Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-752/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı “Bank xxxx (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “borc və s” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq kollegiya M Ü Ə Y Y Ə N E T D İ: Nəsimi Rayon Məhkəməsinin 2(006)-3754/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 32809.42 ABŞ dolları əsas, 2001.39 ABŞ dolları faiz, 277.40 ABŞdolları cərimə, cəmi 35088.21 ABŞ dolları borcun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmetinə yönədilməsi, ilkin satış qiymətinin 132135 manat müəyyən edilməklə açıq hərracdan satılması və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış 147629-CNS-17294 saylı xx.xx.2015-ci il tarixli “Nağd pul krediti müqaviləsi”nin ləğv edilməsi qət edilmişdir. İddia digər hissələrdə təmin edilməmişdir. Qətnamədən iddiaçı və cavabdehin səlahiyyətli nümayəndələri ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İddiaçının şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmetinin ilkin satış qiyməti onun real bazar dəyərini əks etdirmir, əmlakın dəyəri həmin məbləğdən aşağıdır. Bank “İpoteka haqqında” Qanunun tələbləri əsasında yüklü evdə qeydiyyatda olan şəxslərin evdən çıxarılması tələbini qoymaqda haqlıdır. İddiaçı qətnamədə dəyişiklik edərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Banka əvvəllər ödəniş edib, lakin maddi vəziyyətinin pisləşməsi səbəbindən sonradan ödəniş edə bilməyib.Bank isə ona güzəşt etmədən əsassız cərimə və faiz borcu hesablayıb. Qətnamə qəbul edilərkən prosesdə iştirak etməyib. Borcun məbləği ilə razı deyil. Məhkəmənin müəyyən etdiyi məbləğ ipoteka predmetinin real bazar dəyərini əks etdirmir. Cavabdeh qətnamənin ləğv, iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı “Bank xxxx (Azərbaycan)” ASC-nin apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019- cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbinin qismən təmin edilməsi, 32809,42 ABŞ dolları (otuz iki min səkkiz yüz doqquz dollar qırx iki sent) əsas borcun, 1989,86 ABŞ dolları (min doqquz yüz səksən doqquz dollar səksən altı sent) faiz borcunun, 277.40 ABŞ dolları (iki yüz yetmiş yeddi dollar qırx sent) cərimənin, cəmi 35076 (otuz beş min yetmiş altı) ABŞ dolları 68 (altmış səkkiz) sent borcun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatının iddiaçı “Bank xxxx (Azərbaycan)” ASC-dən, 20 manatının isə Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan Bank “xxxx” (Azərbaycan) ASC-yə ödənilməsi, tutmanın girov predmeti olan ünvan 1 ünvanında yerləşən 63.1 kv.m. ümumi, 38 kv.m. yaşayış 25.1 kv.m. yardımcı sahədən ibarət olan 3 otaqlı mənzilə yönədilməsi, həmin mənzilin ilkin satış qiymətinin 130000 (yüz otuz min) manat müəyyən edilməklə açıq hərracdan satılması, mənzil satıldıqdan sonra bir ay ərzində Cavabdeh mənzili könüllü tərk etməzsə, həmin mənzildən məcburi qaydada çıxarılması, əmlakın açıq hərracdan satışından əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin Bank xxxx (Azərbaycan) ASC-yə ödənilməsi, Bank xxxx (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış147629-CNS-17294 saylı xx.xx.2015-ci il tarixli “Nağd pul krediti müqaviləsi”nin ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı “Bank xxxx (Azərbaycan)” ASC kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edərək, Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4098/20 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ünvan 1 ünvanında yerləşən 63.1 kv.m. ümumi, 38 kv.m. yaşayış 25.1 kv.m. yardımcı sahədən ibarət olan 3 otaqlı mənzilin ilkin satış qiymətinin 130000 (yüz otuz min) manat müəyyən edilməsi hissəsində ləğv edilmiş, işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4098/20 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edildiyindən, qətnamənin əsslığı həmin hissədə yoxlanılmalıdır. Kollegiya Sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini ayrıayrılıqda müzakirə edib, şikayətlərini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin şikayətini qəbul etməyərək rədd olunmasını xahiş edən iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ipoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən 63.1 kv.m. ümumi, 38 kv.m. yaşayış 25.1 kv.m. yardımcı sahədən ibarət olan 3 otaqlı mənzilin ilkin satış qiyməti hissəsində dəyişdirilərək, ilkin satış qiymətinin 142000 (yüz səksən dörd min) manat müəyyən edilməlidir. İddiaçı “Bank xxxx (Azərbaycan)” ASC-nin apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). İşin hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əməl gəlmə əsaslarından biridir. İşin mübahisə edilməyən hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli girovlu istehlak krediti müqaviləsinə əsasən bank borcalana 25% dərəcəsi ilə 60 ay müddətinə 35.000 ABŞ dolları kredit vermiş, borcalan müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Kredit borcunun təminatı kimi xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, həmin müqavilə ilə ünvan 1 ünvanında yerləşən 63.1 kv.m. ümumi, 38 kv.m. yaşayış 25.1 kv.m. yardımcı sahədən ibarət olan 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmiş, ipoteka predmeti 130000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bank tərəfindən təqdim olunmuş xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən borcalanın Banka əsas məbləğ üzrə 32809.42 ABŞ dolları, faiz borcu üzrə 2001.39 ABŞ dolları, cərimə üzrə 277.40 ABŞ dolları, cəmi 35088.21 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2017-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizası rəyindən görünür ki, borcalanın xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 32811,78 ABŞ dolları əsas, 1989,86 ABŞ dolları faiz borcu vardır. “xxxx” MMC-nin xx xxxxxxx 2018-ci il tarixli rəyinə əsasən mübahisəli mənzilin xx xxxxxxx 2018-ci il tarixinə olan bazar dəyəri 132135 manat təşkil edir. “xxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli rəyinə əsasən mübahisəli mənzilin bazar dəyəri 120.000 manat müəyyən edilmişdir. «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1ci və 2-ci hissəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 38.2.2-ci maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 63.1 kv.m. ümumi, 38 kv.m. yaşayış 25.1 kv.m. yardımcı sahədən ibarət olan 3 otaqlı mənzilin xx.xx.2020-ci il tarixə ilkin satış qiymətini “xxxx” MMC-nin xx xxxxxxx 2018-ci il tarixli qiymətləndirmə rəyində göstərilən qiymətə uyğun 132135 manat göstərmişdir. Apellyator-cavabdeh Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsini ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirdiyindən, işə apellyasiya qaydasında baxılarkən ipoteka predmeti olan, mənzilin hazırkı real bazar və likvid dəyərini müəyyən etmək məqsədi ilə mütəxəssis rəyinin verilməsi qərara alınmışdır və rəyin verilməsi “xxxx” MMC-nə həvalə edilmişdir. “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli MB 14/0359 №-li ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 63.1 kv.m. ümumi, 38 kv.m. yaşayış 25.1 kv.m. yardımcı sahədən ibarət olan 3 otaqlı mənzilin likvid dəyərinin 142500 manat müəyyən edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən əmlakın likvid dəyərini deyil, real bazar dəyərini əsas götürmüşdür. Halbuki “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi tutmanın ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 142500 manat müəyyən edilməlidir. İddiaçı “Bank xxxx (Azərbaycan)” ASC-nin apellyasiya şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı “Bank xxxx (Azərbaycan)” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 63.1 kv.m. ümumi, 38 kv.m. yaşayış 25.1 kv.m. yardımcı sahədən ibarət olan 3 otaqlı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, mənzilin ilkin satış qiyməti 142500 manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-752/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-752/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver