Məhkəmə qərarları › İş №2(103)-750/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-750/2022

14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-750/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 250.000 ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilsin. İddia onunla əsaslandırılıb ki, cavabdeh tərəfindən iddiaçının oğlu Adil Zeynalova yazılmış 02.02.2016-cı il tarixli ərizədə cavabdeh qeyd edib “... Sizə olan borcum 250.000 ABŞ dolları məbləğində pulu 2 (iki) ay ərzində ödəyəcəyimə söz verərək, öz üzərimə öhdəlik götürürəm”. İddiaçının oğlu 05.02.2018-ci il tarixdə vəfat edib. İddiaçı oğlunun hüquq varisi kimi həmin pulu tələb edir. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Həmin ərizə öz-özlüyündə öhdəlik yaratmır. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçı iddia ərizəsində zərər vurulmasına, əsassız varlanmaya və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslara istinad etmir. Ona görə də öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Lakin ərizə müqavilə hesab olunmur. Ərizənin məzmununda borc etiraf edilir, lakin həmin borcun yaranma əsası (əqd və s.) və tarixi qeyd olunmur. Borcun etiraf edilməsi üçün Mülki Məcəllənin 882-ci maddəsində müəyyən edilmiş qaydada borcun etirafı barədə müqavilə bağlanmalı idi. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar