Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7509/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Ləğv prosesindəki İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə Ləğv prosesindəki İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi”, Cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “hesablanmış faiz və cərimə borcunun silinməsi” tələblərinə dair bir icraatda birləşdirilmiş mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsindən Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin (bank) ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu (Fond) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh bankın xeyrinə əsas borc üzrə 281239,30 manat, faiz borcu üzrə 77721,80 manat, cərimə borcu üzrə 26312,67 manat olmaqla cəmi 385273,77 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 188,7 kv.m-dən ibarət olan qeyriyaşayış sahəsinə tutma yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti müəyyən edilməklə onun açıq hərracdan satılması, əmlak satıldıqdan sonra onun 1 ay ərzində boşaldılması, satışdan əldə olunan vəsaitin qeyd edilən kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi, əmlakın satışından əldə olunmuş pul borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, bankla Cavabdeh arasında bağlanmış 1396/14 nömrəli 02.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik 10 faizlə, 120 ay müddətinə 327 400 manat kredit verilmiş, kredit müqaviləsinin təminatı kimi 02.10.2014-cü il tarixli 1396/14 nömrəli qeyri-yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsi bağlanmış, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 188,7 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmiş, Cavabdeh tərəfindən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh bankın xeyrinə əsas borc üzrə 281.239,30 manat, faiz borcu üzrə 122.876,02 manat, cərimə borcu üzrə 30.259,57 manat olmaqla cəmi 434.374,89 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 188,7 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə tutma yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti müəyyən edilməklə onun açıq hərracdan satılması, əmlak satıldıqdan sonra onun 1 ay ərzində boşaldılması, satışdan əldə olunan vəsaitin qeyd edilən kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi, əmlakın satışından əldə olunmuş pul borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin sahənin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə Əmanətlərin Sığortalanması Fonduna qarşı “hesablanmış faiz və cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia tələbi belə əsaslandırılmışdır ki, bankla arasında 02.10.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ona illik 10 faiz olmaqla 120 ay müddətinə 327 400 manat kredit verilmiş, 2016-cı ildən biznes fəaliyyətində müəyyən çətinliklər yaranmış, manatın dollara münasibətdə məzənnəsinin aşağı düşməsi bu çətinlikləri daha da ağırlaşdırmış, aylıq ödənişlərin və faiz ödənişlərinin ödənilməsində müvafiq çətinliklər olmuşdur. Kredit müqaviləsinin müddəti başa çatmamışdır və 2016-cı ildən etibarən alınmış kredit üzrə faizlərin şişirdilməsi və faiz borclarının artımı müflisləşmə şəraitində həmin məbləğlərin ödənilməsini imkansız edir. Hazırki çətin vəziyyətdə bank, şəraitin dəyişməsini və digər halları nəzərə almaqla həmin dövr ərzində hesablanmış faiz borcu üzrə 77 721 manat, cərimə borcu üzrə 26 312 manat borcun silinməsini qəbul etməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə Fondun Cavabdeh qarşı iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 281 239,30 (iki yüz səksən bir min iki yüz otuz doqquz manat, otuz qəpik) manat əsas, 122 876,02 (bir yüz iyirmi iki min səkkiz yüz yetmiş altı manat, iki qəpik) manat faiz borcu, 1000 (bir min) manat cərimə borcu, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 405 145,32 (dörd yüz beş min yüz qırx beş manat, otuz iki qəpik) manat məbləğində pulun alınaraq bankaödənilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 188,7 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 450 000 (dörd yüz əlli min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh banka olan kredit borcunun ödənilməsi, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaitinin Cavabdeh qaytarılması, hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutulması, ipoteka predmeti satıldıqdan bir ay sonra boşaldılması, Fondun iddia tələbinin qalan hissədə, həmçinin Cavabdeh iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən ləğv prosesində olan İddiaçı ASC-nin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 may 2021-ci il tarixli qərarı ilə Fondun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli qətnaməsi “əmlakın ilkin satış qiymətinin 450 000 (dörd yüz əlli min) manat məbləğində müəyyən edilməsi” hssəsində ləğv olunaraq iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Fondun nümayəndəsi Ali Məhkəmənin qərarında şərh olunanlara istinadla və apellyasiya icraatı zamanı əldə olunan qiymətləndirmə rəyində göstərilən 440 000 manat qiymətinin reallığı əks etdirmədiyini bildirməklə ipoteka predmeti olan əmlaka real qiymət qoyulmasını xahiş etmiş, Cavabdeh isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin “Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 188,7 kv.m-dən ibarət olan qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin 450 000 (dörd yüz əlli min) manat məbləğində müəyyən edilməsi” hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamənin digər hissələri artıq kassasiya qaydasında yoxlanılmışdır. Kassasiya instansiyası məhkəməsi işi yeni apellyasiya baxışına göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən əmlakın likvid dəyərini deyil, "xxxx" MMC tərəfindən verilmiş 25 iyun 2019-cu il tarixli qiymətləndirmə hesabatında göstərilən qiyməti əsas götürmüşdür. Halbuki, “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Həmçinin həmin Qərardadda qeyd edilmişdir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Məlumdur ki, "Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özü-özlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, "İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A, C bloku, qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 450 000 manat məbləğində müəyyən edilməsi hissəsində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır”. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarındakı göstərişləri (hüquqi mövqeyi) nəzərə alaraq, həmçinin iş mаtеriаllаrını аrаşdırаrаq kollegiya hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarından aydın olur ki, 02 oktyabr 2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanarkən ipoteka predmetinin qiyməti 377 400 manat razılaşdırılmış, birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndiricinin rəyi ilə əmlaka 450 000 manat bazar qiyməti qoyulmuş, həm birinci instansiya məhkəməsi, həm də əvvəlki apellyasiya baxışı zamanı işə baxan məhkəmə tərkibi bu qiymətlə razılaşmışdır. Təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin mövqeyi nəzərə alınmaqla növbəti dəfə qiymətləndirmə keçirilmiş, "xxxx" MMC-nin 05 noyabr 2021ci il tarixli rəyi ilə Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 188,7 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin bazar qiymətinin 461 500 manat, likvid qiymətinin isə 440 000 manat təşkil etdiyi təsbit olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadında nəzərdə tutulmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Bu kontekstdə kollegiya, apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndiricinin müəyyən etdiyi likvid qiymətin əmlakın ilkin satış qiyməti olaraq müəyyənləşdirilməsini məqsədəmüvafiq hesab edir. Nəzərə alınmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); kollegiya da bu hüququndan istifadə etməklə müvafiq rəyi əldə etmiş, ağlabatan mühakimə əsasında həmin rəyin daha mötəbər olması nəticəsinə gəlmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, tərəflər 2014-cü ildə ipoteka müqaviləsi bağlayarkən əmlakı 377 400 manat məbləğində qiymətləndirmişlər; həmin tarixdən keçən müddət ərzində ölkədə daşınmaz əmlak qiymətlərinin artma tendensiyası göstərdiyi isə hər kəs tərəfindən bilinən reallıqdır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilməli, təkrar apellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmə xərci Cavabdeh alınaraq müvafiq hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-160/2020 saylı iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni “Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 188,7 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 450 000 (dörd yüz əlli min) manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilsin. Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 188,7 kv.mdən ibarət olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 440 000 (dörd yüz qırx min) manat müəyyən edilsin. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 300 (üç yüz) manat Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, hesab№:AZ30GUNA********************,Bank:"xxxx"ASC,VÖEN:**********,Müxbir hesab:AZ25NABZ**********00000479, KOD: 505594, SWİFT: GUNAAZ22) keçirilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7509/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7509/2021
16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver