Məhkəmə qərarları › İş №2(103)-7498/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7498/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7498/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Bank İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması” tələbinə dair 2(004)-1688/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli DEN-00105-16/19A nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli, DEN-00105-16/19A nömrəli kredit müqaviləsi üzrə yaranmış 4424,88 manat əsas borc, 546,98 manat faiz borcu, 588,37 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı Bank İddiaçı-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxx 2019-cu il tarixli DEN-00105-16/19A nömrəli kredit müqaviləsinə əsasən Bank İddiaçı boracalan Cavabdeh1 15 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 5000 manat kredit vermişdir. Kreditin təminatı olaraq Bank İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, DENZ-00105-16/19A nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan müqavilənin şərtlərini pozmuş, ödəniş qrafiki üzrə cəmi 2 dəfə xx.xx.2019 və xx.xx.2019-ci tarixlərdə hər dəfə 392 manat olmaqla ödəniş etmişdir. xx.xx.2019-ci tarixdən sonra heç bir ödəniş etməmişdir, öhdəliyini lazımınca icra etməkdən imtina edir. Hazırda Cavabdeh1 4424,88 manat əsas borc, 546,98 manat faiz borcu, 588,37 manat cərimə borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu və zamin borcu ödəməkdən boyun qaçırırlar. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı Bank İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, DEN-00105-16/19A nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 (borcalan) və Cavabdeh2 (zamin) xx.xx.2019-cu il tarixli DEN- 00105-16/19A nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 4.424,88 manat əsas, 546,98 manat faiz, 20 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.021,86 (beş min iyirmi bir manat səksən altı qəpik) manat pulun müştərək qaydada tutularaq iddiaçı Bank İddiaçı-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 dəfələrlə Bank İddiaçı-ə müraciət etmiş və xx xxx 2019-cu il tarixli, DEN-00105-16/19a saylı kredit müqaviləsi üzrə zaminlikdən imtina etmək istədiyini bildirmiş, lakin iddiaçı Bank İddiaçı bu müraciətə münasibət bildirməmişdir. Bundan əlavə cavabdeh Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılmasının nəticəsi olaraq artıq 7 aydır iş yerlərinin bağlanması səbəbindən gəlir əldə edə bilmir. Apelyasiya baxışında Cavabdeh2 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və digər cavabdeh iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Cavabdeh2 dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı və digər cavabdeh mübahisələndirməmişlər. Belə ki, Bank İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, DEN-00105-16/19A nömrəli kredit müqaviləsinə əsasən, Bank İddiaçı borcalan Cavabdeh1 15 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 5.000 manat kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Kreditin təminatı olaraq Bank İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli DENZ-00105-16/19A nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İddia Bank tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 Bank İddiaçı-yə 4.424,88 manat əsas borc, 546,98 manat faiz borcu, 588,37 manat cərimə borcu yaranmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 386, 421.2, 421.3, 448.1, 467, 470.1, 472.2, 472.2, 739.1 və 741-ci maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə hesablanmış yüksək 588,37 manat cərimə azaldılaraq 20 manat müəyyən edilməlidir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının Cavabdeh2 qarşı təmin olunmuş hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, Bankla borcalan arasında kredit müqaviləsi, həmin müqavilədən irəli gələn öhdəliklərin təminatı olaraq isə Bankla zamin arasında zaminlik müqaviləsi bağlanılmışdır. Bank kredit müqaviləsinə uyğun olaraq üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, borcalanın müvafiq müqavilə öhdəliklərini lazımınca tam və vaxtında yerinə yetirməsi sübuta yetirilmir. Belə olan halda, zaminlə borcalan Bank qarşısında müqavilə öhdəlikləri üzrə mülki hüquqi məsuliyyəti yaranır. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndiirlən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1688/2020 nömrəli mülki iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar