Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-753/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ilkin alqı-satqı müqaviləsinin bağlanması üçün onun tərəfindən nağd ödənilmiş 9000 manat, "xxxx" ASC-yə kredit borcu və ona hesablanmış faizlər üzrə hissəhissə ödənilmiş cəmi 27 723 manat, mənzil alqı-satqı edildikdən sonra tərəfindən ödənilmiş cəmi 3570 manat, mənzilin əsaslı təmir edilməsi və mətbəx mebelinin alınması üçün tərəfindən ödənilmiş 15000 manat olmaqla, ümumilikdə 55 293 manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Məmmədov, iş № 2(010)-4732/21) iddia qismən təmin olunaraq Cavabdeh mənzilin dəyəri üzrə 1530 (bir min beş yüz otuz) manat və mənzilin təmiri və avadanlıqların alınmasına görə 6000 (altı min) manat olmaqla, ümumilikdə 7530 (yeddi min beş yüz otuz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İddiaçı 16.01.2022-ci il tarixdə məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə göndərərək cavabdeh X1 ümumilikdə ona ödəməli olduğu 7530 manat məbləğində puldan imtina etdiyini, bununla bağlı Cavabdeh qarşı heç bir iddiası, şikayəti və tələbi olmadığını bildirmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası iddiadan imtina haqqında ərizəni müzakirə edərək hesab edir ki, iddiadan imtina qəbul edilməli, Suraxanı Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən isə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işin apellyasiya qaydasında mübahisələndirilən hissədə icraatına iddiaçının iddiadan imtina etməsi əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384.0.4, 391, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya qaydasında mübahisələndirilən hissədə, yəni Cavabdeh mənzilin dəyəri üzrə 1530 (bir min beş yüz otuz) manat və mənzilin təmiri və avadanlıqların alınmasına görə 6000 (altı min) manat olmaqla, ümumilikdə 7530 (yeddi min beş yüz otuz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi hissəsində iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qətnaməsi həmin hissədə ləğv olunsun və mülki iş üzrə icraata həmin hissədə xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-753/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-753/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver