Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7539/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi ilə, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-3/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxara MÜƏYYƏN ETDİ: İşin faktiki halları: “xxxxxxxxxx” BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxxxx 2013-cü il tarixli AZBA-007927 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 25705,05 ABŞ dolları əsas, 10897,90 ABŞ dolları cari faiz borcu və 4963,64 ABŞ dolları dəbbə borcu, cəmi 41566,59 ABŞ dolları məbləğində kredit borcu, bildirişlərin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 60 manat, işə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, Cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən , 61,44 kv.m ümumi, 37,04 kv.m yaşayış, 24,4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 51 nömrəli mənzilin ilkin satış qiyməti 30000 manat, Cavabdeh1 məxsus Bakı şəhəri, Pirallahı qəsəbəsi, 29-cu məhəllədə istifadədə olan 0,05069 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 4 mərtəbəli binada yerləşən, 3 otaqlı 33 nömrəli mənzilin isə ilkin satış qiyməti 32000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılaraq qeyd olunan borcun ödənilməsinə yönəldilməsi, mənzillərin hərrac keçirildikdən və satıldıqdan sonra bir ay müddətində boşaldılması, Cavabdeh1, X1, Cavabdeh2 qız, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 51 nömrəli mənzilə, Cavabdeh1 və Cavabdeh5 Bakı şəhəri, Pirallahı qəsəbəsi, 29-cu məhəllədə yerləşən 9 nömrəli binanın 33 nömrəli mənzilə istifadə hüquqlarına xitam verməklə mənzildən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir(İddia ərizəsi dəqiqləşdirilmişdir.) Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-3/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçının xeyrinə 25705,05 (iyirmi beş min yeddi yüz beş dollar beş sent) ABŞ dolları məbləğində əsas borc, 10897,90 (on min səkkiz yüz doxsan yeddi dollar doxsan sent) ABŞ dolları məbləğində faiz borcu, 100 (yüz) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 36702,95 (otuz altı min yeddi yüz iki dollar doxsan beş sent) ABŞ dolları ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 60 (altmış) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş və Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi 3 saylı evin 51 nömrəli mənzilinə və Cavabdeh1 məxsus Bakı şəhəri, Pirallahı qəsəbəsi, 29-cu məhəllədə istifadədə olan 9 saylı evin 33 nömrəli mənzilinə yönəldilməsi, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi 3 saylı evin 51 nömrəli mənzili ilkin satış qiyməti 30000 (otuz min) manat, Bakı şəhəri, Pirallahı qəsəbəsi, 29- cu məhəllədə istifadədə olan 9 saylı evin 33 nömrəli mənzili ilkin satış qiyməti 2 000 (otuz iki min) manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitin iddiaçıya olan borcun qaytarılmasına yönəldilməsi, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi 3 saylı evin 51 nömrəli mənzilin açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh1, X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, 9 saylı binanın, 33 nömrəli mənzili açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh1 və Cavabdeh5 həmin mənzildən çıxarılması qət edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh1 apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən kassa məxaric orderinin mövcud olub-olmamasını araşdırmamış, məhkəmə tədqiqatı lazımi qaydada aparılmamışdır. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki işin materiallarından müəyyən olunur ki, «xxxxxxxxxx» BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli AZBA-007927 nömrəli kredit müqaviləsindən görünür ki, təşkilat cavabdehə 120 ay müddətinə illik 16 faizdən artıq olmamaqla 40000 ABŞ dolları məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür. «xxxxxxxxxx» BOKT MMC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx xxxxxxxx 2013-cü iİ tarixli AZBA-007927 nömrəli müqavilədən göründüyü kimi, Cavabdeh2 və Cavabdeh3 zaminlik müqaviləsi bağlayaraq məsuliyyəti üzərlərinə götürmüşdür. «xxxxxxxxxx» BOKT MMC ilə Cavabdeh1 və Cavabdeh5 arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli AZBA-107927-001 nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, müqavilə tərəflər arasında bağlanmış kredit müqaviləsini təmin etmək üçün bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh ona məxsus Bakı şəhəri, Əzizbəyov (indiki Pirallahı) rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, 9 saylı evin 33 saylı mənzili ipoteka qoyanın mülkiyyətinə verir və müqavilənin 1.4-cü bəndinə görə tərəflər mənzilin satış qiyməti 31320 manat məbləğində olmasına dair razılığa gəlmişlər. Tərəflər arasında bağlanılmış xx xxxxxxxx 2013-cü il tarixli kredit müqaviləsinin 8.1 ci bəndindən görünür ki, cavabdeh (borclu) kredit müqaviləsinin şərtlərini pozduğu halda, yəni öz öhdəliklərini lazımi qaydada yerinə yetirmədikdə iddiaçı (bank) kreditin vaxtından əvvəl ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli kredit müqaviləsinin müddətinin bitməməsinə baxmayaraq Mülki Məcəllənin 743-cü maddəsinə və kredit müqaviləsinin 8.1-ci bəndinə əsasən iddiaçı vaxtından əvvəl cavabdehdən borcun qaytarılmasını tələb etmək hüququna malikdir. Elektron xidmətlər portalından çıxarışların surətindən görünür ki, iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx xxxxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 bağladığı müqavilə üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdü. Borclu Cavabdeh1 öz öhdəliklərini yerinə yetirmədiyi, krediti lazımi qaydada ödəmədiyi halda o, öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə borclu ilə birgə qaydada məsuliyyət daşımasını öz üzərinə öhdəlik kimi götürmüşdür. İddiaçı «xxxxxxxxxx» BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, «xxxxxxxxxx» BOKT MMC tərəfindən Cavabdeh1 verilən krediti təmin etmək üçün onun mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi 3 saylı evin 51 nömrəli mənzili «xxxxxxxxxx» BOKT MMC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. Bu ipoteka müqaviləsi qanunvericiliyə uyğun olaraq notariat kontorunda təsdiq olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli çıxarışın surətindən göründüyü kimi, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 3 saylı evin 51 saylı mənzili «xxxxxxxxxx» BOKT MMC-nin xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət [Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli çıxarışın surətindən göründüyü kimi, Cavabdeh1 mülkiyyətində Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, 9 saylı evin 33 saylı monzili «xxxxxxxxxx» BOKT MMC-nin xeyrinə yüklü edilmişdir. «xxxxxxxxxx» BOKT MMC tərəfindən Cavabdeh4 ünvanlanmış xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, iddiaçı Cavabdeh4 tələbin ipoteka predmetinə yönəldilməsi barədə xəbərdar imiş. «xxxxxxxxxx» BOKT MMC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər ərazi idarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, bank tələbin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. «xxxxxxxxxx» BOKT MMC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər ərazi idarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, bank tələbin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. «xxxxxxxxxx» BOKT MMC-nin xx.xx.2018-cı il tarixli 1852 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi 3 saylı evin 51 nömrəli mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. xx xxxxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinin 2.5-ci bəndindən görünür ki, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi 3 saylı evin 51 nömrəli mənzili 31200 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti 153 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən xx xxxxxx 2013-cü il tarixli 722 nömrəli Forma-2 arayışından görünür kimi, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Günel Məmmədova və Cavabdeh2 Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, 2 saylı evin 51 nömrəli mənzilində qeydiyyatdadırlar. Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti 153 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən xx xxxxxx 2013-cü il tarixli 733 nömrəli Forma-2 arayışından görünür kimi, Cavabdeh5 Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, 4 saylı evin 33 nömrəli mənzilində qeydiyyatdadırlar. xx.xx.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı hazırki məhkəmədə baxılması üçün dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid hissədə, yəni kredit müqaviləsinə görə onlardan müştərək qaydada iddiaçının xeyrinə pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin cavabdehlərə münasibətdə təmin edilməməlidir. Belə ki, mülki işdə olan xx xxxxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 ilə kreditor “xxxxxxxxxx” BOKT arasında bağlanmış “xx xxxxxxxx 2013-cü il tarixli” müqavilə üzrə illik faiz dərəcəsi və müddəti tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməklə borclu öz öhdəliklərini yerinə yetirmədiyi, krediti lazımi qaydada ödəmədiyi halda öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə borclu ilə birgə qaydada məsuliyyət daşımasını öz üzərlərinə öhdəlik kimi götürmüşlər. Kollegiya qeyd edir ki, həmin zaminlik müqaviləsində kredit müqaviləsinə görə illik faiz dərəcəsi və müddəti göstərilməmişdir. Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1, 471, 472.1 və 472.2-ci maddələrinin tələblərinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda qeyd edilən qanunvericilik normalarından görünür ki, öhdəliklərin icrasının təmin edilməsinin əsas üsullarından biri kimi zaminlik çıxış edir. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Kollegiya qeyd edir ki, başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verərək zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə zaminlik müqaviləsində belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Beləliklə, Kollegiya Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında əks olunmuş hüquqi mövqeyi və həmin Qərarlarda şərh edilmiş qanunvericilik normalarının hüquqi mənasını nəzərə alaraq belə qənaətə gəlir ki, müvafiq şərtlərin (faiz dərəcəsi, müddət, valyuta, məbləğ və s.) müqavilədə göstərilməməsi və ya zaminin razılığı alınmadan sonradan dəyişdirilməsinin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduğu müəyyən edilərsə, zaminliyə xitam verilməlidir. Kollegiya mülki iş materiallarında olan xx xxxxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsini nəzərdən keçirərək qeyd edir ki, həmin müqavlə zaminlər Cavabdeh2 və Cavabdeh3 ilə borclu Cavabdeh1 kredit borcu ilə bağlı bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməmişdir ki, bu hallarda, zaminlər Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 ilə birlikdə kreditor qarşısında məsuliyyət daşıya bilməzlər. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməli, qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası qətnaməni cavabdehin apellyasiya şikayətinə münasibətdə tam yoxladığı üçün, cavabdeh tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti mübahisələndirilməsə də qeyd etməyi zəruri hesab edir ki, rayon məhkəməsinin qətnaməsinin “qət etdi” hissəsində 5-ci abzasda Bakı şəhəri, Pirallahı qəsəbəsi, 29-cu məhəllədə istifadədə olan 9 saylı evin 33 nömrəli mənzili ilkin satış qiyməti “2 000 (otuz iki min) manat olmaqla açıq hərracdan satılması” qeyd edilmişdir. Kollegiya qətnamənin həmin hissəsini nəzərdən keçirib hesab edir ki, qeyd edilən mənzilin ilkin satış qiyməti ilə bağlı rəqəm səhvinə yol verildiyindən (belə ki, mötərizədə otuz iki min yazısı qeyd edilmişdir) həmin halın qətnaməyə izah verilməklə düzəldilməsi mümkündür. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməli, qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-3/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi qismən, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə pulun tutulması hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməsin. Qətnamə Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7539/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7539/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver