Məhkəmə qərarları › İş №2(103)-751/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-751/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-751/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı İKB ASC-nin (hazırki “xxxxxxxxx” ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qəbul etdiyi 2(007)-241/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnamədən İddiaçı İKB ASC və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinəəsasən mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC (hazırki “xxxxxxxxx” ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 11996.19 ABŞ dolları əsas borc, 6134.05 ABŞ dolları faiz borcu, 10900.22 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 20030.46 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tərəfindən iddia ərizəsinə əlavə verilərək, cavabdehlərdən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 11996.19 ABŞ dolları əsas borc, 6134.05 ABŞ dolları faiz borcu, 10900.22 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış 525 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 20415.71 ABŞ dollarının və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çəxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-241/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 müştərək qaydada 10929.34 ABŞ dolları əsas, 4048.14 ABŞ dolları faiz borcunun, 190 ABŞ dolları cərimənin, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 532.50 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 15699.98 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) pulun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı İKB ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehlərin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bankla Cavabdeh1 arasında bağlanmış 22-M-1-0-1054-04 syalı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə uyğun olaraq iddiaçı qarşısında öhdəliklərini daim vaxtından əvvəl icra etmiş, aylıq ödənişləri həyata keçirmişdir. 2014-2015-ci illərdə yaranmış maliyyə böhranı ərəfəsində R.Həsənovun ödənişlərində müəyyən problemlər yaranmışdır. Bu səbəbdən də o, iddiaçıya müraciət edərək ödəniş qrafikinə yenidən baxılmasını xahiş etmiş, iddiaçı və cavabdeh R.Həsənov arasında kredit müqaviləsinə əlavə saziş imzalanaraq yeni ödəniş qrafiki tərtib edilmişdir. R.Həsənov tərəfindən banka yenidən ödənişlər edilmişdir. Lakin həmin ödənişlər əsas borcun deyil, yalnız cərimənin və faizlərin silinməsinə yönəlmişdir. R.Həsənov tərəfindən kredit müqaviləsi üzrə ödənişlər aparılan zaman ödənişlər onun üçün daha ağır olan tələbin ödənilməsinə yönəldilməli idi. Lakin R.Həsənov tərəfindən aparılmış ödənişlər onun cərimə və faiz borcunun silinməsinə yönəlmiş, nəticədə cavabdehlərin vəziyyəti ağırlaşmışdır. Məhkəmə tərəfindən zaminlərə münasibətdə iddia müddəti tətbiq edilməli və iddia tələbi zaminlərə münasibətdə rədd olunmalıdır. Zaminlik müqaviləsi xx.xx.2016-cı il tarixədək qüvvədə olduğu halda, iddia ərizəsi xx.xx.2018-ci il tarixdə verilmişdir. Belə olan halda zaminlərə qarşı borc tələbi istisna olunmalıdır. Məhkəmə tərəfindən yalnız iddiaçı tərəfin təqdim etdiyi subutlar nəzərə alınmış, onların iddia tələbinə dair izahatlarının, etirazlarının nəzərə alınmaması isə qətnamədə əsaslandırılmamışdır. Eyni zamanda qətnamədən narazı qalan İddiaçı İKB ASC (hazırki “xxxxxxxxx” ASC) tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, məhkəmə cavabdehlərin kredit borcunu əsas, faiz və cərimə hissəsində azaltmışdır. Halbuki Bank tərəfindən cavabdehlərə təqdim edilmiş ödəniş qrafikində onların vaxtı-vaxtında etməli olduqları ödənişlər qeyd edilmişdir. Lakin tərəf ödənişləri gecikmə ilə etmiş və həmin ödənişləri qrafik üzrə aparmamışdır. Bu fakt qətnamədə öz əksini tapmışdır. Məhkəmə tərəfindən əsas, faiz və cərimə borcu ekspert rəyinə uyğun olaraq azaldılmışdır. Ekspert rəyi tamamilə əsassızdır. Ekspert bankın təqdim etdiyi hesabdan çıxarışı araşdırmamışdır. Bununla bağlı iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməli və borc müəyyən edilməlidir. Hər iki apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması son olaraq xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər Cavabdeh1 məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İşdə iştirak edən şəxslər hazırki işə Cavabdeh1 iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı iddiaçınn nümayəndəsi öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək Bank tərəfindən məhkəmə qətnaməsinin əsas, faiz və cərimə borcunun tutulması hissələrində mübahisələndirildiyini, ekspert rəyinin isə qəbul edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Bununla bağlı iddiaçının nümayəndəsi öz apellyasiya şikayətinin təmin edilməsini, cavabdehlərin apellyasiya şkayətinə isə etiraz edərək onun təmin edilməməsini və qətnamənin qismən, iddianın təmin olunmayan hissəsində ləğv edilərək iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh3 cavabdehlərin apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək ekspert rəyinin qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Bununla bağlı cavabdehlərin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şkayətinə etiraz edərək onun təmin edilməməsini, qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 cavabdehlərin apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini, iddiaçının apellyasiya şkayətinə etiraz edərək onun təmin edilməməsini, iddiaçı ilə bağladığı zaminlik müqaviləsinə edilmiş əlavənin onun tərəfindən imzalanmadığını, buna görə də onun zaminliyinə xitam verilməsini, qətnamənin ləğv edilərək ona qarşı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi, ekspert rəyinin qəbul edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməlidir. Əvvəla qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə verilmiş hər iki apellyasiya şikayətində məhkəmə qətnaməsi cavabdehlərdən kredit borcunun tutulması hissəsində, cavabdehlərin apellyasiya şikayətində isə əlavə olaraq zaminlərə qarşı iddianın təmin edilməsi mübahisələndirildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılır. İş üzrə tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, 22-M-1-0-1054-14 saylı xx.xx.2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən İddiaçı İKB ASC tərəfindən Cavabdeh1 illik 28 faizlə 24 ay müddətinə 15000 ABŞ dolları kredit verilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur. xx.xx.2014-cü il tarixli kassa məxaric orderinə əsasən bank tərəfindən borclu Cavabdeh1 15000 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2018-ci il tarixli maliyyə arayışına görə Cavabdeh1 banka xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 11996.19 ABŞ dolları əsas borc, 6134.05 ABŞ dolları faiz borcu və 1900.22 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20030.46 ABŞ dolları borcu vardır. xx.xx.2014-cü il tarixli ödəniş cədvəlindən görünür ki, borclu 24 ay müddətinə hər ay 823.33 ABŞ dolları banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə Cavabdeh2 və Cavabdeh3 öz üzərinə borcun təminatı olaraq İddiaçı İKB ASC qarşısında zaminlik öhdəlikləri götürmüşlər. xx.xx.2015ci il tarixli əlavədən görünür ki, kreditin müddəti xx.xx.2017-ci il tarixinədək uzadılmışdır. xx.xx.2015-ci il tarixli ödəniş cədvəlindən görünür ki, borclu 24 ay müddətinə 3 ay güzəşt olunmaqla 11193.89 ABŞ dolları əsas, 3585.41 ABŞ dolları faiz borcunu ödəməlidir. xx.xx.2015ci il tarixli əlavədən görünür ki, kreditin müddəti xx.xx.2017-ci il tarixinədək uzadılmışdır. xx.xx.2015-ci il tarixli ödəniş cədvəlinə əsasən borclu 24 ay müddətinə 3 ay güzəşt olunmaqla 11996.19 ABŞ dolları əsas, 3842.44 ABŞ dolları faiz borcunu ödəməlidir. HD/M-5122 saylı xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyinə görə Bank tərəfindən xəbərdar edilmişdir. xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına görə İddiaçı İKB ASC məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bank tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən Cavabdeh1 qeyd edilən müqavilə üzrə 11996.19 ABŞ dolları əsas borc, 6134.05 ABŞ dolları faiz borcu və 1900.22 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20030.46 ABŞ dolları borcu vardır. Həmin borc məbləği borclu tərəfindən ödənilmədiyi üçün Bank hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası qismən təmin edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdi ki, xx xxxx 2014-cü il tarixli 22-M-1-0-1054-14 saylı kredit müqaviləsi üzrə bank üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin borclu bu müqavilə üzrə öhdəliyinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. İşə birinci instansiya qaydasında baxılarkən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 13332 saylı xx xxxx 2019-cu il tarixli ekspert rəyinə, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx xxxx 2014-cü il tarixli 22-M-1-0-1054-14 saylı kredit müqaviləsinin şərtlərinə əsasən məhkəmə Cavabdeh1 xx xxxxxxxx 2018-ci il tarixə banka olan borcunun ümumilikdə 14977.48 ABŞ dolları məbləğində, o cümlədən xx.xx.2018-ci il tarixə (maliyyə arayışı tarixinə, müqavilə müddəti başa çatdıqdan sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) 10929.34 ABŞ dolları əsas borc, 4048.14 ABŞ dolları faiz borcunun olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq mülki qanunvericiliyin sadalanan normalarını işin müəyyən edilmiş hallarına tətbiq etməklə cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bank tərəfindən tələb olunan 11996,19 ABŞ dolları məbləğində əsas borcun 10929,34 ABŞ dolları hissəsi həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində keçirilmiş ekspert rəyləri ilə təsdiqini tapdığı üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin məbləğdə əsas borcun tutulması barədə gəldiyi nəticə ilə razılaşır. Lakin kredit münasibətləri üzrə yaranmış faiz borcunun məbləği birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyinə əsasən düzgün müəyyən edilməmişdir. Belə ki, apellyasiya baxışı zamanı müəyyən olundu ki, faiz məbləğinin miqdarı müəyyən olunarkən ekspert qarşısında bununla bağlı sual qoyulanda kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə edilmiş əlavəyə əsasən kredit müqaviləsi müddətinin xx.xx.2017-ci il tarixədək uzadıldığı nəzərə alınmamışdır. Odur ki, apellyasiya baxışı zamanı faiz məbləğinin düzgün müəyyən edilməsi məqsədilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və müəyyən olunmuşdur ki, cari hesabdan çıxarış, maliyyə arayışının materialları, xx xxxx 2014-cü il tarixli 22-M-1-0-1054-14 saylı kredit müqaviləsinin, xx.xx.2015 və xx.xx.2015-ci il tarixli əlavələrin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 xx.xx.2017-ci il tarixə (sonuncu uzadılma tarixinə) banka olan əsas kredit borcu 10929.34 ABŞ dolları, faiz borcu 6466.56 ABŞ dolları olmaqla, ümumilikdə 17395.90 ABŞ dolları təşkil edir. xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cərimə borcunun hesablanması barədə hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspertiza zamanı borcalana cərimə borcu hesablanmamışdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilən 4048,14 ABŞ dolları məbləğində faiz dəyişdirilərək, ekspert rəyinə (həmin rəyə əsasən faiz 6466,56 ABŞ dolları müəyyən edilmiş) və iddia tələbinin həddinə (iddiada 5986,8 ABŞ dolları faiz tələb olunmuş) uyğun olaraq 5986,8 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bank tərəfindən tələb olunan 1900,22 ABŞ dolları məbləğində cərimənin MPM-nin 467-ci maddəsinə əsasən məhkəmə tərəfindən azaldılaraq 190 ABŞ dolları məbləğində müəyyən edilməsini ağlabatan, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən illik 5%-lə hesablanmış 532,5 ABŞ dolları məbləğində əldən çıxmış faydanın tutulması tələbinin isə əsaslı olduğunu nəzərə alaraq məhkəmə kollegiyası onun təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Zaminlərə qarşı iddia tələbinin təmin edildiyi hissələrdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Hazırki işdə Bank ilə borcalan arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlandıqdan sonra xx.xx.2015-ci il tarixdə kredit müqaviləsinə əlavə bağlanmış və kreditin müdəti xx.xx.2017-ci il tarixə kimi uzadılmışdır. Həmin əlavə iddiaçı və cavabdehlər tərəfindən imzalanmışdır. Sonradan xx.xx.2015-ci il tarixdə yenidən kredit müqaviləsinə əlavə edilmiş və kreditin qaytarılma müddəti xx.xx.2017-ci il tarixə kimi uzadılmışdır. Həmin əlavə Cavabdeh2 tərəfindən razılaşdırılmamış və onun tərəfindən imzalanmamışdır. Lakin işin bu halı birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, qətnamə iddia zamin Cavabdeh2 qarşı təmin olunan hissədə maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş və məhkəmənin gəldiyi həmin nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir (maddə 477.0.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2017-ci il tarixdən sonra xx.xx.2015-ci il tarixli əlavə ilə kredit müqaviləsi müddətinin 6 aya, yəni xx.xx.2017-ci il tarixədək uzadılması öhdəliyin dəyişdirilməsini ehtiva edir və bu dəyişdirmə zamin Cavabdeh2 məsuliyyətinin artmasına və onun üçün əlverişsiz nəticələrə səbəb olur. Belə ki, yeni şərtlərə əsasən müqavilə üzrə 6 ay müddətinə ödənilməli faiz öhdəliyinin yekun həcmi xeyli dərəcədə artmış olur. Digər tərəfdən zamin Cavabdeh2 razılığı olmadan əsas öhdəliyin müddətinin artırılması zaminliyə xitam verilməsi ilə bağlı Mülki Məcəllənin 477.0.4-cü maddəsində müəyyən edilmiş müddətlərin zaminin ziyanına uzanmasına səbəb olur. Beləliklə, baxılan iş üzrə xx.xx.2015-ci il tarixdə zamin Cavabdeh2 razılığı olmadan əsas müqavilə üzrə öhdəliklər dəyişdirildiyindən və bu dəyişdirilmə həmin zaminin məsuliyyətinin artmasına və onun üçün digər əlverişsiz nəticələrə səbəb olduğundan Mülki Məcəllənin 477.0.1ci maddəsinə əsasən Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh2 aid hissədə təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Digər tərəfdən qətnamənin Cavabdeh3 qarşı iddianın təmin olunmuş hissəsinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həm xx.xx.2015-ci, həm də xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə dair bağlanmış əlavələr zamin Cavabdeh3 tərəfindən imzalanmış və bununla da edilmiş dəyişikliklər həmin zaminlə razılaşdırılmışdır. Ona görə də, birinci instansiya məhkəməsi Cavabdeh3 münasibətdə iddianı təmin etməklə (iddianın təmin edildiyi hissədə) mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, cavabdehlərin apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Hər iki apellyasiya şikayətinin “kredit borcunun düzgün hesablanmaması” ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qətnamənin əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı həmin dəlilləri qismən qəbul edir. Cavabdehlər apellyasiya baxışı zamanı Banka olan borcun ödənilməsi nəticəsində daha az borcun qaldığını sübuta yetirə bilməmişlər. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bundan başqa kollegiya qeyd edir ki, zaminlik müqaviləsinə əlavədən görünür ki, müqavilənin müddəti xx.xx.2017-ci il tarixə kimi uzadılmış, iddiaçı tərəfindən məhkəməyə xx.xx.2018-ci il tarixdə iddia ərizəsi ilə müraciət edilmişdir ki, bu da cavabdehlərin dəlilləri əsasında zaminliyə bütünlükdə xitam verilməsini istisna edir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi iddianın Cavabdeh2 qarşı təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qətnamə “cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 4048,14 ABŞ dolları məbləğində faiz borcunun tutulması” hissəsində dəyişdirilərək, həmin faiz borcunun məbləği 5986,8 ABŞ dolları məbləğində müəyyən edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olaraq ödənilməli olan 150 manat iddianın qismən təmin edilməsi nəzərə alınaraq tərəflər arasında buna münasib bölüşdürülməli və və hər iki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği apellyantlara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393-cü və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı İKB ASC (hazırki “xxxxxxxxx” ASC) və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-241/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, iddianın Cavabdeh2 qarşı təmin olunan hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-241/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 4048,14 ABŞ dolları faiz borcunun tutulması” hissəsində dəyişdirilsin və tutulmalı olan faiz borcu 5986,8 ABŞ dolları məbləğində müəyyən edilsin, ödəniş qətnamənin icra olunduğu günə ABŞ dollarının manata olan məzənnəsi ilə həyata keçirilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat pulun 100 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada, 50 manatı isə İddiaçı İKB ASC-dən (hazırki “xxxxxxxxx” ASC) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hər iki apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumlarının məbləğləri apelyantlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar