Məhkəmə qərarları › İş №2(103)-7531/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7531/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7531/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı MMC-nin X1 və X2 qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin X1 və X2 qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (məhkəmə) xx xxxxxx 2020-ci il tarixli qərardadıilə geri qaytarılmış, məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, mülki prosessual qanunvericilik iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsini nəzərdə tutmuşdur; iddiaçı isə Siyəzən rayonunda qeydiyyatda olan cavabdehə qarşı Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iddia ərizəsinin icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40-cı maddəsinə görə isə, “tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyatını dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Saziş o zaman ola bilər ki, o, müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmış olsun”. Tərəflər, aralarında bağlanmış müqavilə ilə, yaranacaq mübahisələrin Bakı şəhərinin məhkəmələri tərəfindən həll ediləcəyi, həmçinin iddiaçının, özünün fəaliyyət göstərdiyi rayonun məhkəməsinə müraciət edə biləcəyi barədə razılığa gəldiklərindən kollegiya hesab edir ki, məhkəmə iddiaçının iddia ərizəsini geri qaytarmaqda haqlı olmamış, onun şikayətini təmin etmədiyi zaman isə mülki prosessual qanunverciliyin müvafiq müddəalarını nəzərə almamışdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4444/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar