Məhkəmə qərarları › İş №2(103)-7516/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7516/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7516/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1544/2021 nömrəli 01 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən 21500 ABŞ dolları məbləğdə pul vəsaiti Cavabdeh verilmiş, xx.xx.2011-ci il tarixə kimi kredit götürən, yəni sonuncu pulu qaytarmağı öhdəsinə götürmüşdür.

2. Müqavilənin 2-ci bəndində göstərilmişdir ki, bu müqavilədə göstərilən məbləğdə kredit pul götürənin arzusu ilə xx.xx.2011-ci ilə kimi qaytarıla bilər. Lakin həmin məbləğlərin axırıncı qalığını – xx.xx.2011-ci il tarixdən gec olmayaraq İddiaçı qaytarmalıdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixdə Bakı şəhəri 43 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş kredit müqaviləsi ilə borclu olduğu 21500 ABŞ dolları və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2010-cu il tarixdə o və cavabdeh kredit müqaviləsi bağlayaraq 21500 ABŞ dolları məbləğində pulun cavabdehə verilməsi və pulun xx.xx.2011-ci il tarixədək qaytarılması barədə razılığa gəlmişlər. Hazırda uzun müddət keçməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən imtina edir.

5. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq, iddiaçı ilə olan müqavilə münasibətlərində iddia müddəti ötməsi səbəbi ilə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bundan sonra iddiaçı ərizə ünvanlayaraq, cavabdehin 2019-cu il tarixdə borclu olduğu 21500 ABŞ dollarından 500 ABŞ dolları ödədiyini, ona qarşı iddia tələbinin 21000 ABŞ dolları olduğunun nəzərə alınmasını xahiş etmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 iyun 2021-ci il tarixli 2(004)-1544/2021 nömrəli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia təmin edilmiş, Cavabdeh 21000 ABŞ dolları (qətnamənin icra olunduğu tarixə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə) məbləğində pul, 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi və iddiaçıya kredit müqaviləsi üzrə 21000 ABŞ dolları borcu olması tədqiq olunmuş sübutlarla təsdiq edildiyindən, 2019-cu ildə cavabdeh borcundan 500 ABŞ dolları ödəməklə borcunu etiraf etdiyindən və belə olduğu halda iddia müddətinin axımı 2019-cu ildən başlandığından, iddiaçı pozulmuş hüquqlarının bərpası üçün iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etdiyindən, beləliklə müqavilə tələbi üzrə üç illik müddəti ötürülmədiyindən iddia əsaslıdır və təmin edilməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 739.1, 739.2, 373.2,3 377.1, 380.1, 380.2, Mülki Prosessual Məcəllənin 119.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı hüququnun pozulduğu xx.xx.2011-ci il tarixdən hazırki iddia qaldırılana kimi məhkəməyə iddia ilə müraciət etməmişdir, qanunvericiliklə müəyyən olunmuş iddia müddətini buraxmışdır. 2019-cu ildə tərəfindən 500 ABŞ dolları ödənilməsi heç bir sübutla öz təsdiqini tapmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

14. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

17. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

18. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.

19. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

20. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

21. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

29. Göründüyü kimi tərəflər arasında xx.xx.2010-cu il tarixdə kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən müqaviləyə əsasən cavabdeh 21500 ABŞ dolları pul verilmiş, cavabdeh xx.xx.2011-ci il tarixə kimi pulu qaytarmağı öhdəsinə götürmüşdür.

30. Müqavilənin icra müddəti xx.xx.2011-ci il tarixdə bitmişdir.

31. İddiaçı 18 yanvar 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 21500 ABŞ dollarını tələb etməklə, uzun müddət ərzində cavabdehin pulu qaytarmadığını göstərmişdir.

32. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermiş, bundan sonra iddiaçı ərizə verərək, cavabdehin 2019-cu ildə 500 ABŞ dolları ödədiyini, 21000 ABŞ dolları tələb etdiyini bildirmişdir.

33. Məhkəmə buna əsaslanaraq belə qənaətə gəlmişdir ki, 2019-cu ildə cavabdeh borcundan 500 ABŞ dolları ödəməklə borcunu etiraf etdiyindən və iddia müddətinin axımı belə olduğu halda 2019-cu ildən başlanmışdır.

34. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti yalnış olmuşdur. 35.İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

36. Tərəflər arasında bağlanmış müqavilənin icra müddəti xx.xx.2011-ci il tarixdə bitmişdir. İddiaçı üçün iddia müddətinin axımı da həmin tarixdən başlanmış, lakin iddiaçı müəyyən edilmiş 3 il müddətində hər hansı addım atmamış, iddianı 2021-ci ildə qaldırmışdır.

37. Göründüyü kimi iddiaçı üçün iddia müddətinin axımı xx.xx.2011-ci il tarixdən başlanmış, xx.xx.2014-cü il tarixdə bitmişdir.

38. Kollegiya qeyd edir ki, cavabdehin 2019-cu ildə 500 ABŞ dolları məbləğində pulu qaytarmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən 2019-cu ildə pulun qaytarılması sübut edilsə belə yenə də iddia müddətinin axımının yenidən başlanılması üçün əsas vermir, çünki artıq həmin kredit müqaviləsi üzrə iddia müddəti 2014-cü ildə bitmişdir. İddia müddəti bitdikdən sonra hər hansı hərəkətin edilməsi, o cümlədən ödəniş edilməsi iddia müddətinin axımının kəsilməsi və ya yenidən başlanılması üçün əsas vermir. Ona görə də iddiaçının cavabdeh tərəfindən 2019-cu ildə ödəniş edilməsi barədə göstərdiyi hal hər hansı əhəmiyyət kəsb etmir.

39. Beləliklə, apellyasiya şikayətində göstərilənlər əsaslı olduğundan təmin edilməli, qətnamə ləğv edilməklə, iddia tələbi rədd edilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1544/2021 nömrəli iş üzrə 01 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar