Məhkəmə qərarları › İş №2(103)-7515/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7515/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7515/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı "borc” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-298/2021 saylı işi üzrə 15.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "Unisem” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 77659,35 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun ümumilikdə 77689,35 manat pulun nağd şəkildə tutularaq "Unisem” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqaviləsinin bağlanmasına əsasən iddiaçı ilə Cavabdeh arasında bağlanmış 24.06.2019-cu il tarixli, 068019 saylı alqısatqı müqaviləsinə əsasən satıcı (iddiaçı) müqavilə predmetini, yəni ümumilikdə dəyəri 101159,35 manat təşkil edən beton və sement məhsulları alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə əşyanın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür (iş.səh.39), Cavabdeh yazdığı 30.11.2019-cu il tarixli qəbzinə əsasən, o,07.10.2019-cu il tarixdə yazılı verdiyi izahata görə İddiaçı MMC-yə olan 77.659,35 manat borcunu həftədə 20000 manat olmaqla ödəməyə öhdəlik götürmüşdür. (səh.107), İddiaçı MMC-nin direktoru N.Ağayev, satış təmsilçisi Aydın Hacıyev, təchizatçı Namazov Asif və Cavabdeh tərəfindən tərtib edilmiş 30.11.2019-cu il tarixli aktla Cavabdeh İddiaçı MMC-nin ofisində olmuş, "Unisem” MMC-yə 77.659,35 manat borcunun olduğunu təsdiq etmiş, 07.12.2019-cu il tarixədək ödəyəcəyinə söz vermişdir (səh.106), Cavabdeh yazdığı 07.10.2019-cu il tarixli ərizə ilə İddiaçı MMC-dən 101159,35 manat dəyərində kisə və qalaq məhsulu almış, 23500 manat ödəniş etmişdir. Bir aydır ki, 77659,35 manat qalıq borcunu ödəməyə çətinlik çəkir. Hər həftə 20000 manat ödəməklə pulu tam şəkildə bağlamağı öhdəsinə götürür (səh.108), 10.02.2020-ci il tarixli bildirişinə əsasən, Cavabdeh borcunu ödəmədiyi təqdirdə qanunvericiliyin tələbləri qaydasında tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir (səh.41). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-298/2021 saylı işi üzrə 15.03.2021-ci -ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədə Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4; Mülki Məcəllənin 385.1, 425.1, 442, 567-ci, 568.1, 597.1, 601.1-ci və 600.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdehin 24.06.2019-cu il tarixli, 068019 saylı müqavilə üzrə 77.659,35 manat əsas borcu yaranmışdır. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 298/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsini apellyasiya qaydasında ləğv edib, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 60; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1, 384.0.2, 385.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Pandemiya ilə əlaqədar tikinti işləri dayanması səbəbi ilə ödənişlərin ödənilməsində çətinlikləri olmuşdur. Bununla bağlı İddiaçı MMC-yə yazılı izahat ilə müraciət edərək borc məbləğinin həftəlik hissə-hissə ödənilməsinə möhlət verilməsini istəmişdir. Buna baxmayaraq, qeyd etdikləri iddiıçı tərəfindən nəzərə alınmamış və borcun nağd şəkildə birdəfəlik ödənilməsinə dair məhkəməyə müraciət olunmuşdur. Həmin məbləğin birdəfəlik ödənilməsi onun üçün çox çətindir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 324, 385-390, 739-746; Mülki Prosesual Məcəllənin 14.2, 48-49,72, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz, şikayət verənin borcunun hissə-hissə ödənilməsi barədə dəlilləri müqavilə üzrə öhdəliklərinin pozulması halında tələbə müvafiq aidiyyəti yoxdur. Apellyasiya şikayəti əsassız olduğundan apellyasiya instansiyasına müraciətlə bağlı məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, cavabdeh tərəfindən irəli sürülən dəlillər məhkəmədən kənar prosedur qaydasında tərəflərin yenidən hər hansı razılığa gəlmək imkanların məhdudlaşdırmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-298/2021 saylı işi üzrə 15.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar