Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7582/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(004)-490/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında bağlanmış 18 may 2016-cı il tarixli 3 saylı alqı-satqı müqaviləsinə əsasən 1600 manat əsas borcun və 1008 manat cərimənin, 10 avqust 2016-cı il tarixli 2 saylı alqı-satqı müqaviləsinə əsasən 3980 manat əsas borcun və 2340 manat cərimənin, 29 sentyabr 2016-cı il tarixli 8 saylı alqı-satqı müqaviləsinə əsasən 27630 manat əsas borcun və 13815 manat cərimənin, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 50403 manat pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər arasında qızıl zinət əşyalarının nisyə alqı-satqısı ilə bağlı müqavilələr bağlanmış, həmin müqavilələr üzrə alınmış əşyaların dəyərinin bir hissəsi ödənilmiş, bir qismi isə ödənilməmişdir. Müqavilələrdə öhdəliyin vaxtında yerinə yetirilməməsinə görə cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehin iddiaçıya borclu olması onun barəsində dələduzluq faktına görə aparılmış cinayət işinin istintaqı zamanı da təsdiq olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(004)-490/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 28710 manat əsas borc, 200 manat cərimə və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, qızıl zinət əşyalarının real dəyəri ilə bağlı məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası keçirilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(004)-490/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 18 may 2016-cı il tarixli 3 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh dəyəri 2800 manat olan qızıl dəsti verməyi, cavabdeh isə 10 ay müddətində hissə-hissə 2800 manatı İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 18.05.2016-cı il tarixli bildirişdən görünür ki, Cavabdeh müqaviləyə uyğun olaraq ödənişi gecikdirəcəyi halda məsuliyyəti və ödəməli olduğu cərimə barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 18.05.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, Cavabdeh ödəməli olduğu məbləğ 2800 manatdır. Cavabdeh 26.06.2016-cı il tarixdə, 24.07.2016-cı il tarixdə, 10.08.2016-cı il tarixdə, 10.09.2016-cı il tarixdə hər ay 300 manat olmaqla ödəniş etmiş və 1600 manat borcu qalmışdır. İş materiallarında olan müqavilənin şərtlərinin pozulmasına görə müqavilənin 6.1.3-cü bəndinə uyğun olaraq hesablanmış cərimə cədvəlinə əsasən Cavabdeh 1008 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan 10.08.2016-cı il tarixli 2 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı ümumi dəyəri 4680 manat olan qızıl zinət əşyalarını Cavabdeh verməyi öhdəsinə götürmüş, Cavabdeh isə həmin məbləği 16 ay müddətində hissə-hissə (aylıq 293 manat olmaqla) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 10.08.2016-cı il tarixli bildirişdən görünür ki, Cavabdeh müqaviləyə uyğun olaraq ödənişi gecikdirəcəyi halda məsuliyyəti və ödəməli olduğu cərimə barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 10.08.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, Cavabdeh 04.09.2016-cı il tarixdə 400 manat, 18.09.2016-cı il tarixdə 300 manat ödəniş etmiş və onun 3980 manat borcu qalmışdır. İş materiallarında olan müqavilənin şərtlərinin pozulmasına görə müqavilənin 6.1.3-cü bəndinə uyğun olaraq hesablanmış cərimə cədvəlinə əsasən Cavabdeh 2450 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan 29.09.2016-cı il tarixli 8 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı ümumi dəyəri 25630 manat olan qızıl zinət əşyalarını Cavabdeh verməyi öhdəsinə götürmüş, Cavabdeh isə həmin məbləği 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 29.09.2016-cı il tarixli bildirişdən görünür ki, Cavabdeh müqaviləyə uyğun olaraq ödənişi gecikdirəcəyi halda məsuliyyəti və ödəməli olduğu cərimə barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 29.09.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, Cavabdeh 25630 manat pulu hər ay 1424 manat olmaqla 18 ay müddətinə ödəməlidir və onun həmin müqavilə üzrə 25630 manat borcu var. İş materiallarında olan 23.01.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh ödədiyi 2400 manat pulu müstəntiq vasitəsilə qəbul etmiş və cavabdeh barəsində həbssiz istintaq aparılmasına etiraz etməmişdir. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankına məxsus 21.11.2019-cu il tarixli, 03.12.2019-cu il tarixli və 10.12.2019-cu il tarixli mədaxil qəbzlərindən görünür ki, Əfəndiyeva Elmira tərəfindən İddiaçı məxsus hesab nömrəsinə müvafiq olaraq 500 manat, 300 manat və 300 manat pul köçürülmüşdür. İş materiallarında olan "xxxx" (Azərbaycan) QSC-yə məxsus 08.01.2020-ci il tarixli, 24.01.2020-ci il tarixli və 18.02.2020-ci il tarixli qəbzlərdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı məxsus hesab nömrəsinə hər dəfə 500 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələr bağlanmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, iddiaçı tərəf müqavilə üzrə öz öhdəliyini yerinə yetirmiş, cavabdeh tərəf isə 18.06.2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə 1600 manat, 10.08.2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə 3980 manat, 29.09.2016-cı il tarixli alqısatqı müqaviləsi üzrə 25630 manat, cəmi 31210 manat borcunu qaytarmamışdır. Sonradan həmin borclardan bir qismi ödənilmiş və cavabdehin iddiaçıya 28710 manat borcu qalmışdır. Qızıl-zinət əşyalarının faktiki dəyərinin müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilməməsi ilə bağlı apellyatorun arqumentinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən ekspertiza keçirilməsi barədə cavabdeh heç bir vəsatət qaldırmamış, şikayətdə isə vəsatəti əsaslandırmamışdır. Eyni zamanda tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrində də qızılların qiyməti qarşılıqlı razılıq əsasında müəyyən edilmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(004)-490/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7582/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7582/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver