Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7561/2022 15.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3213/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Astara rayonu, Ərçivan qəsəbəsində yaşayır.
2. xx.xx.2021-ci il tarixdə həmin kəndin ərzisində iddiaçıya məxsus bir baş sağmal inək elektrik cərəyanı vurması nəticəsində ölmüş və bununla bağlı akt tərtib edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonun Ərçivan qəsəbəsi ərazisində elektrik cərəyanı vurulması nəticəsində bir baş inəyin ölməsi ilə bağlı vurulmuş 2.600 manat məbləğində ziyanı və 46 manat 40 qəpik dövlət rüsumunu "xxxx" ASC-nin tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Astara rayonu Ərçivan qəsəbəsi ərazisində 4 saylı orta məktəbin yanında olan transformatorun yanında xx.xx.2021-ci il tarixdə bir baş sağmal inəyi elektrik cərəyanı vurması nəticəsində ölmüşdür. Bu barədə 02 dekabr 2021ci il tarixdə akt tərtib edilmiş və aktın tərtibində iştirak etmiş şəxslər bir baş inəyin elektrik cərəyanı vurması nəticəsində ölməsini təsdiq etmişlər. Bir baş inəyi elektrik cərəyanı vurması nəticəsində ölməsi xx.xx.2022-ci il tarixli yarma protokolu ilə də təsdiq edilir. Bir baş inəyinin elektrik cərəyanı vurulması ilə bağlı ölməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı aidiyyəti üzrə müraciət edilmiş, ona maddi ziyanın vurulması ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona vurulmuş ziyan 2.600 manat təşkil edir və buraya bir baş inəyin diri çəkisinə görə qiyməti və əldən çıxmış fayda daxildir. Bir baş inəyi sağmal olmuş və əldən çıxmış faydanın ona ödənilməsini tələb edir.
5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3213/2022 saylı qətnaməsi ilə (hakim C.Musayeva) iddia qismən təmin edilmiş, dəymiş maddi zərərə görə 1.600 manat və dövlət rüsumu kimi ödənilmiş 46,40 manatın 29 manatı, cəmi 1.629 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-ddən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia digər hissədə rədd edilmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, 1 baş iri buynuzlu heyvanın tələf olması yüksək dərəcəli transformatorun qoruyucu hasara alınmdan, açıq və baxımsız vəziyyətdə qalması nəticəsində baş vermişdir. Belə ki, Ərçivan qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi Cəbrayıl Salmanov, Ərçivan qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin müavini İlqar Mehtiyev, Ərçivan qəsəbə üzrə özəl baytar mütəxəssisi Əzim İsrafilov və X6 Asif Zeynalov tərəfindən heyvan sahibi İddiaçı iştirakı ilə xx.xx.2021-ci il tarixdə bu faktı təsdiq edən akt tərtib edilmişdir. Bundan əlavə özəl baytar həkimi İsrafilov Əzim tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli yarma protokolu ilə də bu fakt öz təsdiqini tapmışdır. Hadisənin "xxxx" ASC-nin əməkdaşlarının səhlənkarlığı ucbatından baş verdiyini təkzib edən hər-hansı sübut isə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, zərərin mövcud olması, cavabdehin hərəkətsizliyinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi, yəni səbəbli əlaqənin mövcud olması iş materiallarına əsasən öz təsdiqini tapmışdır.
7. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci maddələrinə, “Elektrik enerjisindən istifadə Qaydaları”-nın 10.1, 10.17, 10.18.2-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(006)-3213/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində cavabdeh "xxxx" ASC-nin ərazidə yerləşən elektrik transformatorunun saz vəziyyətdə saxlanılmadığını, həmçinin aidiyyəti qurğularla bağlı texniki təhlükəsizlik qaydalarının tələblərinin pozulmasını əsas gətirsə də, tərəflərindən konkret hansı təhlükəsizlik qaydalarının tələblərinin pozulmasını və bu tələblərin pozulması ilə iddiaçıya dəymiş ziyan arasında hər hansı səbəb nəticə əlaqəsinin olmasını və cavabdeh "xxxx" ASC-nin təqsirinin konkret olaraq nədə ifadə olunmasını müəyyən etməmişdir. Hazırki iş üzrə məhkəmənin sübut qismində qəbul etdiyi Ərçivan qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi Cəbrayıl Salmanov, Ərçivan qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin müavini İlqar Mehtiyev, Ərçivanqəsəbə üzrə özəl baytar mütəxəssisi Əzim İsrafilov, X6 Asif Zeynalov və heyvan sahibi İddiaçı iştirakı ilə adlı şəxslərin iştirakı ilə tərtib olunmuş 02 dekabr 2021-ci il tarixli akt hadisənin birbaşa şahidi olan şəxslər tərəfindən deyil, hadisə baş verdikdən sonra onun nəticəsinin şahidi olmuş şəxslər tərəfindən tərtib olunmuşdur. Bu səbəbdən də bu hal özlüyündə qeyd edilən aktın həqiqiliyinə əsaslı şübhələr olduğunu əks etdirir. Həmçinin mal-qaranın dəqiq ölmə səbəbini özündə əks etdirən özəl baytar həkimi İsrafilov Əzim müvafiq yarılma protokolu və ya baytar tərəfindən tələf olunmuş heyvanın daxili və xarici müayinəsinin aparılıb aparılmaması, heyvanın yarılması və laboratariyada araşdırılması üçün daxili orqanalarından nümunələrin götürülməsi, heyvanların dərisinin tamlığının pozulması, tələf olunmuş mal-qaranın basdırılması və s. bu kimi halları təsdiqləyən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
16. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilərək, iddianın təmin edilmiş hissədə rədd edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin iddia tələbinin təmin olunan hissəsində yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
17. 1096-cı maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
19. 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə Qaydaları”nın:
20. 1-ci bəndinə görə, mühafizə zonası - elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələrdir.
21. 2-ci bəndinə görə, bu Qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin (bundan sonra — elektrik şəbəkələri) qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir. Elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir.
AR Mülki Prosessual Məcəlləsinin:
22. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
26. İşin araşdırılan halları ilə müəyyən edilir ki, 1 baş iri buynuzlu heyvanın tələf olması yüksək dərəcəli transformatorun qoruyucu hasara alınmadan, açıq və baxımsız vəziyyətdə qalması nəticəsində baş vermişdir.
27. Belə ki, Ərçivan qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi Cəbrayıl Salmanov, Ərçivan qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin müavini İlqar Mehtiyev, Ərçivan qəsəbə üzrə özəl baytar mütəxəssisi Əzim İsrafilov və X6 Asif Zeynalov tərəfindən heyvan sahibi İddiaçı iştirakı ilə xx.xx.2021-ci il tarixdə bu faktı təsdiq edən akt tərtib edilmişdir.
28. Bundan əlavə, özəl baytar həkimi İsrafilov Əzim tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli yarma protokolu ilə də bu fakt öz təsdiqini tapmışdır.
29. İddiaçının təqdim etdiyi fotoşəkildən də görünür ki, bir baş inək transformator qurğusunun yanında hərəkətsiz vəziyyətdə yerdə qalmışdır.
30. İş materiallarından belə nəticəyə gəlmək olur ki, iddiaçıya məxsus bir baş inəyin tələf olması ilə nəticələnmiş hadisə cavabdeh "xxxx" ASC-nin balansında olan transformator qurğusunun mühafizəsi ilə bağlı zəruri tədbirlərin görülməməsi nəticəsində inəyin həmin qurğuya toxunaraq elektrik cərəyanı vurması nəticəsində baş vermişdir. Bu isə hadisənin cavabdeh təşkilatın əməkdaşlarının səhlənkarlığı ucbatından baş verdiyini təsdiq edir. Bu halı təkzib edən hər-hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, elektrik şəbəkələrinin qorunmasını, onların mühafizə zonasını müəyyən etmək bilavasitə elektrik ötürücü xətlərinin istismarçısının, yəni, hazırki cavabdehin vəzifəsidir. Belə olan halda transformatorun qoruyucu hasara alınmadan, açıq və baxımsız vəziyyətdə qalması nəticəsində iddiaçıya məxsus 1 baş inəyin tələf olmasının məsuliyyəti "xxxx" ASC-nin üzərinə düşür. Belə ki, lazımi qaydada elektrik şəbəkəsinin mühafizəsini təmin etməyən ASC törətdiyi deliktə görə iddiaçıya vurulmuş zərərin əvəzini ödəməlidir.
32. Vurulmuş ziyanın məbləğinə aid hissədə Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
33. Məhkəmə kollegiyası 02 dekabr 2021-ci il tarixdə tərtib olunmuş aktın hadisənin birbaşa şahidi olan şəxslər tərəfindən deyil, hadisə baş verdikdən sonra onun nəticəsinin şahidi olmuş şəxslər tərəfindən tərtib olunması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, bu hal birinci instansiya məhkəməsində mübahisələndirilməmiş, yalnız hadisənin iddiaçının diqqətsizliyi nəticəsində baş verməsi bildirilmişdir.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
35. Kollegiya həmçinin qeyd edir ki, mübahisələndirilinən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3213/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.