Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7530/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı MMMC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “söhbətgahların tikilməsinə və bağçada oxuyan uşaqların binanın həyətində oynamasına, əylənməsinə maneəçilik törədən sakinlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, gələcəkdə həmin şəxslərə söhbətgahların quraşdırılması işlərinin yerinə yetirilməsinə və bağçada oxuyan uşaqların binanın həyətində oynamasına və əylənməsinə hər hansı maneə törədilməsinin qadağan olunması, bu qanunsuz hərəkətlər nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi, cavabdehlərin binada olan elektrik şitlərinə, elektrik qutularına, elektrik xətlərinə, elektrik avtomatlarına və digər elektrik təsərrüfat obyektlərinə özbaşına müdaxiləsinin əsassız və qanunsuz hesab edilməsi və bu cür hərəkətlərin qadağan olunması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMMC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, söhbətgahların tikilməsinə maneəçilik törədən sakinlərin hərəkətlərinin qanunsuz hesab edilərək, cavabdehlərə söhbətgahların quraşdırılması işlərinin yerinə yetirilməsinə hər hansı maneə törədilməsinin qadağan olunması və bu qanunsuz hərəkətlər nəticəsində vurulmuş maddi ziyana görə cavabdehlərin hər birindən 100 manat məbləğində pulun tutulub İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, söhbətgahların tikilməsinə və bağçada oxuyan uşaqların binanın həyətində oynamasına və əylənməsinə maneəçilik törədən sakinlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, gələcəkdə həmin şəxslərə söhbətgahların quraşdırılması işlərinin yerinə yetirilməsinə və bağçada oxuyan uşaqların binanın həyətində oynamasına və əylənməsinə hər hansı maneə törədilməsinin qadağan edilməsi və bu qanunsuz hərəkətlər nəticəsində vurulmuş maddi ziyana görə cavabdehlərin hər birindən 100 manat məbləğində pulun tutularaq İddiaçı MMMC-yə ödənilməsi, cavabdehlərin binada olan elektrik şitlərinə, elektrik qutularına, elektrik xətlərinə, elektrik avtomatlarına və digər elektrik təsərrüfat obyektlərinə özbaşına müdaxiləsinin əsassız və qanunsuz hesab və bu cür hərəkətlərin qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, iddia tələbləri mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialara aid olduğundan, müstəsna aidiyyət qaydaları tətbiq edilməli və mülki iş daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə göndərilməlidir. Həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddianın predmeti hər hansı bir əmlak deyildir və burada hər hansı mülkiyyət hüququndan, sahiblik, istifadə və ya sərəncamdan danışılmır. İddianın predmeti cavabdehlərin söhbətgahların quraşdırılmasına maneəçilik törədilməsi ilə əlaqədar hərəkətlərinin qadağan edilməsidir. Quraşdırılması nəzərdə tutulan söhbətgahlar yüngül konstruksiyadır, 4 dirək və üzərində 1 örtükdən ibarətdir. Burada heç bir əsaslı tikinti obyektindən söhbət getmir. Söhbətgahların quraşdırılması nəzərdə tutulur və hazırda hər hansı söhbətgah mövcud deyil, bu səbəblə burada daşınmaz əşya ilə bağlı hər hansı əmlak hüququndan söhbət gedə bilməz. İddianın predmeti müstəsna aidiyyətə aid deyildir və burada müstəsna aidiyyət qaydalarının tətbiq edilməsi qanunsuz və əsassızdır. Kollegiya iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; bununla yanaşı qanunverici, ədalət mühakiməsinin səmərəliyinin təmin edilməsi məqsədilə mülki işlər üzrə ümumi aidiyyət qaydaları ilə yanaşı, iddiaçının seçməsinə görə aidiyyət, müqavilə aidiyyəti, müstəsna aidiyyət və s. aidiyyət qaydalarını müəyyən etmişdir. Həmin qaydalardan biri də müstəsna aidiyyət qaydasıdır. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1 və 35.2-ci maddələrinə uyğun olaraq, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. İddia tələblərinin mahiyyətindən görünür ki, tərəflər arasında mübahisə çoxmənzilli binanın ümumi əmlakına sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranmışdır. Buna görə də kollegiya hesab edir ki, iddia tələbinə müstəsna aidiyyat qaydalarına uyğun olaraq məhz binanın yerləşdiyi yerin məhkəməsində baxılması qanunvericiliyin mənasına uyğundur. Şikayətin digər dəlili ilə bağlı qeyd olunmalıdır ki, hazırda söhbətgahlar mövcud olmasa da, məsələ mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin, yəni qanuni sahibin ümumi əmlakdan istifadənin həyata keçirilməsi ilə bağlı hüquqlarının pozulmasının aradan qaldırılmasına yönəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4066/2023 saylı mülki iş üzrə 30 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-7530/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7530/2023
14.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver