Məhkəmə qərarları › İş №2(103)-7568/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7568/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7568/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1596/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1596/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “mülkiyyət hüququna yaradılmış maneələrə son qoyulması və icarə haqqının tutulması” tələbinə dair iddiası təmin olunmuş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X2 və X1 qarşı “cavabdehlərə müqavilənin qüvvədə olma müddəti bitənə qədər fəaliyyətinə yaradılmış və yaradıcılacaq maneələrin qadağan edilməsi və pul” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-5627/2022 nömrəli qərardadına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1596/2022 saylı iş üzrə 04 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və mülki işin apellyasiya şikayətinin geri qaytarılması, yaxud prosessual müddətin ötürülüb-ötürülmədiyi məsələsinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada münasibət bildirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1596/2022 saylı qərardadı ilə həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1596/2022 saylı qərardadı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1596/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından ilkin iddia üzrə Cavabdeh tərəfindən verilən şikayətin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinə xx.xx.2022-ci il tarixli 2(103)-6543/2022 nömrəli qərardadına əsasən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2(004)-1596/2022 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ərizə ilə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 1596/2022 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini və mülki işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsi e-2(004)- 1596/2022 saylı qətnaməsinin surəti rəsmi olaraq ona verilməmiş və göndərməmişdir. Dəfələrlə şifahi müraciət etsə də, məhkəmə iclas katibi telefonuna cavab olaraq bildirmişdir ki, qətnamənin surəti onun ünvanına guya göndərilib. Məhkəmənin qətnaməsinin surətinin ona verilmədiyi halda məhkəmə qətnaməni icra olunmaq üçün onun yaşadığı ünvan üzrə (aidiyyatı üzrə) Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Bakı şəhər Nəsimi rayon İcra Şöbəsinə icra vərəqəsi əsasında icra olunmaq üçün göndərmişdir. Bakı şəhər Nəsimi rayon İcra Şöbəsinin icra məmurunun mənə zəng edərək icra şöbəsinə dəvət etməsinin səbəbi ilə maraqlandıqda ona məlum olmuşdur ki, məhkəmə qətnamənin surətini ona rəsmi olaraq göndərmədən qətnaməni icraya göndərmişdir. Bundan sonra o, ərizə ilə rəsmi olaraq Bakı şəhər Yasamal Rayon Məhkəməsinə müraciət edərək, qətnamənin surətini rəsmi olaraq ona verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixində o, qəbzə imza edib, tarix qoymaqla qətnamənin surətini rəsmi olaraq almışdır. Məhkəmələr apellyasiya şikayətinin geri qaytarılmasında ona istinad edirlər ki, onun vəkili və nümayəndəsi Vəkil2 elektron məlumat kabinetinə qətnamə yerləşdirilib və bu səbəbdəndə qətnamə guya ona göndərilmiş hesab edilir. Vəkil2 onun vəkili olmuş, nümayəndəsi olmamışdır. Sonradan fəaliyyəti qane etmədiyindən ondan imtina etmiş və sonrakı şikayətlərini də özü vermişdir. O, yalnız Yasamal rayon Məhkəməsinə ərizə ilə mürtaciət etdikdən sonra məhkəmə rəsmi olaraq xx.xx.2022-ci il tarixində e-2(004)- 1596/2022 saylı qətnamənin surəti ona rəsmi olaraq verilmişdir. Hesab edir ki, o, e-2(004)- l596/2022 saylı qətnamənin surətini rəsmi olaraq xx.xx.2022-ci il tarixində rəsmi aldıqdan sonra prosesual müddətə əməl etməklə apellyasiya şikayəti etdiyindən, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosesual müddəti ötürməmişdir. Lakin Yasamal rayon Məhkəməsi sözügedən qətnaməni nümayəndəsi olmayan vəkilin elektron kabinetinə yerləşdirmiş, həmin qətnaməni ona verməmiş və göndərməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1596/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır (Hakim: Kərim Xudayev). Cavabdeh tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1596/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1596/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya işin hallarını nəzərdən keçirərək, hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “...Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-1596/2022 saylı qətnaməsinin surətinin xx.xx.2022-ci il tarixdə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh göndərildiyi, həmçinin xx.xx.2022-ci il tarixdə onun vəkilinin elektron kabinetinə yerləşdirildiyi müəyyən edilmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab etmişdir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən ilkin iddia üzrə cavabdeh qətnamənin surətini xx.xx.2022-ci il tarixdə almışdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 1596/2022 saylı qətnaməsindən apellyasiya şikayətini xx.xx.2022-ci il tarixdə verməklə qanunla müəyyən edilmiş müddəti ötürmüşdür.”. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qənaətini onunla əsaslandırır ki, iş materiallarından görünür ki, məhkəmənin qətnaməsi Cavabdeh göndərilsə də, zərf “qapı bağlıdır” qeydi ilə geri qayıtmışdır (İ cild, i.v. 174). Belə olduğu təqdirdə, ərizəçinin həmin qətnaməni hansı tarixdən almasını müəyyənləşdirmək mümkün deyildir. Qətnamənin Cavabdeh vəkilinin elektron kabinetinə yerləşdirilməsinə istinad etməsinə dair məhkəmənin mövqeyi Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olmamışdır. İş materiallarından görünür ki, Vəkil2 Cavabdehyalnız vəkili olmuş, etibarnamə üzrə nümayəndəsi olmamışdır. Bu halda, onun qətnamədən məlumatı olsa da, Cavabdeh adından apellyasiya şikayəti vermək səlahiyyəti olmamışdır. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, Cavabdeh qətnaməni rəsmi şəkildə məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixində almış və 1 aylıq prosessual müddəti ötürmədən, xx.xx.2022-ci il tarixində apellyasiya şikayətini elektron kabinetə yerləşdirmişdir. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, Cavabdeh prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməli, ötürülmüş prosessual müddət bərpa edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1596/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş apellyasiya baxışına təyin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1596/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddət buraxılmamış hesab edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1596/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışına təyin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar