Məhkəmə qərarları › İş №2(103)-7546/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7546/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7546/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2739/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 2.694,95 manat məbləğində əsas borcun, 992,43 manat məbləğində faiz borcunun, 182,83 manat məbləğində cərimə borcunun, cəmi 3.870,21 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Nağd pul layihəsi” müqaviləsinə əsasən bank borcluya 24 ay müddətinə, illik 23,8% olmaqla 3.000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1la birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2739/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2.694,95 (iki min altı yüz doxsan dörd manat, doxsan beş qəpik) manat əsas borc, 992,43 (doqquz yüz doxsan iki manat, qırx üç qəpik) manat faiz, 182,83 (bir yüz səksən iki manat, səksən üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 3.870,21 (üç min səkkiz yüz yetmiş manat, iyirmi bir qəpik) manat məbləğində pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ASC-yə verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2739/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından qanunsuz və əsassız hesab edir və bu səbəbdən də ləğv edilməlidir. Tərəfindən 2018-ci ilin sentyabr ayınadək müqavilə üzrə öhdəliklər hər ay vaxtında icra edilmişdir. Lakin həmin vaxtdan maddi vəziyyəti pisləşdiyindən, faktiki olaraq müflis olduğundan faizləri ödəyə bilmədiyindən banka müraciət edərək, yaranmış vəziyyətlə əlaqədar faizlərin dayandırılmasını, müqaviləyə xitam verilməsini xahiş etmişdi. Bankın rəhbərliyi onu anladığını və yazılı şəkildə müraciət etməyini demişdir. Oda onların diktəsiylə faizlərin dayandırılması, müqaviləyə xitam verilməsi, əsas borc 2.700 manatı hissə-hissə ödəyəcəyi barədə ərizə yazaraq banka vermişdi. Bundan sonra əlinə pul düşən kimi aparıb banka ödəyirdi. Ödənişlərə görə ona qəbz verilməmiş və o, onların “yaxşılığına” görə və onlardan asılı vəziyyətə düşdüyündən bunu tələb etməmişdi. Məhkəmə kredit işini, tələb etmədən bankın arayışına əsasən sonuncu dəfə xx.xx.2018- ci il tarixdə banka ödəniş etməyi barədə nəticəyə gəlmişdir. Məhkəmə aydınlaşdırmamışdır ki, belə olan halda bank nə üçün, buna hüququ olduğu halda həmin vaxt kreditin ləğv edilməsi və yaranmış borcun tutulması barədə məhkəməyə müraciət etməmişdir, yalnız 2 ildən sonra bir illik iddia müddətini buraxdıqdan sonra məhkəməyə müraciət etmişdir?! Bu müddət ərzində bir dəfə də olsun bank tərəfindən nə yazılı şəkildə nə də telefon vasitəsilə hər-hansı problemin olması barədə onlara müraciət etməmişdir. Məhkəmə heç bir araşdırma aparmadan yalnız iddiaçının əsassız, formal mülahizəsinə əsasən tərəflərin qaşılıqlı münasibətləri üzrə səhf nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə ciddi prosessual pozuntuya yol verməklə iddia ərizəsinin, ona glavə edilmiş sənədlərin surətini cavabdehlərə təqdim etməmiş, cavabdelərin mülki iş üzrə iştirakını təmin etmədən, yəni, məhkəmənin vaxtı və yeri barədə xəbərdar etmədən mülki işə iştirakları olmadan baxmışdır və qəbul etdiyi qətnamənin surətlərini cavabdehlərə təqdim etməmişdir. Baxmayaraq ki, iddiaçı ilə aralarında olan razılığa görə faiz borcu və buna görə cərimə məbləği hesablanmamalı idi. Razılıqlarına görə gecikdirmə ilə əlaqədar faizin hesablanması dayandırılmışdır. Aralarında bu barədə razılığın olması iddiaçının iki ildən çox vaxt keçməsinə baxmayaraq bu barədə ona bir dəfə də olsun xəbərdarlıq etməməsi və bu müddət ərzində məhkəmədə mübahisə qaldırmaması ilə təsdiq olunur. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2739/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin qismən 2.694, 95 (iki min altı yüz doxsan dörd manat doxsan beş qəpik) əsəs borcun tutulması hissəsində təmin edilməsi, qalan hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı ASC-nin nümayəndəsi X2Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2739/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir”. Hazırki halda Cavabdeh2 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin cərimə və faiz borcun ödənilməsi hissəsində dəyişdirilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh2 apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən еdildi ki, İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli, CP/96521/62/10 saylı “Nağd pul layihəsi” müqaviləsinə əsasən bank borclu Cavabdeh1 24 ay müddətinə, illik 23,8% olmaqla 3.000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay ödəniş cədvəlinə əsasən bərabər məbləğdə ödəməli olduğu halda, kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən o, bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1la birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri qaytarmadığı üçün onun 2.694,95 manat əsas, 992,43 manat faiz və 182,83 manat cərimə borcu olmaqla, ümumilikdə 3,870,21 manat borcu yaranmışdır. Bundan başqa kreditor iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu baxımdan məhkəmə kollеgiyası hеsab еdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında mövcud olmuş xx xxxxx 2018-ci il tarixli, CP/96521/62/10 saylı “Nağd pul layihəsi” müqaviləsini əsas götürməklə, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən müqavilə şərtlərinə əməl olunmaması qənaətinə gəlməkdə haqlı olmuşdur. Bеlə ki, iş matеriallarında olan, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli, CP/96521/62/10 nömrəli “Nağd pul layihəsi” müqaviləsininin təsdiq edilmiş surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 23,8% olmaqla 3.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 zamin durmuşdur. İş materiallarında olan, xx xxxxx 2018-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 xx xxxxx 2018-ci il tarixli, CP/96521/62/10 nömrəli “Nağd pul layihəsi” müqaviləsi üzrə İddiaçı ASC-dən 3.000 manat məbləğində nağd pul götürmüşdür. İş materiallarında olan, İddiaçı ASC tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan görünür ki, xx.xx.2018-ci tarixli, CP/96521/62/10 nömrəli kredit müqaviləsi üzrə İddiaçı” ASC-yə sonuncu dəfə xx.xx.2018-ci il tarixdə pul ödənilmişdir. İş materiallarında olan, İddiaçı ASC tərəfindən təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ilə bank arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-yə 2.694,95 manat əsas, 992,43 manat faiz və 182,83 manat cərimə borcu olmaqla, ümumilikdə 3,870,21 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası həmçinin kredit müqaviləsi üzrə faizin hesablanması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan xx xxxxx 2018-ci il tarixli, CP/96521/62/10 nömrəli “Nağd pul layihəsi” müqaviləsi üzrə 3.000 manat məbləğində krediti illik 23,8 % faiz ödəmək şərti ilə 24 ay müddətinə xx xxxxx 2020-ci il tarixədək ödəməyi öhdəsinə götürür. İş materiallarında оlan, İddiaçı ASC-nin “Nəsimi” filialının Cavabdeh1la bağladığı xx.xx.2018-ci il tarixli, CP/96521/62/10 nömrəli “Nağd pul layihəsi” müqaviləsinə əlavə оlan ödəniş cədvəlindən görünür ki, bоrclu Cavabdeh1 3.000 manat məbləğində əsas bоrc və 800,98 manat faiz məbləği оlmaqla hər ay 158,31 manat оlmaqla banka 3.800,98 manat məbləğini xx.xx.2020-ci il tarixə kimi ödəməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar Göründüyü kimi İddiaçı ASC tərəfindən Cavabdeh1 verilmiş kredit məbləğinə görə xx.xx.2018-ci il tarixli, CP/96521/62/10 nömrəli “Nağd pul layihəsi” müqaviləsi üzrə bankın borcludan tələb etdiyi məbləğ - əsas kredit məbləğ üzrə 2.694,95 manat, faiz məbləği üzrə 992,43 manat, dəbbə pulu 182,83 manat təşkil edir. Bundan başqa məhkəmə kоllegiyası Cavabdeh2 apelyasiya şikayətinin dəlili olan əsas Cavabdeh1 bankla razılaşaraq banka ödənişlər etməsi, ödənişlərə görə ona qəbz verilməməsi, bankın ona etdiyi “yaxşılığa” görə və bankdan asılı vəziyyətə düşdüyündən bunu tələb etməməsi, məhkəmənin kredit işini tələb etmədən bankın arayışına əsasən sonuncu dəfə xx.xx.2018-ci il tarixdə banka ödəniş etməyi barədə nəticəyə gəlməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh1 banka ödənişlər etməsi barədə qəbzləri və ya bunu təsdiq edən başqa sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərək bunu əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim еtməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası həmçinin Cavabdeh1 apelyasiya şikayətinin iddia müddətinin keçməsi ilə bağlı, yəni 2 ildən sonra bir illik iddia müddəti buraxılmaqla məhkəməyə müraciət edilməsi barədə dəlilinə münasibət bildirərək, həmin dəlili də əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Odur ki, cavabdehin iddia müddətinin keçməsi ilə bağlı apelyasiya şikayətində göstərdiyi dəlilləri apelyasiya şikayətinin təmini üçün mötəbər sübut sayıla bilməz. Eyni zamanda, apelyasiya şikayətinin cavabdelərin məhkəmə iclasında iştiraklarını təmin etmədən, məhkəmənin vaxtı və yeri barədə xəbərdar etmədən mülki işə iştirakları olmadan baxılması barədə dəlilinə münasibət bildirərək, həmin dəlili də əsassız hesab edir. Belə ki, iş materialları ilə tam sübut olunur ki, Cavabdeh2 birinci instansiya məhkəməsində iştirak etmiş və qəbul olunmuş qətnamədən məlumatlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bütün bu hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Bеləliklə, məhkəmə kollеgiyası, Cavabdeh2 apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin Cavabdeh2 apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2739/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə Cavabdeh2 apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas qət etdi: İddiaçı Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2739/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar