Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7516/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Nuriddin oğlunun cavabdehlər X1 Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh1 MMCyə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-7516/2022 (Açar sözlər: qeydlərin silinməsi) Bakı şəhəri 30 noyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, cavabdeh LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Nuriddin oğlunun cavabdehlər X1 Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh1 MMC-yə qarşı borcun olmaması və sair tələbinə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-3765/2022 saylı 15 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə 30 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Nuriddin oğlu ilə Cavabdeh3 ASC arasında bağlanmış 18 oktyabr 2012-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank borcalan İddiaçı Nuriddin oğluna 1.094.261 ABŞ dolları məbləğində kredit verməyi, borcalan müqaviləyə əsasən krediti qəbul etməyi və müqavilədə göstərilən müddətdə krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə öhdəsinə götürmüşdür. Tərəflər arasında həmin kredit müqaviləsi üzrə yaranmış məhkəmə mübahisəsi üzrə Ali Məhkəmənin qüvvədə olan 2(102)-6689/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərarı ilə iddiaçının həmin bank qarşısında heç bir kredit borcunun olmadığı müəyyən edilmişdir. Həmin Qərarda bankın İddiaçı Nuriddin oğluna qarşı qeyd olunan kredit müqaviləsi üzrə iddia tələbi rədd olunarkən məhkəmə kollegiyası qərarını həm də onunla əsaslandırmışdır ki, “digər tərəfdən mülki iş materialları ilə müəyyən olunur ki, bank 18 oktyabr 2012-ci il tarixli kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən cavabdehə 1.094.261 manat məbləğində kredit verməyi öhdəsinə götürsə də, həmin müqavilə üzrə öhdəliyini icra edib qeyd olunan kredit məbləğini ümumiyyətlə cavabdehə verməmişdir. İddiaçı təşkilatın rəsmi məlumatından da görünür ki, bankda kredit məbləğinin cavabdehə verilməsini özündə ehtiva edən kassa məxaric orderlərinin əsli və ya lazımi qaydada təsdiq edilmiş surətləri yoxdur.”
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Nuriddin oğlu cavabdehlər X1 Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh1 MMCyə qarşı borcun olmaması və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Nuriddin oğlu ilə “Bank Technique” (Cavabdeh3) ASC arasında bağlanmış 18 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı Nuriddin oğlunun həmin bank qarşısında kredit (borc) öhdəliyinin olması və gecikdirilməsi barədə qeydlərin silinməsi üçün zəruri sənədlərin və məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə və həmin reyestrdə iddiaçının kredit tarixçəsində müvafiq düzəlişlərin aparılması məqəsədi ilə Cavabdeh1 MMC-yə təqdim edilməsinin, müvafiq bank əməliyyat sistemində bununla bağlı düzəlişlərin aparılmasının, habelə iddiaçıya həmin kredit müqaviləsi üzrə borcun olmaması barədə müvafiq arayışın verilməsinin cavabdeh X1 Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi, İddiaçı Nuriddin oğlu ilə “Bank Technique” (Cavabdeh3) ASC arasında bağlanmış 18 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə kredit tarixçəsinə düzəlişlərin edilməsi, kredit tarixçəsində iddiaçının “Bank Technique” (Cavabdeh3) ASC qarşısında kredit (borc) öhdəliyinin olması barədə qeydlərin silinməsi, iddiaçının həmin bank qarşısında borcunun olmaması, sözügedən kredit müqaviləsi üzrə kreditor tərəfindən İddiaçı Nuriddin oğluna heç vaxt hər hansı borc məbləğinin verilməməsi barədə məlumatların daxil edilməsi, habelə iddiaçının fərdi kredit tarixçəsində həmin kredit müqaviləsi üzrə gecikmə günlərinin və digər bu kimi qeydlərin silinməsi vəzifəsinin Cavabdeh1 MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Kredit Bürosu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10487 saylı çıxarışda (Kredit hesabatının İD-si: ********) ona aid aktiv kreditlərin cəmi qalıq məbləği kimi 1596743,70 manat və 1 aktiv kredit göstərilmişdir. Həmçinin, Borcalanın aktiv öhdəlikləri qrafasında X1 “Bank Technique” (Cavabdeh3) ASC qarşısında 939261 ABŞ dolları əsas, 2600,10 ABŞ dolları faiz öhdəliyi göstərilmişdir. Tərəflər arasında həmin kredit müqaviləsi üzrə yaranmış məhkəmə mübahisəsi üzrə Ali Məhkəmənin qüvvədə olan 2(102)-6689/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərarı ilə onun həmin bank qarşısında heç bir kredit borcunun olmadığı müəyyən edilmişdir. Həmin Qərarda bankın İddiaçı Nuriddin oğluna qarşı qeyd olunan kredit müqaviləsi üzrə iddia tələbi rədd olunarkən məhkəmə kollegiyası qərarını həm də onunla əsaslandırmışdır ki, “digər tərəfdən mülki iş materialları ilə müəyyən olunur ki, bank 18 oktyabr 2012-ci il tarixli kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən cavabdehə 1.094.261 manat məbləğində kredit verməyi öhdəsinə götürsə də, həmin müqavilə üzrə öhdəliyini icra edib qeyd olunan kredit məbləğini ümumiyyətlə cavabdehə verməmişdir. İddiaçı təşkilatın rəsmi məlumatından da görünür ki, bankda kredit məbləğinin cavabdehə verilməsini özündə ehtiva edən kassa məxaric orderlərinin əsli və ya lazımi qaydada təsdiq edilmiş surətləri yoxdur.”
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 sentyabr 2022-ci il tarixli e-2(004)-3765/2022 saylı qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbinin qismən təmin olunması, İddiaçı Nuriddin oğlu ilə “Bank Technique” (‘Texnikabank”) ASC arasında bağlanmış 18 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı Nuriddin oğlunun həmin bank qarşısında kredit (borc) öhdəliyinin olması və gecikdirilməsi barədə qeydlərin silinməsi üçün zəruri sənədlərin və məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə və həmin reyestrdə iddiaçının kredit tarixçəsində müvafiq düzəlişlərin aparılması məqəsədi ilə Cavabdeh1 MMC-yə təqdim edilməsi və müvafiq bank əməliyyat sistemində bununla bağlı düzəlişlərin aparılması, habelə iddiaçıya həmin kredit müqaviləsi üzrə borcun olmaması barədə müvafiq arayışın verilməsi cavabdeh X1 Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2, 324.1, 324.4, 324.6, 386.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh X1 Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondun nümayəndəsi apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, LPO Cavabdeh3 ASC-nin lisenziyası alındığı üçün hal-hazırda bank fəaliyyəti ilə məşğul deyildir, lakin ləğv olunmamışdır. Hüquqi şəxs kimi hazırda da fəaliyyət göstərir. Əmanətlərin Sığortalanması Fondu hazırki iş üzrə cavabdeh ola bilməz və onun üzərinə LPO Cavabdeh3 ASC-nin hüquqi fəaliyyətindən irəli gələn heç bir vəzifə qoyula bilməz. Bundan başqa iddiaçı tərəfin president kimi istifadə etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-6689/2019 saylı qərarı hazırki münasibətlərə tətbiq oluna bilməz. Belə ki, həm birinci, həm apellyasiya, həm də kassasiya instansiyalarında Bankın iddiasının rədd olunmasının səbəbi cavabdehin iddia müddətinin tətbiqinə dair ərizə verməsi olmuşdur. Hər üç məhkəmə qərarından da görünür ki, iddianın rədd olunmasının əsası İddiaçı borcunun olmaması deyildir. İddiaçı mübahisəli kredit müqaviləsinin mövcudluğu həmin qərarlarla araşdırılmamışdır. Əksinə İddiaçı iddia müddətinin tətbiqinə dair ərizə verərək faktiki olaraq öz borcunu etiraf etmişdir. Əgər belə bir kredit mövcud olmasaydı, İddiaçı davamlı olaraq ödənişlər etməzdi və kredit müqaviləsinin etibarsızlığını mübahisələndirərdi. Hər üç məhkəmə instansiyası mədaxil qəbzlərinin faktiki olaraq mövcud olmamasını əsas gətirərək 3 illik iddia müddətini tətbiq etmişdirlər.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 14.2.1 Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.
13. Maddə 324.1 Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
14. Maddə 324.4 Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
15. Maddə 324.6 Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
16. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Qətnamə iddianın qismən təmin olunmuş hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
27. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-6689/2019 nömrəli qərarından görünür ki, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 16 fevral 2018-ci il tarixli, 2(005)- 444/2018 saylı qətnaməsi ilə iddiaçı X1 Cavabdeh3 ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə əsas borca görə 939.261 ABŞ dolları, faiz borcuna görə 104.800,11 ABŞ dolları olmaqla, cəmi 1 044.061,11 ABŞ dolları kredit borcunun tutulması” barədə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2019-cu il tarixli, 2(103)-5042/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qeyd edilən qərarı ilə iddiaçı X1 "xxxx" ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2019-cu il tarixli, 2(103)-5042/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası tərəfindən müəyyən edilmişdir ki, bank 18 oktyabr 2012-ci il tarixli kredit müqaviləsinin 2.2ci bəndinə əsasən cavabdehə 1.094.261 manat məbləğində kredit verməyi öhdəsinə götürsə də, həmin müqavilə üzrə öhdəliyini icra edib qeyd olunan kredit məbləğini ümumiyyətlə cavabdehə verməmişdir. İddiaçı təşkilatın rəsmi məlumatından da görünür ki, bankda kredit məbləğinin cavabdehə verilməsini özündə ehtiva edən kassa məxaric orderlərinin əsli və ya lazımi qaydada təsdiq edilmiş surətləri yoxdur.
28. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanılsa da, bank tərəfindən kredit müqaviləsi üzrə kredit məbləği iddiaçıya verilmədiyindən, onun X1 Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşısında icra edilməmiş öhdəliyi də mövcud deyildir. Belə olan halda, iddiaçının adına kredit sistemində borcunun və kreditin ödənilməsi ilə bağlı gecikmə günlərinin göstərilməsi onun hüquqlarını pozur və gələcəkdə hər hansı bankdan kredit götürməsinə maneçilik yaradır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
30. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.
31. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
32. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarı).
33. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, İddiaçı Nuriddin oğlu ilə Cavabdeh3 ASC arasında 18 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi bağlansa da, bank müqavilə üzrə öhdəliklərini icra etməmiş, müqavilə üzrə müəyyən edilmiş məbləği İddiaçı təqdim etməmişdir. Ona görə də, İddiaçı bank qarşısında hər hansı bir öhdəliyi yoxdur.
34. Kollegiya apellyasiya şikayətinin “Əmanətlərin Sığortalanması Fondu hazırki iş üzrə cavabdeh ola bilməz və onun üzərinə LPO Cavabdeh3 ASC-nin hüquqi fəaliyyətindən irəli gələn heç bir vəzifə qoyula bilməz” barədə dəlilini əsassız hesab edərək qeyd edir ki, hazırki mülki işin əsasını təşkil edən kredit müqaviləsi üzrə yaranmış kredit borcunun tələb edilməsi ilə bağlı X1 Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh İddiaçı Nuriddin oğluna qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh3 ASC-nin ləğvedicisi qismində çıxış etdiyindən, onun bütün öhdəlikləri üçün məsuliyyət daşıyır.
35. Beləliklə, kollegiyanın qənaətinə görə apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
36. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3765/2022 saylı iş üzrə 15 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov