Məhkəmə qərarları › İş №2(103)-7567/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7567/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7567/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İlham Kərimlidən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iş üzrə icraata xitam verilsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət əsassızdır. Belə ki, cavabdeh iddianın verilməsindən əvvəl ölüb. Ölmüş şəxs iddia ərizəsində cavabdeh kimi göstərilib. İnsan öldükdən sonra fiziki şəxs hesab olunmur, mülki işdə cavabdeh fiziki şəxs olmalıdır (MPM, maddə 50.3). Ölmüş şəxs cavabdeh hesab olunmadığından ona qarşı verilmiş iddiaya məhkəmə qaydasında baxılmalı deyil. İş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir (MPM, maddə 261.0.1). Yasamal RM iş üzrə icraata düzgün olaraq bu əsasla xitam verib. Şikayətdə hüquq varisiliyi ilə bağlı məsələyə istinad olunub. Cavabdeh iddia ərizəsinin verilməsindən əvvəl öldüyünə görə prosessual hüquq varisliyinə yol verilmir (MPM, maddə 58). Ölən şəxs sağlığında prosessual hüquqi statusa (cavabdeh statusuna) malik olduğu halda prosessual hüquq varisliyi, yəni prosessual hüquq və vəzifələrin başqa şəxsə keçməsi mümkündür. Əgər şəxs iddia verilənə qədər ölürsə o, prosessual hüquqi statusa malik olmur. Olmayan status isə başqasına keçə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət rədd olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar