Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7512/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı Cavabdeh2 və onun vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh2 Cavabdeh1 mənzil tikinti kooperativinə qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli 2(011)-6501/2016 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh2 Cavabdeh1 mənzil tikinti kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri Xətai rayonu Nobel prospekti, 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 96,5 kv.metr olan 2 otaqlı 8 saylı mənzilə Cavabdeh2 sərbəst giriş-çıxışının təmin edilməsi və Cavabdeh2 öz mülkiyyətində olan mənzildə təmir işləri aparılmasına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında imzalanmış müqaviləyə əsasən Cavabdeh2 Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri Xətai rayonu Nobel prospekti, 189A ünvanında inşa olunmuş 1 bloklu yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 96,5 kv.metr olan 2 otaqlı 8 saylı mənzili almışdır. Mənzilin dəyəri Cavabdeh2 tərəfindən tam ödənilmişdir. Bu barədə Cavabdeh1 MTK tərəfindən maliyyə arayışı da verilmişdir. Lakin Cavabdeh2 öz öhdəliklərini lazımınca yerinə yetirərək aldığı mənzilin dəyərini tam ödəməsinə baxmayaraq, Cavabdeh1 MTK hər dəfə müxtəlif bəhanələr gətirərək mənzili ona təhvil verməkdən imtina edir, onun öz mənzilini təmir edərək köçüb həmin mənzildə yaşamasına imkan vermir. Cavabdeh2 dəfələrlə Cavabdeh1 MTK-ya müraciət edərək, onun öz mənzilinə köçərək yaşamasına yaradılan maneələrin aradan qaldırılmasını və mənzilinin ona təhvil verilməsini tələb etsə də, bunun heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məcburiyyət qarşısında qalaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 3.2-ci bəndinə əsasən cavabdeh MTK tikinti-quraşdırma işlərini 24 ay ərzində başa çatdıraraq mənzili alıcıya təhvil vermək öhdəliyini üzərinə götürmüşdür. Lakin iddia qaldırılan tarixə mənzilin dəyərinin ödənilməsindən artıq 4 il 8 ay, cavabdehin üzərinə götürdüyü müddətdən isə 2 il 8 ay keçməsinə baxmayaraq, mənzil hələ də Cavabdeh2 təhvil verilməmişdir. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri Xətai rayonu Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 141,5 kv.metr olan 3 otaqlı, yerləşmə sxemində göstərilmiş 38 saylı mənzilə və həmin binanın 13-cü mərtəbəsində ümumi sahəsi 141,5 kv.metr olan 3 otaqlı, hazırkı iş materiallarına əlavə edilmiş yerləşmə sxemində göstərilmiş 78 saylı mənzilə Cavabdeh2 sahiblik və istifadə hüququnun tanınması, mənzillərə və binaya daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Dəqiqləşmiş iddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsi məhkəməyə verilərkən texniki səhvə yol verilmiş və səhvən 8 saylı mənzilin Cavabdeh2 məxsus olması bildirilmişdir. 19 iyun 2008-ci il tarixli müqavilə əsasında Cavabdeh2 1-ci blok 13-cü mərtəbədə 141,5 kv.metr sahəsi olan 78 saylı mənzil, 05 sentyabr 2008-ci il tarixli müqavilə əsasında isə 1-ci blok 8ci mərtəbədə 141,5 kv.metr sahəsi olan 38 saylı mənzil satılmışdır. Bundan əlavə, məhkəmə ilə birlikdə keçirilmiş yerli baxış zamanı binaya daxil olarkən də binaya baxan nəzarətçilər tərəfindən maneələr yaradıldığı, həmçinin mənzillərin nömrələnməsində yanlışlıqların olduğu məlum olmuşdur. Mənzil alınarkən ona müqavilə və maliyyə arayışı ilə birlikdə mənzilin yerləşmə sxemi də verilmişdir. Həmin yerləşmə sxemində ona satılan 78 saylı və 38 saylı mənzillərin yerləşdiyi sahə, otaqların sayı və ölçüləri dəqiqliklə öz əksini tapmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli 2(011)-6501/2016 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh2 Bakı şəhəri Xətai rayonu Nobel prospekti, 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbəsində sahəsi 141,5 kv.metr olan 3 otaqlı 38 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması, Cavabdeh2 Bakı şəhəri Xətai rayonu Nobel prospekti, 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok 13-cü mərtəbəsində sahəsi 141,5 kv.metr olan 3 otaqlı 78 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması, Cavabdeh2 həmin mənzillərə və binaya daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda mübahisə predmeti olan mənzil qanuni əsaslarla 08 fevral 2011-ci il tarixli 21 saylı alqı-satqı müqaviləsi əsasında ona satılmış və o hazırda həmin mənzilin mülkiyyətçisidir. Həmin müqavilənin 1.1.-ci bəndinə əsasən müqavilənin əsas predmeti Bakı şəhəri Nobel prospekti, 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbədə ümumi sahəsi 141,2 kv.m olan 3 otaqlı 48 saylı mənzildir. Mənzilin dəyəri 42360 manat təşkil edir. Maliyyə arayışında qeyd olunur ki, o, mənzilin dəyərini "xxxx" MTK-ya tam ödəmiş və mənzil onun mülkiyyətindədir. Mənzilin qanuni mülkiyyətçisi o ola-ola məhkəmə bu halı araşdırmamış, nəticədə onun mülkiyyət hüquqlarını pozan qətnamə qəbul etmişdir. O, işə cəlb edilməmiş, işə onun iştirakı olmadan baxılmışdır. Cavabdeh2 müqaviləsi formal olaraq bağlanmış, Cavabdeh2 həmin mənzilə görə Cavabdeh1 MTK-ya ödəniş etməmiş, mənzilin dəyərini ödəmədiyi üçün mənzilə mülkiyyət hüququ əldə etməmişdir. Bundan əlavə, Cavabdeh2 müqaviləsi o, mənzili aldıqdan çox-çox sonra MTK rəhbərliyi dəyişdikdən sonra tərtib olunmuşdur. İşin halları ondan ibarətdir ki, Cavabdeh1 MTK-nın keçmiş və indiki rəhbəri arasında məhkəmə mübahisəsi olmuşdur. Belə ki, keçmiş rəhbər X3 cavabdehlər X4 və qeyrilərinə qarşı ümumi yığıncağın protokolunun ləğvi, iddiaçı X4 isə cavabdeh X2 qarşı möhürün və sənədlərin təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2013-cü il tarixli qətnaməsi ilə İ.Qasımovun iddiası rədd edilmiş, S.İbrahimovun iddiası isə təmin edilmiş, MTK-nın fəaliyyətinə dair bütün sənədlərin, o cümlədən yaşayış və qeyri-yaşayış sahələrinin müqavilələrinin S.İbrahimova təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə icra edilmiş və bütün sənədlər icraçı vasitəsilə S.İbrahimova təhvil verilmişdir. Lakin qətnamə icra olunarkən təhvil verilən sənədlərin içərisində və siyahıda Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında imzalanan müqavilə olmamışdır. Əksinə həmin təhvil verilmiş sənədlərin içərisində olan cədvəldən müəyyən olunur ki, 1-ci blok 8-ci mərtəbədə sahəsi 141,5 kv.metr olan 3 otaqlı 48 nömrəli mənzilin mülkiyyətçisi İddiaçıdur. Bu o deməkdir ki, Cavabdeh2 ilə imzalanan müqavilə qətnamənin icra edilməsindən sonra Cavabdeh1 MTKnın sədri S.İbrahimov tərəfindən geri tarixlə tərtib edilmişdir. Onunla Cavabdeh1 MTK arasında müqavilə bağlanan zaman həmin mənzil onun mülkiyyətində olmuşdur. Hesab edir ki, Cavabdeh2 2008-ci ildə aldığı mənzillə ötən 10 il ərzində maraqlanmaması suallar doğurur. Şəxsin öz mülkiyyətindəki böyük dəyərə malik olan əmlakla 10 il ərzində maraqlanmaması, əmlakın ona qaytarılması ilə bağlı məhkəməyə müraciət etməməsi məntiqə uyğun deyil. Bu bir daha onu göstərir ki, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında imzalanan müqavilə formal olaraq sonradan imzalanmışdır. Həmin müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır, ona görə də etibarsız hesab olunmalıdır. Bundan əlavə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli 2(011)-307/2019 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək İddiaçıla Cavabdeh1 MTK arasında imzalanmış 08 fevral 2011-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Nobel prospekti, 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbəsində liftdən solda yerləşən ümumi sahəsi 141,2 kv.m olan 3 otaqlı 48 nömrəli mənzilinin Cavabdeh1 MTK tərəfindən İddiaçı təhvil verilməsi, həmin mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınması və həmin mənzildən istifadəyə və mənzili təmir etməsinə maneçilik törədilməsinin cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qadağan edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunub iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hər iki apellyasiya şikayəti üzrə mülki işlər bir icraatda birləşdirilərək baxılmış, Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilərək həmin qətnamə hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılan hissədə, yəni “Cavabdeh2 Bakı şəhəri Xətai rayonu Nobel prospekti, 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbəsində sahəsi 141,5 kv.metr olan 3 otaqlı 38 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması, Cavabdeh2 həmin mənzilə daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması” hissəsində ləğv edilmiş, həmin hissədə Cavabdeh2 iddia tələbinin təmin edilməməsi qət edilmiş, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli 2(011)-307/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 may 2021-ci il tarixli qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi “Cavabdeh2 Bakı şəhəri Xətai rayonu Nobel prospekti, 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbəsində sahəsi 141,5 kv.metr olan 3 otaqlı 38 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması, Cavabdeh2 həmin mənzilə daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması” hissəsində ləğv edilərək, həmin hissədə Cavabdeh2 iddia tələbinin təmin edilməməsi» hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün yeni apellyasiya baxışına qaytarılmış, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı Cavabdeh2 və onun vəkili X9 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və qətnamə ilə maraqlarına toxunulan şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli 2(011)- 6501/2016 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Həmin qətnaməni ləğv edən Azərbaycan Respublikasının Ali Məhkəməsi 20 may 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “müqavilədə Cavabdeh2 Pənah oğluna məxsus 48 saylı mənzilin texniki səhv olaraq 38 saylı mənzil kimi qeyd edilməsi barədə Cavabdeh1 MTK tərəfindən verilmiş 28.02.2020-ci il tarixli arayış mübahisəli mənzilin Cavabdeh2 Pənah oğluna məxsus olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin arayışda qeyd olunanlar digər iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarında olan Nərimanov Rayon İcra şöbəsinin icra məmurları Zamiq Kazımov və Nüsrət Cahangirov tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05.03.2013-cü il tarixli 2(011)-737/2013 saylı icra sənədinin icrası ilə bağlı tərtib olunmuş 03.04.2015-ci il tarixli akta əlavə olunmuş, Bakı şəhəri Nobel prospekti, 189a ünvanında inşa etdiyi yaşayış binasında mənzil almış payçıların siyahısından müəyyən olunur ki, həmin binanın 1-ci blok 8-ci mərtəbəsində ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı 48 saylı mənzil payçı İddiaçı tərəfindən, 38 saylı mənzil X6 tərəfindən, 78 saylı mənzil isə X8 tərəfindən əldə edilmişdir. Həmin siyahıda payçı kimi X1 adının olması müəyyən edilməmişdir. Məhkəmə Bakı şəhəri Nobel prospekti, 189a ünvanında inşa edilən binanın 1-ci blok 8-ci mərtəbəsində ümumi sahəsi 141,2 kv.m olan 3 otaqlı 48 saylı mənzilin İddiaçı məxsus olmasını müəyyən etmiş və MTK tərəfindən verilmiş həmin binada olan 38 saylı mənzillə 48 saylı mənzillərin eyni mənzillər olmasını təsdiq edən arayış isə mötəbər sübut olaraq qəbul etməmişdir. Belə olan halda məhkəmənin gəldiyi nəticədən aşkar olaraq müəyyən olunmuş olur ki, İddiaçı məxsus olan mənzillə Cavabdeh2 aid olan mənzil üst-üstə düşməməklə fərqli mənzillərdir. Məhz İddiaçı şikayəti əsasında Cavabdeh2 iddiasının rədd olunması nəticəsinə gələrkən məhkəmə İddiaçı belə mübahisəldirməyə hüququnun olub-olmamasını yoxlamalı olduğu halda belə araşdırmanın aparılmasını təmin etməmişdir. Nəzərə alınmalı olan məqamlardan bir isə ondan ibarətdir ki, Bakı şəhəri Nobel prospekti 189a ünvanında yerləşən binanın 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141,2 kv.m olan 3 otaqlı 38 saylı mənzili X6 tərəfindən əldə edilmişdir.” İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli 2(011)-307/2019 saylı qətnaməsi ilə İddiaçı Bakı şəhəri Nobel prospekti, 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbəsində liftdən solda yerləşən ümumi sahəsi 141,2 kv.m olan 3 otaqlı 48 nömrəli mənzilin üzərində sahiblik və istifadə hüquqları bərpa olunmuş, həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəyə minmişdir. İddiaçı həmin binadan cəmi 1 mənzil, yəni 48 saylı mənzili almış və mənzil üzərində onun hüquqları bərpa olunmuşdur. Bundan əlavə, 38 saylı mənzilin sahəsinin 141,5 kv.m, 48 saylı mənzilin sahəsinin isə 141,2 kv.m olmaqla, habelə mənzillər ayrı-ayrı şəxslərə satılmaqla fərqli mənzillər olması iş materialları ilə təsdiq olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Bakı şəhəri Xətai rayonu Nobel prospekti, 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbəsində sahəsi 141,5 kv.metr olan 3 otaqlı 38 saylı mənzillə bağlı hər hansı şəxsin sahiblik və istifadə hüququnu mübahisələndirmək hüququ yoxdur. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə onun apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli 2(011)-6501/2016 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7512/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7512/2021
15.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver