Məhkəmə qərarları › İş №2(103)-755/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-755/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-755/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki iş üzrə Açar sözlər: (borcun mirası qəbul etmiş vərəsələrdən tutulması, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Vətən Elçin oğlu Zeynalovun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2(005)-2223/2024 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı və Maraqlı şəxs arasında bağlanmış 07 fevral 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən sonuncuya 6850 manat məbləğində pul verilmişdir. Bundan sonra İddiaçı və Maraqlı şəxs arasında notariat ofisində 02 fevral 2021-ci il tarixli borcun etirafı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Maraqlı şəxs kredit müqaviləsi üzrə İddiaçı 6850 manat borc pul məbləği aldığını etiraf etmiş, həmin məbləği xx.xx.2021-ci il tarixindən başlayaraq 3 (üç) il müddətində geri qaytarmağı öhdəsinə götürmüşdür. Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 2.İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, qeyd olunan borcun mərhum Maraqlı şəxs övladları - cavabdehlər Cavabdeh1, Cavabdeh2 və həyat yoldaşı - Cavabdeh3 müştərək qaydada tutulmasını xahiş etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6.850 (altı min səkkiz yüz əlli) manat müqavilə üzrə borc, hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumu 91 (doxsan bir) manat olmaqla, cəmi 7.241 (yeddi min iki yüz qırx bir) manat məbləğin, İddiaçı xeyrinə tutuluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Tələb onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə arasında xx.xx.2021-ci il tarixli borcun etirafı müqaviləsi imzalamışlar. Həmin borc müqaviləsinə əsasən Maraqlı şəxs 6850 (altı min səkkiz yüz əlli) manat borc pul vermişdir. Borç müqaviləsinə əsasən Maraqlı şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq 3 (üç) il müddətində pulu geri qaytarmağını öhdəsinə götrürmüşdür. Lakin, müqavilənin imzalanmasından uzun müddət keçməsinə baxmayaraq, ona olan borc geri qaytarılmamışdır. Müqavilə üzrə borclu Maraqlı şəxs vəfat etmişdir. Onun qanun üzrə üç vərəsəsi və həmin vərəsələrin əməli istifadəsinə olan öləndən miras qalmış daşınmaz əmlak aşkar edilmişdir. Qanun üzrə vərəsələr miras əmlaka vərəsəliklə əldə etdikləri mülkiyyət hüquqlarını qeydiyyata almasalar da, miras əmlakı faktiki qəbul etmişlər və onların əməli istifadəsindədir. Bu baxımdan miras qoyanın borcları da miras əmlakı həcmində ödənilməsi onlara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında nümayiş etdirilən mövqeyə görə miras əmlakdan imtina edildiyi halda vərəsə mirası qəbul etməmiş hesab olunur. Mirasdan imtina isə notariat qaydada təsdiq edilməsi tələb olunur. Həmin qərarda xüsusilə vurğulanmışdir ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. X2 Məhkəməsinin Plenumu qeyd edir ki, mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. 5.İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, cavabdehlərdən iddiaçının xeyrinə 6850 manat əsas borc və 89 (səksən doqquz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Cavabdehlər, habelə Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə yazılı formada iddia ərizəsinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iş materiallarından göründüyü kimi mərhum Maraqlı şəxs ilə hazırki iddia tələbi üzrə İddiaçı arasında 07 fevral 2013-cü il tarixində kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən 6850 (altı min səkkiz yüz əlli) manat pul məbləği mərhum Maraqlı şəxs verilmiş və 01 noyabr 2014-cü il tarixinədək geri ödənilməsi nəzərdə tutulmuşdur. Daha sonra 02 fevral 2021-ci il tarixində əvvəlki kredit müqaviləsinin tərəfləri arasında borcun etirafı müqaviləsi imzalanmışdır. İddia ərizəsində 07 fevral 2013-cü il tarixli kredit müqaviləsinə qəsdən toxunulmamışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddia müddəti 01 noyabr 2017-cü il tarixində bitmişdir. Həmin tarixə qədər İddiaçı mərhum Maraqlı şəxs qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda bunu etməmişdir. Bundan əlavə, həmin müddətdə məhkəməyə hansı səbəbdən müraciət etmədiyini sübuta yetirilməsini müəyyən edən faktları (sübutları) məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edir ki, iddia müddətinin tətbiqi tərəflər arasında bağlanmış kredit müqaviləsinə tətbiq edilməlidir. Belə ki, tərəflər arasında münasibətlərin ilkin və əsas mərhələsi həmin tarixdə olmuşdur. İddiaçı iddia ərizəsində cavabdehləri düzgün müəyyən edə bilməmişdir. Belə ki, iddia ərizəsinin mətnindən görünür ki, mərhum Maraqlı şəxs ilə hazırki iddia tələbi üzrə İddiaçı arasında 07 fevral 2013-cü il tarixində kredit müqaviləsi bağlanılmışdır. Daha sonra 02 fevral 2021-ci il tarixində əvvəlki kredit müqaviləsinin tərəfləri arasında borcun etirafı müqaviləsi imzalanmışdır. İddiaçı cavabdehlər siyahısının məhz Kərimov Səfər Oktay oğlu, Cavabdeh2 Oktay qızı və Cavabdeh3 ibarət olmasını sübuta yetirə bilməmişdir. İddia ərizəsində miras kütləsinin məhz cavabdehlər arasında necə və hansı qaydada bölüşdürülməsini, miras payının cavabdehlərə aid olmasını sübuta yetirən heç bir sənəd(lər) mövcud deyildir. Belə olan halda görünür ki, iddiaçı ilk növbədə pul tələbinə dair iddia ərizəsi üzrə cavabdehləri düzgün müəyyən etməli və daha sonra iddia ərizəsi üzrə müvafiq instansiya məhkəməsinə müraciət etməli idi. İddiaçı cavabdehlər Kərimov Səfər Oktay oğlu, Cavabdeh2 Oktay qızı və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras kütləsinin faktiki qəbul edilməsini və mərhum Maraqlı şəxs məxsus əmlakın cavabdehlərə aid olmasını iddia etmişdir. İlk növbədə qeyd edək ki, həmin əmlak faktiki və ya rəsmi formada miras kütləsinə aid edilməmiş və ya qəbul edilməmişdir. Əgər iddiaçı həmin əmlakın cavabdehlər tərəfindən faktiki qəbul edilməsini iddia edirsə, miras kütləsinin faktiki qəbul edilməsini sübuta yetirməlidir. Cavabdehlərin həmin əmlakda qeydiyyatda olması heç də onların miras əmlakının faktiki qəbul edilməsini şərtləndirmir. Belə ki, cavabdehlərdən heç biri həmin əmlakı faktiki olaraq da qəbul etməmişdir. 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsinə əsasən əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. İş materiallarından göründüyü kimi, həmin əmlakın faktiki olaraq məhz cavabdehlər tərəfindən qəbul edilməsini şərtləndirən amillər və sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, miras kütləsi cavabdehlər arasında bölüşdürülməsi müəyyən olunmadığından mərhum Maraqlı şəxs borcunun da onun hüquqi varisləri arasında bölüşdürülməsini müəyyən etmək qeyri-mümkündür. Çünki, əmlakın faktiki olaraq hansı cavabdehlər tərəfindən və hansı hissədə qəbul edilməsi müəyyən edilməmişdir. Buna görə də iddia tələbi əsassızdır və təmin edilməməlidir. 7.Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, atası ilə iddiaçı arasında 2013-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. İddiaçı ilə nə özünün, nə də atasının qohumluq əlaqəsi olmayıb. Hansı marağa görə iddiaçının atasına pul verdiyini bilmir. 2013-cü ildə tərəflər arasında 1 illik müqavilə bağlanıb və düşünür ki, 2014-cü ilədək atası həmin pulu qaytarıb. 2014-cü ildən bugünədək iddia müddəti bitib. Hal-hazırda borcun etirafı müqaviləsi mövcud deyil. Atası xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra cavabdeh atasını məhkəməyə vermişdir. Atası həmin borcu ödəmişdir. Hazırda tələb olunan borcu ödəməyə də imkanları yoxdur. Çünki ailədə yalnız özü işləyir. 8.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 02 oktyabr 2024-cü il tarixli, 2(005)-2223/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Səbinə Nuriyeva) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6850 (altı min səkkiz yüz əlli) manat borc və 89 (səksən doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan: 9.İddiaçı və Maraqlı şəxs arasında bağlanmış 07 fevral 2013-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Əliyeva X3 Oktay Səfər oğluna 6850 (altı min səkkiz yüz əlli) AZN məbləğində pul verdi. Həmin borc pul xx.xx.2014-cü il tarixinədək İddiaçı tam qaytarılmalıdır. Maraqlı şəxs borcu vaxtında ödəməzsə, İddiaçı həmin müqaviləsi üzrə iddia qaldırmaq hüququna malikdir. 10.İddiaçı və Maraqlı şəxs arasında Bakı şəhəri 22 saylı notariat ofisində bağlanmış 02 fevral 2021-ci il tarixli borcun etirafı müqaviləsindən görünür ki, Maraqlı şəxs etiraf edir ki, xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, 22 saylı notariat kontorunda reyestrdə 3M/26 nömrə ilə qeyd olunaraq təsdiqlənən kredit müqaviləsi üzrə İddiaçı 6850 AZN (altı min səkkiz yüz əlli manat) borc pul məbləği almışdır. Həmin məbləği xx.xx.2021-ci il tarixindən başlayaraq 3 (üç) il müddətində geri qaytarmağı öhdəsinə götürür. İddiaçı xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, 22 saylı notariat kontorunda reyestrdə 3M/26 nömrə ilə qeyd olunaraq təsdiqlənən kredit müqaviləsi üzrə Maraqlı şəxs borc verdiyi 6850 AZN (altı min səkkiz yüz əlli manat) borc pul məbləğini xx.xx.2021-ci il tarixindən başlayaraq 3 (üç) il müddətində qəbul etməyi öhdəsinə götürür. 11.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-3-30/2- 22888/2024 saylı məktubla xx.xx.1995-ci il tarixdən Maraqlı şəxs mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi ev 52, mənzil 10 ünvanına dair müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. 12.“Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Maraqlı şəxs (FİN: xxxxxxx) xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 13.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, İddiaçı və Maraqlı şəxs arasında bağlanmış 07 fevral 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən sonuncuya 6850 manat məbləğində pul verilmişdir. Bundan sonra İddiaçı və Maraqlı şəxs arasında notariat ofisində 02 fevral 2021-ci il tarixli borcun etirafı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Maraqlı şəxs kredit müqaviləsi üzrə İddiaçı 6850 manat borc pul məbləği aldığını etiraf etmiş, həmin məbləği xx.xx.2021-ci il tarixindən başlayaraq 3 (üç) il müddətində geri qaytarmağı öhdəsinə götürmüşdür. Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, qeyd olunan borcun mərhum Maraqlı şəxs övladları - cavabdehlər Cavabdeh1, Cavabdeh2 və həyat yoldaşı - Cavabdeh3 müştərək qaydada tutulmasını xahiş edir. 14.İddianı təmin edən məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iş üzrə iddiaçı və mərhum Maraqlı şəxs arasında bağlanmış müqaviləyə əsasən sonuncuya 6850 manat məbləğində borc pul verilmişdir.Maraqlı şəxs həmin borcu xx.xx.2014-cü il tarixinədək iddiaçıya qaytarmağı öhdəsində götürmüşdür. Bununla belə kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc qeyd olunan tarixədək iddiaçıya geri qaytarılmamışdır.Göründüyü kimi, iddiaçı ilə Maraqlı şəxs arasında tərtib edilmiş müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə Maraqlı şəxs borcu iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, Maraqlı şəxs isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. 15.Digər tərəfdən iddiaçı və Maraqlı şəxs arasında 6850 manat məbləğində borc olması barədə borcun etirafı müqaviləsi mövcuddur, mərhum Maraqlı şəxs sözügedən borcun etirafı barədə müqaviləni imzalamaqla iddiaçıya 02 fevral 2021-ci il tarixə olan borcunu 6850 manat həcmində etiraf etmiş, həmin məbləği xx.xx.2021-ci il tarixindən başlayaraq 3 il müddətində geri qaytarmağı öhdəsinə götürmüşdür. 16.Qanunvericiliyə əsasən, borcun, öhdəliyin yaranmasına əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Yazılı şəkildə tərtib edilmiş və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilmiş borcun etirafı haqqında müqaviləyə əsasən borclu başlıca əqddən irəli gələn müəyyən borcu etiraf edir. 17.Məhkəmə qeyd etmişdir ki, Maraqlı şəxs borcun etirafı müqaviləsi ilə 6850 manat məbləğində borc öhdəliyinin yarandığını aşkar və anlaşılan şəkildə, həmçinin yazılı formada bəyan etmişdir. Borc müqaviləsi üzrə borc verənin borc verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. 18.Həmçinin sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir. Mübahisələndirilən məbləğdə alınmış pulun iddiaçıya qaytarılmış olduğunu sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. 19.Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 qeyd olunan borc məbləğinin atası tərəfindən iddiaçıya qaytarıldığını bildirsə də borcun ödənilməsinə (tam və ya qismən) dair sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdehin izahatında qeyd etdiyi hal mövcud sübutlarla təsdiq olunmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, Maraqlı şəxs öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. 20.Hazırki iş üzrə borc, habelə borcu etirafı müqaviləsini bağlamış Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Onun qanun üzrə birinci dərəcəli vərəsələri olan övladları Cavabdeh1, Cavabdeh2 və həyat yoldaşı Cavabdeh3 miras qoyandan qalmış mirasdan imtina etmədiklərindən universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini qəbul etmiş olur. Qanunvericiliyə görə şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi (onun əsasında bağlanmış borcun etirafı müqaviləsi) üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. 21.Beləliklə məhkəmə hesab etmişdir ki, qanunvericiliyə əsasən, Maraqlı şəxs vəfatı ilə onun əmlak xarakterli öhdəliklərinə xitam verilmədiyindən və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməli olduğundan, iddiaçı cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 22.Məhkəmə iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı və mərhum Maraqlı şəxs arasında bağlanmış 07 fevral 2013-cü il tarixli kredit müqaviləsinə əsasən borc pulun xx.xx.2014-cü il tarixinədək İddiaçı tam qaytarılmalı olduğu razılaşdırılmışdır. Bundan sonra tərəflər arasında 02 fevral 2021-ci il tarixli borcun etirafı müqaviləsi bağlanmış, Maraqlı şəxs xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, 22 saylı notariat kontorunda reyestrdə 3M/26 nömrə ilə qeyd olunaraq təsdiqlənən kredit müqaviləsi üzrə İddiaçı 6850 manat borc pul məbləği aldığını etiraf edərək, həmin məbləği xx.xx.2021-ci il tarixindən başlayaraq 3 il müddətində geri qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı qeyd olunan borcun etirafı müqaviləsinə əsasən 6850 manat məbləğin cavabdehlərdən öz xeyrinə tutulmasını xahiş edir. Yəni iddiaçının tələbi Maraqlı şəxs ilə arasında bağlanmış borcun etirafı müqaviləsinə əsaslanır. Qeyd olunan müqavilə xx.xx.2021-ci il tarixdə bağlanmış, borcun qaytarılmalı olduğu son tarix– xx.xx.2024-cü il tarixi olaraq razılaşdırılmışdır. Yəni, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən 3 illik iddia müddətinin axımı müvafiq olaraq həmin andan – xx.xx.2024-cü il tarixdən başlamışdır. İddiaçı tərəfindən isə xx.xx.2024-cü il tarixdə cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır. Buna görə də hazırki iş üzrə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. 23.Həmçinin məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia təmin edildiyindən və cavabdehlərin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən təmin edilmiş iddianın həcmi nəzərə alınmaqla iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 89 (səksən doqquz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.. 24.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 386.1, 442, 739.1, 882.1, 882.4, 882.5, 385, 558.1, 1306.1, 1313, 1151.1, 1159.1.1, 1160, 1031.1, 1301.2, 372.1, 372.2, 373.2, 375.2, 377.2-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 124.1, 218.3, 119.1 və 124-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri. a) Apellyasiya şikayətinin dəlilləri 25.Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 26.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehlər tərəfindən iddia ərizəsinə etirazında göstərilən xüsusatları nəzərə almamışdır. Belə ki, mərhum Maraqlı şəxs ilə İddiaçıarasında 07 fevral 2013-cü il tarixində kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən 6850 (altı min səkkiz yüz əlli) manat pul məbləği mərhum Maraqlı şəxs verilmiş və 01 noyabr 2014-cü il tarixinədək geri ödənilməsi nəzərdə tutulmuşdur. Daha sonra 02 fevral 2021-ci il tarixində əvvəlki kredit müqaviləsinin tərəfləri arasında borcun etirafı müqaviləsi imzalanmışdır. İddia ərizəsində 07 fevral 2013-cü il tarixli kredit müqaviləsinə qəsdən toxunulmamışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddia müddəti 01 noyabr 2017-cü il tarixində bitmişdir. Həmin tarixə qədər İddiaçı mərhum Maraqlı şəxs qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda bunu etməmişdir. Bundan əlavə, həmin müddətdə məhkəməyə hansı səbəbdən müraciət etmədiyini sübuta yetirilməsini müəyyən edən faktları (sübutları) məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edir ki, iddia müddətinin tətbiqi tərəflər arasında bağlanmış kredit müqaviləsinə tətbiq edilməlidir. Belə ki, tərəflər arasında münasibətlərin ilkin və əsas mərhələsi həmin tarixdə olmuşdur. Bütün yuxarıda qeyd olunanları birinci instansiya məhkəməsi nəzərə almamış, bununla da qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı iddia ərizəsində cavabdehləri düzgün müəyyən edə bilməmişdir. Belə ki, iddia ərizəsinin mətnindən görünür ki, mərhum Maraqlı şəxs ilə İddiaçı arasında 07 fevral 2013-cü il tarixində kredit müqaviləsi bağlanılmışdır. Daha sonra 02 fevral 2021-ci il tarixində əvvəlki kredit müqaviləsinin tərəfləri arasında borcun etirafımüqaviləsi imzalanmışdır. İddiaçı cavabdehlər siyahısının məhz Kərimov Səfər Oktay oğlu, Cavabdeh2 Oktay qızı və Cavabdeh3 ibarət olmasını sübuta yetirə bilməmişdir. İddia ərizəsində miras kütləsinin məhz cavabdehlər arasında necə və hansı qaydada bölüşdürülməsini, miras payının cavabdehlərə aid olmasını sübuta yetirən heç bir sənəd(lər) mövcud deyildir. Belə olan halda görünür ki, iddiaçı ilk növbədə pul tələbinə dair iddia ərizəsi üzrə cavabdehləri düzgün müəyyən etməli və daha sonra iddia ərizəsi üzrə müvafiq instansiya məhkəməsinə müraciət etməli idi. İddiaçı cavabdehlər Kərimov Səfər Oktay oğlu, Cavabdeh2 Oktay qızı və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras kütləsinin faktiki qəbul edilməsini və mərhum Maraqlı şəxs məxsus əmlakın cavabdehlərə aid olmasını iddia etmişdir. İlk növbədə qeyd edək ki, həmin əmlak faktiki və ya rəsmi formada miras kütləsinə aid edilməmiş və ya qəbul edilməmişdir. Əgər iddiaçı həmin əmlakın cavabdehlər tərəfindən faktiki qəbul edilməsini iddia edirsə, miras kütləsinin faktiki qəbul edilməsini sübuta yetirməlidir. Cavabdehlərin həmin əmlakda qeydiyyatda olması heç də onların miras əmlakının faktiki qəbul edilməsini şərtləndirmir. Belə ki, cavabdehlərdən heç biri həmin əmlakı faktiki olaraq da qəbul etməmişdir.Birinci instansiya məhkəməsi iddiaçı tərəfin məhkəməyə miras kütləsinin qəbul edilməsi ilə bağlı sübutlar təqdim etmədiyi halda iddia tələbini təmin etmişdir. Birinci instansiya məhkəməsinin maddi və prossessual hüquq normalarını kobud şəkildə pozub, maddi hüquq normalarını səhv təfsir edib, cavabdeh tərəfin təqdim etdiyi və məhkəmə dövründə əldə edilmiş sübutlara hüquqi qiymət verməmişdir. Məhkəmə sübutetmə prinsiplərini pozaraq cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi sənədləri (sübutlar) nəzərə almamışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1-ci maddəsinin tələblərini pozub. Məhkəmə hazırkı halda yalnız iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə icraatında əldə olunan sənədlərə istinad etməli olduğu halda bunu etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 27.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 28.Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, onun təmin edilməsini xahiş edərək izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, atası nə qəbz nə də başqa bir şey qoyub, onlar heç nə tapa bilmirlər ki, borcun ödənilməsini sübut edə bilsinlər. Atalarının adına bir ev var, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 52, mənzil 10 ünvanında yerləşir, ev 3 otaqlıdır, digər cavabdehlərlə birgə orada yaşayır, evin işıq, qaz pulunu onlar verir, borcu qaytarmaq onların bacara biləcəyi bir şey deyil, ailədə təkcə o işləyir. 29.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəsdəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 30.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 31.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 32.Maddə 373.2.Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 33.Maddə 377.1.İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 34.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 35.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 36.Maddə 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 37.Maddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 38.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 39.Maddə 882.1.Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 40.Maddə 882.4.Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 41.Maddə 882.5.Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. 42.Maddə 1151.1.Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 43.Maddə 1159.1.1.Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 44.Maddə 1243.1.Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 45.Maddə 1243.2.Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 46.Maddə 1306.1.Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 47.Maddə 1307.Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 48.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 49.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 50.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 51.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 52.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 53.Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 54.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı və Maraqlı şəxs arasında bağlanmış 07 fevral 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən sonuncuya 6850 manat məbləğində pul verilmişdir. Bundan sonra İddiaçı və Maraqlı şəxs arasında notariat ofisində 02 fevral 2021-ci il tarixli borcun etirafı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Maraqlı şəxs kredit müqaviləsi üzrə İddiaçı 6850 manat borc pul məbləği aldığını etiraf etmiş, həmin məbləği xx.xx.2021-ci il tarixindən başlayaraq 3 (üç) il müddətində geri qaytarmağı öhdəsinə götürmüşdür. Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, qeyd olunan borcun mərhum Maraqlı şəxs övladları cavabdehlər Cavabdeh1, Cavabdeh2 və həyat yoldaşı - Cavabdeh3 müştərək qaydada tutulmasını xahiş etmişdir. 55.Eyni zamanda tərəflər arasında 02 fevral 2021-ci il tarixli borcun etirafı müqaviləsi bağlanmış, Maraqlı şəxs xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, 22 saylı notariat kontorunda reyestrdə 3M/26 nömrə ilə qeyd olunaraq təsdiqlənən kredit müqaviləsi üzrə İddiaçı 6850 manat borc pul məbləği aldığını etiraf edərək, həmin məbləği xx.xx.2021-ci il tarixindən başlayaraq 3 il müddətində geri qaytarmağı öhdəsinə götürmüşdür. 56.Borcun Maraqlı şəxs tərəfindən qaytarılmamasına nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı borclunun vərəsələri olan cavabdehlərə qarşı hazırki tələblə məhkəməyə müraciət etəkdə haqlı olmuşdur. 57.Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı və mərhum Maraqlı şəxs arasında bağlanmış müqaviləyə əsasən sonuncuya 6850 manat məbləğində borc pul verilmiş, nəticədə iddiaçı ilə Maraqlı şəxs arasında tərtib edilmiş müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə Maraqlı şəxs borcu iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, lakin borcun qaytarılması ilə bağlı hər hansı bir sübit müəyyən edilməmiş, cavabdeh özü də məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, borcun qatarıldığını təsdiq edəcək hər hansı bir sübutu yoxdur. 58.Eyni zamanda məhkəmə kollegiyasının iclasında cavabdeh etiraf etmişdir ki, müqavilə üzrə borclu olan atasına məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 52, 10 nörməli mənzildə hazırda digər cavabdehlərdə birgə yaşayır, evin işıq-qaz pulunu onlar ödəyirlər. 59.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası miras əmlakın cavabdehlər tərəfindən qəbul edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, qanunvericiliklə miras əmlakın qəbulunun 2 forması müəyyən edilmişdir: 1.Faktiki olaraq mirasın qəbul edilməsi. 2.Notariat qaydasında mirasın qəbul edilməsi. 60.Belə ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 61.Göründüyü kimi qanuvericiliyə əsasən miras əmlakın vərəsələr tərəfindən fakitki qəbul edilməsi, əmlaka sahiblik edilməsi və ya onun idarə edilməsi üzrə vərəslərin fəaliyyəti kifayət edir ki, miras əmlak vərəsələr tərəfindən qəbul edilmiş hesab olunsun. 62.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. 63.Kollegiya qeyd edir ki, borclu Maraqlı şəxs iddiaçıdan aldığı borcu vaxtında qaytarmamış, bununla da o, borc müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlər müqavilə üzrə borclu Maraqlı şəxs vərəsəsi kimi miras əmlakı qəbul etdiklərindən onlar, Mülki Məcəllənin 1306.1-ci madddəsinin tələbinə əsasən miras qoyanın öhdəlikləri üçün məsuliyyət daşımaq öhdəliyini də öz üzərlərinə götürmüş olurlar. 64.Kollegiya eyni zamanda qeyd edir ki, miras əmlak Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 3 otaqlı mənzildən ibarət olmaqla, həmin mənzilin dəyərinin 6850 manat məbləğində borc məbləğindən dəfələrlə artıq olması hamıya bəlli olan hal olduğundan və bu halı iş üzrə tərəflər mübahisələndirmədiyindən, mənzilin dəyərinin müəyyən edilməsinə zərurət yaranmır. Digər tərəfdən cavabdehlər miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməmişlər. 65.Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər borclunun vərəsələri kimi tələb olunan borc məbləğindən artıq həcmdə miras aktivini qəbul etdiklərindən, məhkəmə iddia tələbini təmin etməklə qanuni və əsaslı hüquqi nəticəyə gəlmişdir. 66.Kollegiya apellyatorların iddia müddətinin ötürülməsi, məhkəmə tərəfindən düzgün hesablanmaması ilə bağlı dəlillərini əsassız hesab edərək, qeyd edir ki, iddiaçı və mərhum Maraqlı şəxs arasında bağlanmış 07 fevral 2013-cü il tarixli kredit müqaviləsinə əsasən borc pulun xx.xx.2014-cü il tarixinədək İddiaçı tam qaytarılmalı olduğu razılaşdırılmışdır. Bundan sonra tərəflər arasında 02 fevral 2021-ci il tarixli borcun etirafı müqaviləsi bağlanmış, Maraqlı şəxs xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, 22 saylı notariat kontorunda reyestrdə 3M/26 nömrə ilə qeyd olunaraq təsdiqlənən kredit müqaviləsi üzrə İddiaçı 6850 manat borc pul məbləği aldığını etiraf edərək, həmin məbləği xx.xx.2021-ci il tarixindən başlayaraq 3 il müddətində geri qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı qeyd olunan borcun etirafı müqaviləsinə əsasən 6850 manat məbləğin cavabdehlərdən öz xeyrinə tutulmasını xahiş edir. Yəni iddiaçının tələbi Maraqlı şəxs ilə arasında bağlanmış borcun etirafı müqaviləsinə əsaslanır. Qeyd olunan müqavilə xx.xx.2021-ci il tarixdə bağlanmış, borcun qaytarılmalı olduğu son tarix–xx.xx.2024-cü il tarixi olaraq razılaşdırılmışdır. Yəni, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən 3 illik iddia müddətinin axımı müvafiq olaraq həmin andan – xx.xx.2024-cü il tarixdən başlamışdır. İddiaçı tərəfindən isə xx.xx.2024-cü il tarixdə cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır. 67.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsininləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 68.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 69.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 70.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 71.Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı məhkəmənin gəldiyi nəticə prosessual qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. 72.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2(005)-2223/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar