Məhkəmə qərarları › İş №2(103)-7512/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7512/2023

25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7512/2023 25.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (kredit borcu və ipoteka predmetinə yönəldilmə) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı" kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi “ tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2033/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı «Amrahbank” ASC Cavabdeh qarşı xx.xx.2009-cu il tarixli 404/a saylı Kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə kredit üzrə borcu cəmi 5706.28 manat - bundan 3350 manat əsas borc, 255.85 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 2100.43 manat faiz borcu və iş üzrə ödənilmiş 77.06 manat dövlət rüsumunun, Cavabdeh xx.xx.2009-cu il tarixli 250/a saylı Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə kredit üzrə borcu cəmi 16660.94 manat - bundan 8515.35 manat əsas borc, 3199.03 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 4946.56 manat faiz borcu və iş üzrə ödənilmiş 139.98 manat dövlət rüsumunun cavabdehdən tutulması , tutmanın həmin kreditlərin ipoteka predmeti olan “BMW- 540” minik markalı (Buraxılış ili-1999, Ban- WBADN61070GG87540), rəngi tünd göy, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2033 saylı işi üzrə 12 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş , Cavabdeh xx.xx.2009-cu il tarixli 250/a saylı Kredit müqaviləsi üzrə 8515.35 manat əsas borc, 2607.96 manat faiz borcu, xx.xx.2009-cu il tarixli 404/a saylı Kredit müqaviləsi üzrə 3350 manat əsas borc, 255.85 manat faiz borcu olmaqla cəmi 14729,16 manat və 217.04 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, 01 sentyabr 2009-cu il tarixli 404/a nömrəli və 14 yanvar 2009-cu il tarixli, 250/a nömrəli kredit müqavilələri üzrə borc tələbi üzrə tutma “BMW-540” minik markalı (Buraxılış ili-1999, Ban-WBADN61070GG87540), **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və ondan əldə ediləcək vəsaitin cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra girov qoyulmuş əmlakın satışından qalan məbləğin Cavabdeh qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi və iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinin Cavabdeh tutularaq, 145 manat məbləğində pulun Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 279, 295, 298.1,298.2, 385.1, 442, 443.1,445.7, 462.1, 448.1,448.2, 449.1, 449.4 465.2, 739.2; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1 119.1, 80, 217.4-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, ddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmiş iddia tələbi 14 yanvar 2009-cu il tarixli, 250/a nömrəli kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslıdır, lakin faiz borcunun tutulması hissəsində qismən əsaslıdır, 01 sentyabr 2009-cu il tarixli 404/a nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcun tutulması hissəsində tam əsaslıdır və təmin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5028 №li rəyini nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2009-cu il tarixli 250/a saylı Kredit müqaviləsi üzrə 8515.35 manat əsas borc, 2607.96 manat faiz borcu; xx.xx.2009- cu il tarixli 404/a saylı Kredit müqaviləsi üzrə 3350 manat əsas borc, 255.85 manat faiz borcu tutulmalı, iddia tələbinin “müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5 faiz dərəcəsi ilə faiz hesablamaqla cavabdehdən 2100,43 manat və 4946,56 manat məbləğində faiz borcunun tutulması” hissədə rədd edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının qanuni qüvvəsini almış 2-3(103)-130/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılması və Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Hüquqi nəticə etibarı ilə xx.xx.2020-ci il tarixdən sonra İddiaçı ASC faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu itirmişdir. Bu onunla bağlıdır ki, ləğv prosesində olan Bank həmin tarixdən artıq fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirə bilmir. Belə olan halda onun əldən çıxmış faydası da ola bilməz. 01 sentyabr 2009-cu il tarixli 404/a nömrəli və 14 yanvar 2009-cu il tarixli, 250/a nömrəli kredit müqavilələri üzrə borc tələbi tələbin cavabdehə məxsus olan və bank qarşısında ipoteka ilə yüklü edilmiş “BMW-540” minik markalı (Buraxılış ili-1999, Ban-WBADN61070GG87540), **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi hissəsində əsaslıdır və təmin edilməli, borc tələbi “BMW540” minik markalı (Buraxılış ili-1999, Ban-WBADN61070GG87540), **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməlidir.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilən hallar:- İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2009-cu il tarixli, 250/a nömrəli “Kredit müqaviləsi”nə əsasən Cavabdeh 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 10530 manat məbləğində kredit verilmişdir;- 01 sentyabr 2009-cu il tarixli “Əlavə razılaşma”ya əsasən İddiaçı ASC və Cavabdeh 14 yanvar 2009-cu il tarixli, 250/a saylı kreditin təminatlılığını nəzərə alaraq əlavə 3500 AZN kredit vəsaiti ayrılır. Kredit və ona hesablanmış faizlər “Borcalan” tərəfindən 01 sentyabr 2010-cu il tarixinə qədər qaytarılır və kredit üzrə faizlər dəyişməz olaraq qalır;- İddiaçı ASC ilə Cavabdeh arasında bağlanan 01 sentyabr 2009-cu il tarixli, 404/a nömrəli “Kredit müqaviləsi”nə əsasən Cavabdeh 12 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 3500 manat məbləğində yenidən kredit verilmişdir;- İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli “kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair” bildirişlərdən görünür ki, borcludan 3 gün müddətində banka olan borcunun ödənilməsi tələb edilmişdir;- xx.xx.2009-cu il tarixli, № 404/ag girov müqaviləsinə əsasən “Girovqoyan” - Cavabdeh Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan “BMW-540” minik markalı (Buraxılış ili-1999, BanWBADN61070GG87540), **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili “Girovsaxlayan” - İddiaçı ASC-yə girov qoymuşdur;- 15 sentyabr 2022-ci il tarixli maliyyə arayışının surətinə əsasən Cavabdeh 8 sentyabr 2022-ci il tarixinə 14 yanvar 2009-cu il tarixli, 250/a nömrəli Kredit müqaviləsi üzrə 16660.94 manat, bundan 8515.35 manat əsas borc, 3199.03 manat faiz borcu, illik 5%-lə hesablanmış 4946.56 manat faiz borcu, illik 5%-lə hesablanmış 4946.56 manat faiz borcu təşkil edir;- 13 fevral 2023-cü il tarixli maliyyə arayışının surətinə əsasən , Cavabdeh 30 yanvar 2023-cü il tarixinə 01 sentyabr 2009-cu il tarixli, 404/a nömrəli Kredit müqaviləsi üzrə 5706.28 manat - bundan 3350 manat əsas borc, 255.85 (iki yüz əlli beş manat 85 qəpik) manat faiz borcu, illik 5%-lə hesablanmış 2100.43 manat faiz borcu təşkil edir;- Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “BMW- 540” minik markalı (Buraxılış ili-1999, Ban-WBADN61070GG87540), **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına qeydiyyata alınmışdır;- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5028 №-li ekspert rəyinin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2009-cu il tarixli, 250/A saylı və xx.xx.2009-cu il tarixli 404/A saylı kredit müqavilələrinin qeyd olunan şərtlərini nəzərə alınaraq Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə onun tərəfindən aparılmış bütün ödənişlər nəzərə alınmaqla hər iki müqavilə üzrə sualda soruşulan tarixlərə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2009-cu il tarixli, 250/A saylı kredit müqaviləsi üzrə xx.xx.2011-ci il tarixə tarixə (müqavilənin bitdiyi tarixə): əsas borc üzrə - 8515,35 manat, faiz borcu üzrə - 2607,96 manat. xx.xx.2023-cü il tarixə (rəyin tərtib edildiyi tarixə): əsas borc üzrə - 8515,35 manat, faiz borcu üzrə - 2607,96 manat. xx.xx.2009-cu il tarixli, 404/A saylı kredit müqaviləsi üzrə xx.xx.2010-cu il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borc üzrə 3350,00 manat, faiz borcu üzrə - 793,23 manat.xx.xx.2023- cü il tarixə (rəyin tərtib edildiyi tarixə):əsas borc üzrə - 3350,00 manat, faiz borcu üzrə -1510,72 manat müəyyən edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı ASC apellyasiya şikayəti verərək, LPO “Amrahbank" ASC-nin apellyasiya şikayətini təmin edilməsini, Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-2033/2023 saylı qətnaməsini qismən təmin edilməyən kredit müqavilələri üzrə faiz məbləğləri və əldən çıxmış fayda olaraq, illik beş faiz hissəsində ləğv edilməsini və LPO “AmrahBank" ASC-nin iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. X6 Hüquqları Məhkəməsinin “Elsholz Almaniyaya qarşı iş üzrə” 2000-ci il 13 iyul tarixli, “ Blucher Çex Respublikasına qarşı iş” üzrə 2005-ci il 11 yanvar tarixli, “ Van de Hurk Hollandiya qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına; AR Mülki Məcəlləsinin 445.1-445.9-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinadən qeyd edilmişdir ki, əldən çıxmış fayda olaraq, kreditorun xeyrinə borcludan faiz məbləğinin tutulmaması hissəsində qətnamə əsassızdır və ləğv edilərək həmin hissədə də iddia təmin edilməlidir. Bundan başqa, kredit müqaviləsi üzrə kredit borc məbləği barədə məhkəməyə təqdim etdikləri maliyyə arayışı, hesabdan çıxarış məlumatları əsasında ekspertizanın rəyinə əsasən faiz borcu hissəsində olan azalma da əsassızdır və iddia tələbi həmin hissədə də tam təmin edilməlidir, kifayət qədər azaldılmış faizlər üzrə əsaslı nəticə əldə etmək üçün konkret suallar əsasında iş üzrə təkrar komission məhkəmə mühasibatlıq ekspertizası keçirilməlidir. Məhkəmə iş materiallarında olan kredit və maliyyə sənədlərinə əsasən, borclunun kreditor qarşısında əldən çıxmış faydanın hüquqi mahiyyətini nəzərə almamış və illik beş faiz üçün sübutların mövcudluğu baxımından iddianın əsaslılığına düzgün qiymət verməmişdir.Yəni, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Həmçinin, uzun müddətdir ki, Amrahbank da daxil olmaqla, ləğv prosesində olan digər bankların işləri üzrə verilən ekspert hesablamalarını bank əməliyyat sistemi üzrə uzlaşmayan yüksək peşəkarlıq və dəqiqlikdən uzaq olmasını nəzərə alınsa, məhkəmənin ekspert rəyini mötəbər sübut növü kimi nəzərə alması qanuni və ədalətli deyildir. Bu səbəbdən də iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməli və daha mötəbər komission ekspert rəyi alınmalıdır . Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X3 hazırkı iş üzrə iki kredit müqviləsinin bağlandığını, 1-ci kredit müqaviləsi üzrə kreditin təminatı imkan verdiyi üçün kredit ayrılmasına etiraz edilməməsi ilə bağlı razılşama olduğunu və sonradan 01 sentyabr 2009-cu il tarixli, 404/A nömrəli kredit müqaviləsi əsasında 1-ci kredit müqaviləsindən əlavə yenidən kredit verildiyini, növbəti müqavilənin isə 14 yanvar 2009-cu il tarixli olduğunu qeyd etmişdir. 14 yanvar kredit müqaviləsi üzrə 10500 manat, 01 sentyabr 2009cu il tarixli kredit müqaviləsi üzrə isə 3500 manat məbləğində kredit verildiyini bildirmiş, kredit müqaviləsinin müddəti bitəndən sonra 14 yanvar tarixli kredit müqaviləsi üzrə 4946 manat, illik beş faizlə hesablanmaqla 56 qəpik faiz borcu, 01 sentyabr 2009-cu il tarixli 404/A kredit müqaviləsinin müddəti bitəndən sonra illik beş faizlə hesablanmaqla 2100 manat 43 qəpik faiz borcunun hesablandığını qeyd etmiş, lakin birinci instansiya məhkəməsinin işə baxarkən bu halı nəzərə almadığını və bunu görə də iddia tələbinin tam təmin edilmədiyini və birinci instansiya məhkəməsinin bu mövqeyi ilə də razı olmadığını, ekspert rəyi ilə də razı olmadığını, bu müddət ərzində müqavilədə nəzərdə tutulsa da dəbbə pulunun tələb edilməməsinin əsas səbəbinin müəssisədə olan iş çoxluğu ilə əlaqəli olduğunu qeyd edərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məlumatlandırılması üçün qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 276-300, 307-321, 324, 385-390, 425.1, 427.3, 442, 443.1, 445, 448.1, 560, 739, 741, 743, 744; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82, 119, 217.4, 385-390-cı maddələrinə, kredit və ipoteka müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız, ziddiyyətli və aidiyyəti olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran , habelə ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən etmir və apellyasiya şikayətinin özünün dəlillərini hüquqdan sui-istifadəyə yönəlmiş cəhd kimi qiymətləndirir. Qeyd edilənlərdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və ekspertiza üzrə məhkəmə xərci isə onu ödəyən şəxsə aid edilməlidir.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən: Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Məcəllənin 443.1-ci maddəsinin ikinci cümləsində göstərildiyi kimi, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.

11. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Yuxarıda təsvir olunan mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor, bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə bilərdi. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Əgər bank vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ümumi faizdən daha yüksək olan faiz ödənilməsini tələb etmək istəyirsə, bu zaman o, öz iş strukturunun xüsusiyyətləri və ya konkret halın şərtləri əsasında borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə bilməsini təsvir etməlidir. Bu ehtimal borc alan tərəfindən təkzib edilə bilər. Belə ki, o, bankın konkret şəraitə əsasən müvafiq məbləği yenidən borc verə bilməsinin qeyrimümkünlüyünə dair əks sübut gətirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, banklar və kredit təşkilatları bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın bütün inkişaf etmə imkanlarından istifadə etməklə yanaşı, eyni zamanda əhaliyə kredit verilərkən, kredit müqaviləsi üzrə nəzərdə tutulan faiz dərəcələrini əhalinin maliyyə və iqtisadi vəziyyətini nəzərə almaqla mütənasib şəkildə müəyyənləşdirməyə çalışmalıdırlar.

12. Kredit müqavilələrinin təhlilindən görününr ki, kreditorun (iddiaçının) borcludan (cavabdehdən) dəbbə pulu tələb etmək hüququ olmuş lakin bunu tələb etməmiş, cavabdeh tərəfindən pozuntunun baş verdiyi zamandan uzun müddət keçməsinə baxmayaraq bu müddət ərzində iddiaçı tələb hüququndan istifadə etməmiş və tələbin beş faiz hissəsində qanunvericiliyin tələbinə əsasən zəruri əsaslandırma, habelə bu əsaslara dair mötəbər sübutlar təqdim etməmişdir. Ekspertiza tərəfindən müəyyən edilən faizlərə dair də təkzibedici sübutlar təqdim etməmişdir.

13. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2033/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar