Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7546/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh2 iştiraklı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1152/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh2 arasında bağlanmış 17.01.2020-ci il tarixli, FN-00002-15/20A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 28.10.2020-ci il tarixə ödənilməmiş 3.172,68 manat məbləğində əsas, 151,77 manat məbləğində faiz, cəmi 3.324,45 manat məbləğində borcun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidməti haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1152/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh1 qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlili: Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olmadığını qeyd etmişdir. Belə ki, o bildirmişdir ki, iddiaçı tərəfindən kredit məbləğinə əsassız olaraq faiz və dəbbə borcu hesablamış, məbləğ şişirdilmişdir. Bundan başqa, o qeyd etmişdir ki, iddiaçı ilə arasında kredit müqaviləsi 17 yanvar 2020-ci ildə illik 25% dərəcəsi ilə 3500 manat məbləğində iki il müddətinə bağlanmış, cavabdeh tərəfindən ilk aylarda ödənişlər həyata keçirilmiş, daha sonra dünyada baş verən pandemiya səbəbindən maddi vəziyyəti ağırlaşmışdır, lakin müqavilənin müddətinin bitəcəyi dövrə kimi qalıq məbləği hissə-hissə ödəməyə təşəbbüs göstərəcəkdir. Beləliklə, məhkəmənin qətnaməsinin ləğv edilərək, əsas və faiz borcunu dəqiq müəyyənləşdirməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi və şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 17.01.2020-ci il tarixli, FN-00002-15/20A saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün illik 25% dərəcəsi ilə faiz ödəmək şərti ilə 24 ay müddətinə 3.500 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi ilə müəyyən edilmiş kredit məbləğini iddiaçıdan qəbul etmiş, həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə və məbləğlərdə əsas kredit borcunu qaytarmağı, habelə hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürmüş öhdəlikləri lazımi qaydada yerinə yetirə bilməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək, 17.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilmədiyi, nəticədə borcun yarandığı bildirilmiş və borcun 2 gün ərzində ödənilməsi ondan tələb edilmiş, əks halda kredit müqaviləsinin ləğv edilməsi və yaranmış borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu bir nəticə verməmiş, öhdəliklər bundan sonra da cavabdehlər tərəfindən lazımi qaydada icra edilməmişdir. Cavabdeh2 iddianı qismən qəbul edir, yaranmış borc məbləğini hissə-hissə (hər ay 100-150 manat) ödəmək imkanına malik olduğunu bildirir və bu səbəbdən borcun ondan aylar üzrə hissə-hissə tutulmasını xahiş edir. Kredit müqaviləsi üzrə kredit müddəti 17.01.2022-ci il tarixdə bitəcəkdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 apellyasiya şikayətinə əsasən, rayon məhkəməsinin qətnaməsi ilə iddianın ona münasibətdə - iddianın kredit müqaviləsindən irəli gələn 28.10.2020-ci il tarixə ödənilməmiş 3.172,68 manat məbləğində əsas, 151,77 manat məbləğində faiz, cəmi 3.324,45 manat məbləğində borcun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidməti haqqının təmin olunan hissəsində yoxlayır. Məhkəmə kollegiyası Cavabdeh2 izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Rayon məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci və 448.1-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində ümumi sözlərə əsaslanmaqla, konkret sübutlara istinad edilmədiyindən şikayət əsassızdır və təmin edilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən birinci instansiya məhkəməsi iddia tələblərini təmin etməkdə haqlı olmuşdur. Kollegiya əlavə olaraq, Cavabdeh2 qətnamənin hissə-hissə icra edilməsinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, bu məsələ qətnamənin icra mərhələsində həll edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1152/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7546/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7546/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver