Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7526/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-256/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(011)-3743/2014 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilərək, Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbiəğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(011)-3743/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin tutularaq özünə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2002-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X6, xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 doğulmuşdur. Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş və azyaşlı övladlarının onun yanında saxlanması qət edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(011)-3743/2014 saylı qətnaməsi ilə cavabdehdən hər ay hər uşağa 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Buna baxmayaraq cavabdeh uşaqların saxlanmasından boyun qaçırmış və aliment öhdəliklərini yerinə yetirməmişdir. Bu azmış kimi məhkəməyə “aliment borcunun silinməsi” ilə bağlı iddia tələbi ilə müraciət etmişdir. Hazırda həmin iş baxılmamış saxlanmışdır. Uşaqlar böyüdükcə, onların tələbatları və bununla bağlı maddi məsrəfləri də artır. Hazırkı dövrdə tək ana olaraq övlad böyütmək, uşaqların qayğısına qalmaq və onları tam təminatlı şəkildə təmin etmək olduqca çətindir. Cavabdehdən tutulan alimentin miqdarı isə kifayət etmir. Qeyd olunanları nəzərə alıb iddiaçı iddisının təmin edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və həmin iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam nəzərə alınmamışdır, qətnamə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi şəraitində çıxarılmışdır, işin hallarına uyğun gəlmir. Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin, şikayəti tam qəbul etməyərək, qismən rədd olmamasını xahiş edən iddiaçının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirib hesab edir ki, aşağıdakı səbəblərdən apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat tutulması hissəsində dəyişdirilməli, alimentin məbləği hər uşağa hər ay 125 manat müəyyən edilməlidir. Belə ki, işə apellyasiya qaydasında baxılarkən, İddiaçı izahatında cavabdehin maddi durumunu nəzərə alaraq, ondan birgə nikahdan olan uşaqlarının saxlanması üçün hər ay, hər uşağa 125 manat tutulmasına etiraz etmədiyini bildirmişdir. Öz növbəsində kollegiyanın iclasında Cavabdeh ondan birgə nikahdan olan uşaqlarının saxlanması üçün hər ay, hər uşağa 125 manat tutulmasına razı olduğunu bildirmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(011)-3743/2014 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “alimenı tələbinə dair” iddiası qismən təmin edilərək, tərəflərin birgə nikahdan olan uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 110 manat sabit pul məbləğində alimentin tutularaq Əliyeva (Hümbətova) Kəmalə Vaqif qızına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə kollegiyası işin hallarını valideynlərin ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alıb, Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 125 məbləğində alimentinin tutulmasını ağlabatan və ədalətli məbləğ hesab edir. Bu məbləğ tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına əsas verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382,384.0.2,393,4005-ci maddələrini rəhbər tutaraq kollegiya QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2010cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat tutulması hissəsində dəyişdirilsin.Alimentin məbləği hər uşağa hər ay 125 manat müəyyən edilsin. Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 125 manat tutulsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Tofiq Səmədov Hakimlər: İkram Şirinov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7526/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7526/2020
22.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver