orqanlarında aparılmış araşdırma zamanı verilmiş izahatlarında alqı-satqı zamanı nəzərdə tutulmuş pulu almadığını bildirmişdir. Verilmiş izahatların mətnindən belə aydın olur ki, qeyri-yaşayış sahəsinin alqı-satqısına dair Aqil Talıbovun etibarnamə əsasında nümayəndəsi qismində İddiaçıla Ramil Şükürov arasında əldə olunmuş razılaşmaya əsasən, İddiaçı həmin sahəni Ramil Şükürovun borclu olduğu İlham Cəfərovun qardaşı Seymur Cəfərovun adına rəsmiləşdirməyi, R.Şükürov isə əvəzində 30000 manat məbləğində pulu bir ay ərzində hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Sonuncu buna baxmayaraq, öhdəliyini icra etməmiş (özü də verdiyi izahatında bu halları təsdiq etmişdir), ona görə də, İddiaçı bununla bağlı aidiyyəti orqanlara müraciət etməyə məcbur olmuşdur. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsinin məhz hazırki iş üzrə borc öhdəliyinin icrasının təmini kimi iddiaçı tərəfindən satılması və borcun bağlanması faktı ziddiyyətli olmaqla, mötəbər sübutlarla birmənalı olaraq öz təsdiqi tapmır. Xüsusilə qeyd olunmalıdır ki, əgər tərəflər həqiqətən öhdəliyn icrasının təmini barədə müvafiq razılığa gəlmişdirlərsə, o zaman qanunvericiliyin tələblərinə uyğun ipoteka (girov) müqaviləsi bağlayardılar. İpoteka müqaviləsi isə şifahi deyil, yazılı qaydada bağlanmaqla, notariat qaydasında təsdiq olunmalıdır (Mülki Məcəllənin 270.1, 307.1, 307.7-ci maddələri və s.). Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları birlikdə qiymətləndirərək, bu qənaətə gəlir ki, cavabdeh 29.12.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyini təm şəkildə icra etdiyini sübuta yetirə bilməmişdir. Cavabdehin qarşılıqlı iddianın əsası kimi istinad etdiyi hallar isə məhkəmə baxışı zamanı işdə olan sübutlarla öz təsdiqini tapmamışdır. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kollegiya, bu qənaətə gələrkən onu da nəzərə alır ki, MM-in 529.3-cü maddəsinə görə, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. MM-in 529.6-cı maddəsinə əsasən, əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Hazırkı işdə isə cavabdeh tərəfindən borcun ödənildiyinə dəlalət edən qanunda qeyd olunmuş formalara da əməl olunmamış, məhkəməyə bununla bağlı hər hansı sənəd təqdim olunmamışdır. Halbuki, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Cavabdeh tərəfin izahatı da özü-özlüyündə mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh aldığı pulu qaytarmamaqla iddiaçının daxili qanunvericiliklə yanaşı, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüquqlarını da pozur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ilk, həmçinin Cavabdeh İddiaçı qarşı (X7 üçüncü şəxs qismində cəlb olunmaqla) “kredit müqaviləsi üzrə borc öhdəliyinə xitam verilməsi” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(004)-1378/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(004)- 1378/2021 saylı qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin, ilk iddia təmin olunsun. Cavabdeh 29 dekabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 15000 (on beş min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar