Məhkəmə qərarları › İş №2(103)-7580/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7580/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7580/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3142/2021 saylı, 09.06.2021-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 4644,84 manat, faiz borcuna görə 271,92 manat, dəbbə borcuna görə 483,84 manat, cəmi 5400,60 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun iddia İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Daha sonra İddiaçı ASC-nin nümayəndəsi Əbilfəz Zeynallı məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə iştirakı olmadan baxılması və iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 09.06.2021-ci il tarixli, 2(004)-3142/2021 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır (sədrlik edən: Gülnar Babazadə). 25.06.2021-ci il tarixdə İddiaçı ASC həmin qərardaddan şikayət ərizəsi verərək Yasamal Rayon Məhkəməsinin 09.06.2021-ci il tarixli 2(004)-3142/2021 saylı qərardadının ləğv olunmasını və mülki işin təzələnməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3142/2021 saylı, 29.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən 09 iyun 2021-ci il tarixdə əldə olunmuş çıxarışdan müəyyən olunur ki, xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş və Bakı şəhəri Yasamal rayonu H.ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 25.12.2020-ci il tarixdə ölmüşdür. Kollegiya iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, hazırki iş məhkəmədə baxılmalı olmadığına görə, Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməklə doğru nəticəyə gəlmişdir. İşin hallarından görünür ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh iddia ərizəsinin 19.04.2021-ci il tarixdə məhkəməyə verilməsindən əvvəl, yəni 25.12.2020-ci ildə ölmüşdür. Mülki Məcəllənin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Odur ki, insan öldükdən sonra fiziki şəxs hesab olunmur. Azərbaycan Respublikası MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Yəni, mülki prosesdə cavabdeh, fiziki şəxs olmalıdır, ölmüş şəxs cavabdeh hesab olunmadığından, ölmüş şəxsə qarşı verilmiş iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildir. Hüseynov X1 iddia ərizəsi verilməmişdən əvvəl öldüyünə görə hazırkı iş üzrə prosessual hüquq varisliyinə yol verilmir. Belə ki, ölən şəxs sağlığında prosessual hüquqi statusa (iddiaçı, cavabdeh və sair) malik olduğu halda, prosessual hüquq varisliyi (prosessual hüquq və vəzifələrin başqa şəxsə keçməsi) mümkündür. İddia verilənə qədər şəxs ölmüşdürsə, o, prosessual hüquqi statusa malik olmur, ölmüş şəxsin malik olmadığı status isə başqa şəxsə keçə bilməz. MPM-in 58-ci maddəsinin mənası da bunu təsdiq edir. Ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddısinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim işə xitam verir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3142/2021 saylı, 09.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3142/2021 saylı, 09.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar