Məhkəmə qərarları › İş №2(103)-7573/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7573/2023

26.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7573/2023 26.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə (açar sözlər: alimentin məbləğinin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(008)-3820/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh 12 iyul 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar.

2. Tərəflərin birgə nikahından 09 aprel 2012-ci il tarixdə X6 anadan olmuşdur.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli, 2(008)- 240/13 nömrəli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması, uşağın ananın himayəsində saxlanması və saxlanılması üçün 93 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(008)- 1377/2022 nömrəli qətnaməsinə əsasən, alimentin miqdarı artırılaraq 150 manat müəyyən edilmişdir.

5. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən 23 noyabr 2015-ci il tarixdə Cavabdeh 2-ci qrup əlillik dərəcəsi müəyyən edilmiş və növbəti müayinə tarixi 23 noyabr 2016-cı il tarixə təyin edilmişdir.

6. Elektron məhkəmə sistemindən eldə edilmiş məlumata əsasən Cavabdeh hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində inşaat fəhləsi vəzifəsində işləyir və 345 manat məbləğində əmək haqqı alır.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 09 aprel 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin nikahı Sabunçu rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli qətnaməsilə pozulmuş, uşaqları Zəhranın saxlanması üçün 93 manat məbləğində aliment tutulmuş, 01 mart 2022-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 150 manat müəyyən edilmişdir. Hal-hazırda Zəhranın 11 yaşı var, 150 manat onun tələbatını ödəmir.

9. Cavabdeh iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, tərəfindən hər ay aliment ödənilir və iddiaçıya aliment borcu yoxdur. Uzun müddətdir ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası, ürək çatışmazlığı, hipertoniya xəstəliyindən əziyyət çəkir və Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona İİ dərəcəli əllilik verilmişdir. Tələb edilən miqdarda alimenti ödəmək iqtidarına malik deyil, qazancı aldığım əlliliklə bağlı pensiyadan ibarətdir, başqa gəlir və qazancı yoxdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qətnaməsi ilə aliment müəyyən edildiyi vaxtdan onun maddi vəziyyətində hər hansı bir dəyişiklik, yaxşılaşma halı baş verməmişdir. Qanunun normasında tərəflərdən birinin maddi vəziyyətində dəyişiklik olduğu halda aliment miqdarının dəyişdirilməsi nəzərdə tutulmuşdur. Lakin, onun maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamış və alimentin miqdarının dəyişdirilməsi üçün əsas yaranmamışdır . İddiaçı tərəfindən aliment məbləğinin artırılması üçün onun yetərli vəsaitə malik olmağı barədə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələbinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. İddiaçının da bir valideyn kimi uşağın maddi tələbatlarının ödənilməsi vəzifəsi vardır və bu vəzifənin tək bir valideynin öhdəsinə qoyulması qanunvericilikdə nəzərdə tutulmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 fevral 2018-ci il tarixli qətnaməsi ilə onun uşaqla ünsiyyətdə olmağına dair iddia tələbi qismən təmin edilmiş və hər həftənin şənbə günləri ünsiyyətdə olmaq hüququ verilmişdir. İddiaçı bununla uşağn ünsiyyət qurmasına maneçilik törətməyə çalışır. Artıq uzun müddətdir ki, o, uşaqla görüşüb ünsiyyətdə ola bilmir. İddiaçı məqsədli şəkildə uşaqla ünsiyyətinə imkan vermir, iddiaçı heç də uşağın mənəvi və psixoloji inkişafını deyil, öz şəxsi maraqlarını güdür.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(008)- 3820/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 09 aprel 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

11. Qətnamə onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 220 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşağın maraqlarını pozduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(008)-3820/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsinə və iddianın rədd edilməsinə, iddianın qalan hissədə rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Şikayətinin dəlillərinə görə, cavabdeh tərəfindən hər ay aliment ödənilir və iddiaçıya aliment borcu yoxdur. Həmçinin, iddiaçı tərəf uzun müddət qətnamənin icrasından yayınmışdır, cavabdehin uşaqla ünsiyyətdə olmağına şərait yaratmamışdır və icra tədbirləri nəticəsində uşaqla ünsiyyətdə olmağı mümkün olmamışdır. Uşaqla bir neçə dəfə görüşərkən cavabdehlə ünsiyyətdə olmaq istəməmişdir , ona nə isə almaq , birlikdə parkda gəzmək təkliflərinə etinasız yanaşmışdır və o, bunu hiss etmişdir ki, uşaq təsir altında olduğundan bu cür davranmışdır. Məlum olmuşdur ki, uşağa anası və nənəsi – X4 tərəfindən psixoloji təsir edilir, cavabdehi uşağın yanında daima pisləyirlər, onun barəsində uşaqda mənfi rəy formalaşdırırlar və bu da təbii ki, uşağın ona olan münasibətinə çox ciddi şəkildə mənfi təsir göstərir. Onlar uşağın psixologiyasına təsir göstərir, uşaqda valideynə qarşı mənfi emosiyaların formalaşmasına şərait yaradır və iddiaçı bununla uşağın cavabdehlə ünsiyyət qurmasına maneçilik törətməyə çalışır. Artıq uzun müddətdir ki, cavabdeh uşaqla görüşüb ünsiyyətdə ola bilmir. İddiaçı məqsədli şəkildə cavabdein uşaqla ünsiyyətinə imkan vermir, əksinə isə aliment məbləğinin artırılması tələbini irəli sürür, aydın olur ki, iddiaçı heç də uşağın mənəvi və psixoloji inkişafını deyil, öz şəxsi maraqlarını güdür. Cavabdeh uzun müddətdir ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası, ürək çatışmazlığı, hipertoniya xəstəliyindən əziyyət çəkir və Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona İİ dərəcəli əllilik verilmişdir. O, tələb edilən miqdarda alimenti ödəmək iqtidarına malik deyil, qazancı aldığı əlilliklə bağlı pensiyadan ibarətdir, başqa gəlir və qazancı yoxdur. O cümlədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə aliment müəyyən edildiyi vaxtdan cavabdehin maddi vəziyyətində hər hansı bir dəyişiklik, yaxşılaşma halı baş verməmişdir, 200 manat aliment ödənilməsi mümkün olmayacaqdır, bunun üçün heç pensiya məbləği belə yetərli deyildir və onun özünün maddi tələbatlarının ödənilməsi üçün maddi vəsaitə ehtiyacı vardır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı:

“Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. ... Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. ... - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”

20. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ... uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

21. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

22. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli Qərarı:

8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayəti ilə qətnamə iddia təmin olunan hissədə mübahisələndirildiyindən, məhkəmə aktı yalnız həmin hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

26. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin əsaslandırılması ilə razılaşaraq, qeyd edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilmiş tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş verməsi əsası ilə artıq təyin edilmiş alimentin məbləği dəyişdirilərkən ailə və ya maddi vəziyyətdə hansı dəyişikliyin olduğunu müəyyən edilməli, alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsiri nəzərə alınmalıdır.

27. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe də ondan ibarət olmuşdur ki, bu cür iddialara baxılarkən “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”

28. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

29. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(008)- 3820/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(008)- 3820/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Məhəmməd Rüstəmli

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar