Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-752/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: öhdəliklərin miras qoyanın vərəsələri tərəfindən icra edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X23 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X10 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçının nümayəndəsi X14 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5251/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. İddiaçı ASC ilə X16 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank borc alana 60 ay müddətinə illik 1% dərəcəsi ilə 557,33 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə borc alan üçün kredit versə də, sonuncu ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun 556,53 manat əsas borc, 19,15 manat faiz borcu və 145,53 manat cərimə borcu olmaqla, cəmi 721,21 manat borcu yaranmışdır. X17 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
2. X22 Xidmət Mərkəzi Notariat ofisində xx.xx.2020-ci il tarixdə vəfat etmiş X11 vərəsələri arvadı X4 və oğlu X18 xx.xx.2021-ci il tarixdə 2V-257 reyestr nömrəsilə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən "xxxx" ASC-nin Neftçilər filialının xx.xx.2021-ci il tarixli 128 nömrəli məktubuna əsasən bankda olan qızıl-zinət əşyalarından ibarət olan miras əmlakdan hər biri ½ hissədə irs almalıdırlar. Belə ki, "xxxx" ASC-nin Neftçilər filialına girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən girov qoyumuş əşyaların ümumi qiyməti 3.922 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçıASC-nin xeyrinə 25 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 556,53 manat əsas, 19,15 manat faiz, 145,53 manat cərimə olmaqla, ümumilikdə cəmi 721,21 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, X17 25 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 557.33 AZN kredit götürmüşdür. 2023-cü il iyunun 25-dək X11 2019-cu il 25 dekabr tarixli kredit müqaviləsi üzrə banka 556.23 AZN əsas, 19.15 manat faiz, 145.53 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 721.21 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X22 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən 1006 №-li 11 may 2023-cü il tarixli arayışında bildirilmişdir ki, 24 sentyabr 2020-ci il tarixdə vəfat etmiş X11 hüquqi varisi Cavabdeh X6 miras qalmış əmlakın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmişdir. Bu da o deməkdir ki, faktiki olaraq Ağayeva X8 Yusif Mikayıl oğlu vəfat etdikdən sonra, yəni 05 mart 2021-ci il tarixdən əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə başlamışdır.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5251/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, X22 Xidmət Mərkəzi Notariat ofisinin İddiaçı ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan X11 vəfatından sonra onun miras əmlakın qəbul edilməsi üçün Cavabdeh ərizə ilə müraciət etsə belə hazırda cavabdehə vərəsəliklə bağlı şəhadətnamə verilməmiş və cavabdeh vərəsə kimi tanınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, nəqədər ki, hazırki vəziyyətdə cavabdehə atasında qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir iddia tələbi təmin edilə bilməz.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının MM-nin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 739.1, 739.2, 1151.1, 1306.1 və 1038-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5251/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə olunmuş maliyyə arayışından göründüyü kimi cavabdehin banka qalıq borcu 25 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 556.53 manat əsas borc, 19.15 manat faiz borcu, 145.3 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 721.21 manat borcdan ibarətdir. Hazırki iş üzrə X22 Xidmət Mərkəzi Notariat ofisinin İddiaçı ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ağayeva Rəsmiyyə X1 miras qalmış əmlakın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmişdir. Vərəsələr sadəcə miras aktivləri üçün yox, həm də miras passivləri üçün də məsuliyyət daşıyaraq, miras qoyanın kreditorları qarşısında daşıdığı öhdəliklərin icrasını təmin etməlidir. X3 qanun üzrə vərəsəsi X7 miras qoyanın Bankdan xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 60 ay müddətinə, illik 1% faiz ödəmək şərti ilə 557.33 manat məbləğində götürülən kredit üçün vərəsələr məsuliyyət daşıyırlar. Şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının X22 Xidmət Mərkəzi Notarriat ofisinin Yelo Bank ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X2 Yusif Mikayıl oğlundan miras qalmış əmlakın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmişdir. Göründüyü kimi vərəsə notariat ofisinə müraciət etməklə mirasın özü tərəfindən qəbul edildiyini nümayiş etdirmişdir. Belə olan halda vərəsələrin miras payı müəyyən olunur ki, onlar miras qoyanın kreditorları qarşısında qəbul edilmiş miras payı həcmində məsuliyyət daşıyırlar. Vərəsə miras aktivləri ilə yanaşı miras passivləri üçün də məsuliyyət daşıyırlar. Miras qoyanın vərəsəsi X2 Yusif Mikayıl oğlundan miras qalmış əmlakın qəbulu ilə bağlı notariat ofisinə müraciət edərək mirasın özü tərəfindən qəbul edildiyini nümayiş etdirmişdir. Lakin məhkəmə yekun qərar qəbul edərkən vərəsəlik şəhadətnaməsinin olmamasına istinad edərək mirasın X12 tərəfindən qəbul edildiyinin sübut edilmədiyi nəticəsinə gəlmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının X22 Xidmət Mərkəzi Notarriat ofisinin İddiaçı ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X2 Yusif Mikayıl oğlundan miras qalmış əmlakınq əbulu ilə bağlı notariat ofisinə müraciət etmişdir. Məhkəmə qeyd olunan sənədi qiymətləndirməyərək miras qoyanın öhdəliklərindən irəli gələn və vərəsələrə keçən öhdəliklərini özündə ehtiva edən sübutları nəzərə almamışdır.
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X20 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin olunmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, bank tərəfindən şəhadətnamənin əldə edilməsi mümkün olmamışdır. 12.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri 13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
17.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 18.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 19.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 20.445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 21.462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 22.501-ci maddəsinə əsasən, kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. 23.509.1-ci maddəsinə əsasən, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. 24.558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. 25.739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 26.1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 27.1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. 28.1306.1-ci maddəsinə görə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
29.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
30.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə maddi hüquq norması düzgün tətbiq edilməmişdir.
31. Belə ki, İddiaçı ASC ilə X16 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank borc alana 60 ay müddətinə illik 1% dərəcəsi ilə 557,33 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə borc alan üçün kredit versə də, sonuncu ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun 556,53 manat əsas borc, 19,15 manat faiz borcu və 145,53 manat cərimə borcu olmaqla, cəmi 721,21 manat borcu yaranmışdır. X17 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
32. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.
33. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı isə qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
34. İddianın rədd edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, X22 Xidmət Mərkəzi Notariat ofisinin İddiaçı ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan X11 vəfatından sonra onun miras əmlakın qəbul edilməsi üçün Cavabdeh ərizə ilə müraciət etsə belə hazırda cavabdehə vərəsəliklə bağlı şəhadətnamə verilməmiş və cavabdeh vərəsə kimi tanınmamışdır.
35. Apellyasiya şikayətində göstərilən dəlillər üzrə işin hallarını araşdıran məhkəmə kollegiyası müəyyən etmişdir ki, X22 Xidmət Mərkəzi Notariat ofisində xx.xx.2020-ci il tarixdə vəfat etmiş X11 vərəsələri arvadı X4 və oğlu X18 xx.xx.2021-ci il tarixdə 2V-257 reyestr nömrəsilə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən "xxxx" ASC-nin Neftçilər filialının xx.xx.2021-ci il tarixli 128 nömrəli məktubuna əsasən bankda olan qızıl-zinət əşyalarından ibarət olan miras əmlakdan hər biri ½ hissədə irs almalıdırlar. Belə ki, "xxxx" ASC-nin Neftçilər filialına girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən girov qoyumuş əşyaların ümumi qiyməti 3.922 manat təşkil edir.
36. Nəzərə alınmalıdır ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ASC ilə X16 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən yaranmış kredit borcunun borc verənə qaytarmaq üzrə vəzifəsi vərəsəlik qaydasında ölmüş şəxsin vərəsəsi olan cavabdehə keçmiş və o digər vərəsə ilə birlikdə iddiaçının qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyır.
37. Beləliklə, borc alan (miras qoyan) müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Belə olan halda, iddiaçı borc alandan, hazırki halda isə onun vərəsəsi olan cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir.
38. Məhkəmə kollegiyası həmçinin iddianın “dəbbə pulunun tutulması” hissəsi ilə əlaqədar hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 50 manat məbləğinədək azaldılmalıdır. Çünki 557,33 manat əsas borc məbləğinə münasibətdə 50 manat məbləğində dəbbə pulu daha ədalətlidir.
39. Beləliklə məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5251/2023 nömrəli 5 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, əsas borc üzrə 556,53 manat, faiz borcu üzrə 19,15 manat, cərimə borcu üzrə 50 manat, ümumilikdə 625,68 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 26 manatı məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir.
40. Həmçinin kollegiya qeyd edir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən yaranmış və vərəsəlik qaydasında X13 vərəsələrinə keçmiş öhdəliyi İddiaçı ASC-nin xeyrinə tam icra etdiyi təqdirdə cavabdehin Mülki Məcəllənin 509.1-ci maddəsinə əsasən, digər vərəsə X18 qarşı ödənilmiş ödənilmiş pulun yarısı miqdarında geriyə tələb (reqres) hüququ əmələ gələcəkdir.
41. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 42.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddianın qiyməti 4.430,53 manat olmaqla beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 43.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5251/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 556,53 manat, faiz borcu üzrə 19,15 manat, cərimə borcu üzrə 50 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 26 manatı olmaqla, cəmi 651,68 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova