Məhkəmə qərarları › İş №2(103)-7501/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7501/2023

12.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7501/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 oktyabr 2023-ci il tarixli, 2(007)-2184/2023 nömrəli qərardadından cavabdehin şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 20656 manat zərərin əvəzi kimi və ona dəymiş zərər-avtomobilin dəyərinin aşağı düşməsinə görə əlavə 10000 manat və ümumilikdə 30656 manat pulun + 295 manat "xxxx" MMC-yə ödənilmiş məbləğ kimi cəmi 30951 manat və ödənilmiş dövlət rüsumu kimi 183 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh MMC 06 oktyabr 2023-cü il tarixdə İddiaçı qarşı pul və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı görülmüş işin dəyəri olan borc qalığı 177 manat pulun, işgüzar nüfuzun ləkələnməsi nəticəsində vurulmuş mənəvi zərərin əvəzi olaraq 7000 manat və ödənilmiş 90 manat dövlət rüsumunun alınaraq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 oktyabr 2023-ci il tarixli, 2(007)- 2184/2023 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir.

4. Qərardadın əsaslarına görə, Cavabdeh MMC iddia ərizəsini 09 avqust 2023-cü il tarixdə rəsmi qaydada poçt vasitəsilə almışdır. Bundan başqa Cəmiyyətin elektron kabineti olduğundan iddiaçının Cəmiyyətə qarşı vurulmuş zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməsindən məlumatı olmuşdur və 02 avqust 2023-cü il tarixdə dəftərxana vasitəsilə iddia ərizəsinə etiraz vermişdir. Həmçinin məhkəmənin 11 sentyabr 2023-cü il tarixli iclasında Cavabdeh MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iştirak etmişdir. Göründüyü kimi, cavabdeh iddia ərizəsi barədə məlumatlı olmuşdur və iddia ərizəsini rəsmi qaydada aldığı gündən 20 gün ərzində qarşılıqlı iddia ilə müraciət etməli idi. Lakin, qarşılıqlı iddia ərizəsini 06 oktyabr 2023-cü il tarixdə elektron kabinet vasitəsilə vermişdir. Beləliklə, Cavabdeh MMC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1 və 155.2-ci maddələrinin tələblərini pozmaqla qarşılıqlı iddia ərizəsi verdiyinə görə qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir.

5. Cavabdeh həmin qərardaddan şikayət verərək, ləğv edilib, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.

6. Şikayətin dəlillərinə görə, mülki prosessual qanunvericilikdə cavabdeh üçün nəzərdə tutulmuş prosessual müdafiə vasitələrindən biri də Məcəllənin 155-ci maddəsində müəyyən edilən ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia vermək hüququdur. Qanunverici həmçinin Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddianın verilməsi üçün əsasların mövcud olduğu təqdirdə, cavabdehə qarşılıqlı iddianın verilməsi hüququnu tanımışdır. Şərt kimi, isə onun verilməsi üçün əsasların həmin dövrdə əmələ gəlməsi və ya qanunla müəyyən edilmiş müddətdə qarşılıqlı iddianın təqdim edilməsinin cavabdehdən asılı olmayan səbəblərə görə mümkün olmadığının əsaslandırılması müəyyən edilmişdir. Hazırkı iş üzrə qarşılıqlı iddianın prosessual müddətlər keçdikdən sonra verilməsinə əsas onun verilməsi üçün əsasların sonradan yaranması olmuşdur. Qarşılıqlı iddianın ilkin iddia ilə bir icraatda baxılması mülki prosessual hüququn təməl prinsiplərindən olan, məhkəmələrin iş yükünün azaldılmasına və fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş prosessual qənaət prinsipinin realizəsinə xidmət etmiş olur. Hazırkı tələb üzrə onların iddiaçıdan tələbi görülmüş işin dəyəri olan borc qalığının tələbi və işgüzar nüfuzun ləkələnməsi nəticəsində vurulmuş mənəvi zərərin tələbidir. İddia tələbinin “işgüzar nüfuzun ləkələnməsi nəticəsində vurulmuş mənəvi zərərin tələbi” hissəsi isə məhkəmə gedişatı zamanı iddiaçının müəssisəyə şər və böhtan atmasından sonra yaranmışdır. Bundan başqa, hazırlıq icraatı zamanı məhkəməyə təqdim olunmuş qüsur aktı ilə təmir kartında olan avtomobilin yürüş kilometrinin böyük fərqinin olması onların iddia tələblərinin əsaslarından birini təşkil edir. Bununla, bir daha sübut edilir ki, iddiaçı hansısa yollarla avtomobilin yürüş məsafəsini bilərəkdən 100000 km-dən çox azaldaraq, faktiki olaraq hər-hansı yollarla qanunsuz hərəkətlər edərək onlara şər ataraq və əsas gətirirki avtomobili az yürüşlü olduğundan gün altında saxlamaqları interyerinin pozulmasına səbəb olmuşdur. Avtomobilin gediş məsafəsinin qanunsuz olaraq geri çəkilməsi həmin nəqliyyat vasitəsinin daha saz vəziyyətdə olmasını göstərmək üçün nəzərdə tutulan hərəkətdir. Qarşılıqlı iddianın məhkəmə prosesinin gedişində verilməsinin digər səbəbi silinmiş video-görüntülərin bərpası ilə bağlı müvafiq mütəxəssislərin işə cəlb olunması və həmin çıxarışların edilməsinin uzun müddət vaxt aparması səbəb olmuşdur. Qarşılıqlı iddia üzrə "xxxx" MMC-nin məhkəmə prosesində verdiyi digər cavab (hava şəraitinin nəqliyyat vasitəsinin interyeri və eksteryerinə təsir etməməsinə dair) və hallar qarşılıqlı iddianın verilməsinə əsasların məhkəmə prosesinin gedişində yaranmasına əsas olmuşdur. Qarşılıqlı iddiaya əlavə etdikləri "xxxx" MMC-yə ünvanladıqları 15 sentyabr 2023 tarixli məktub qarşılıqlı iddianın prosessual qanunvericiliyin nəzərdə tutduğu müddət keçdiyindən sonra verilməsinə səbəb olmuşdur. Onlar işgüzar nüfuzlarının ləkələnməsinə səbəb olan həmin qüsur aktının araşdırılması səbəbi ilə “Porsche”-nin Azərbaycandakı rəsmi nümayəndəliyinə müraciət etsələr də, onlar müştəri məmnuniyyətinin təmin edilməsi səbəbilə məlumatların üçüncü şəxslərə təqdim edilməsinin mümkün olmayacağını bildirərək, bununla bağlı cavab verməkdən imtina etmişlər və yalnız məhkəmənin və ya digər səlahiyyətli orqanın sorğusuna cavab verəcəklərini bildirmişlər.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(007)- 2184/2023 nömrəli qərardadı şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir; Maddə 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir; 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir; Maddə 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. 156.2. Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Mülki Prosessual Məcəllənin sadalanan normalarından görünür ki, qanunverici cavabdehə ilk iddia ilə birlikdə baxılması üçün qarşılıqlı iddia vermək hüququnu tanımış, ümumi qayda olaraq bu hüququn həyata keçirilməsi üçün 154.1-ci maddəsində nəzərdə tutulmuş qaydada 20 günlük prosessual müddət tanımışdır.

10. Bununla belə, bu müddətin buraxılması birmənalı olaraq qarşılıqlı iddianın icraata götürülməsindən imtina üçün əsas ola bilməz. MPM-in 155.2-ci maddəsinə əsasən həmin məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

11. Birinci instansiya məhkəməsi hazırda yoxlanılan qərardadla qarşılıqlı iddianın icraata qəbulundan imtina edərkən, əsas kimi məhz bunun üçün nəzərdə tutulmuş 20 günlük müddətin buraxılmasına istinad etmişdir.

12. Kollegiya şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, dəlillər tutarlı olmaqla qərardadın ləğvinə əsas verir.

13. Qarşılıqlı iddia üzrə tələblər iddiaçıdan görülmüş işin dəyəri olan borc qalığının tutulması və işgüzar nüfuzun ləkələnməsi nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbləridir.

14. Cavabdeh iddia tələbinin “işgüzar nüfuzun ləkələnməsi nəticəsində vurulmuş mənəvi zərərin tələbi” hissəsində məhkəmə gedişatı zamanı iddiaçının müəssisəyə şər və böhtan atmasından sonra belə bir tələblə çıxış etmək zərurətinin yaranmasını bildirmişdir ki, kollegiya bu yanaşmanı ağlabatan hesab edir.

15. Bundan başqa, cavabdeh qarşılıqlı iddianın məhkəmə prosesinin gedişində verilməsinin digər səbəbi kimi silinmiş video-görüntülərin bərpası ilə bağlı müvafiq mütəxəssislərin işə cəlb olunması və həmin çıxarışların edilməsinin uzun müddət vaxt aparmasını göstərmişdir. İş materiallarından həqiqətən də görünür ki, cavabdehin bu barədə sorğusu olmuş, həmin sorğuya 22 sentyabr 2023-cü il tarixdə cavab verilmişdir.

16. Göründüyü kimi, cavabdeh MPM-in 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra təqdim etdiyi qarşılıqlı iddianı, onun verilməsi üçün əsasların həmin dövrdə əmələ gəlmiş olması və qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmaması baxımından əsaslandırmışdır ki, bu da qarşılıqlı iddianın icraata qəbulunu yoxlayarkən bu dəlillərə qiymət verilməsini tələb edir.

17. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslı deyil, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərardad ləğv edilməli, iş birinci instansiya məhkəməsinə göndərilməli, şikayət təmin edilməlidir.

18. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 oktyabr 2023-ci il tarixli, 2(007)- 2184/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 oktyabr 2023-ci il tarixli, 2(007)- 2184/2023 nömrəli qərardadı ləğv edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar