Məhkəmə qərarları › İş №2(103)-7586/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7586/2021

27.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7586/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı X3 və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1993/2021 saylı iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X8 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.10.2008-ci il təvəllüdlü X2, 16.02.2010-cu il təvəllüdlü X6 və 11.01.2007-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq, hər bir uşağa görə hər ay 170 manat, cəmi 510 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1993/2021 saylı iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin 04.03.2020-ci il tarixli, 2(107)-461/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 12.10.2008-ci il təvəllüdlü X2, 16.02.2010- cu il təvəllüdlü X6 və 11.01.2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat, cəmi 525 manat sabit pul məbləğində aliment alınaraq, X3 xeyrinə ödənilməsi, X3 himayəsində olan sağlamlıq imkanları məhdud uşaqları- 16.02.2010-cu il təvəllüdlü X6 və 11.01.2007-ci il təvəllüdlü X7 xəstəlikləri ilə əlaqədar 2020-ci ilin mart və aprel ayları üçün cavabdehə ödənilmiş hər ay 400 manat olmaqla, ümumilikdə 800 manat təqaüd cavabdehdən alınaraq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında əmək haqqı barədə məhkəməyə arayış tədqim edərək gəlirinin müntəzəm olmasını göstərmişdir. Məhkəmə isə bu hala heç istinad belə etməmişdir. Ağsu Rayon Məhkəməsinin 2(016)-412/2019 saylı qətaməsinə əsasən hər uşaq üçün 120 manat olmaqla, 360 manat aliment tutulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 04.03.2020-ci il tarixli qətnaməsinə əsasən hər uşağa 100 manat olmaqla 300 manat pul tutulması qət edilmişdir. Hər ay müntəzəm şəkildə, heç bir gecikmə olmadan təyin olunmuş alimenti ödəmişdir. Məhkəmə tərəfin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdı. Məhkəmə bu halı da nəzərə almamışdır. Digər bir hal isə cavabdeh sonrakı məhkəmə iclasında tələbini artıraraq əlavə 2020-ci ilin mart, aprel aylarının uşaqların əlillliklərinə görə ödənilmiş 800 manat təqaüdün Cavabdeh tutulmasını xahiş etmişdir. Məhkəmə həmçinin bu halı təsdiq edən hər hansı bir sübutun olmamasını nəzərə almayaraq bu hissədə də iddianı qanunsuz və əsassız olaraq təmin etmişdir. 29 yanvar 2021-ci il tarixdə Kürdəmir Regioanl “Asan Xidmət” Mərkəzində yenidən nikaha daxil olmuş və bu nikahdan da yeni övladı doğulacaqdır. Apelyasiya şikayətinə əlavə etdiyi sənədlərdən də göründüyü kimi xəstəliyi ilə əlaqədar vaxtaşırı müalicələrdə olur. Kürdəmir Rayon Təhsil Şöbəsi tərəfindən verilmiş arayışdan da görünür ki, Kürdəmir Rayon UGŞM-də müəllim işləməklə 170 manat maaş alır. Bundan əlavə hər ay uşaqların əliliiyi ilə əlaqədar 400 manat müavinət almasına əsaslanaraq 2 ayın onun götürməyini qeyd edərək ondan 800 manat tutulmasını xahiş etmişdir. Bu hal sübut edir ki, iddiaçı uşaqların müalicəsi və təminatının ödənilməsi üçün hər ay 400 manat müavinət alır. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, boşanmadan sonra da 6 ay bir yerdə yaşayıblar. Sonra da iddiaçı barəsində polisə şikayət etdi. Məhkəmə zamanı işləməsi barədə arayış təqdim etmişdir. O, uşaqlarını görə bilmir. İddiaçı Gürcüstan vətəndaşı olduğuna görə uşaqların pensiya kartı onun adına olub. Həmin vaxt kartda olan 800 manatı çəkib iddiaçıya vermişdir. Əvvəlki təyin edilən məbləğ ilə razıdır. Yəni, hər uşağa görə 100 manat verə bilər. Məhkəmə iclasında iddiaçı X8 bildirdi ki, uşaqlardan ikisi əlildir, hərəsinə dövlət tərəfindən 150 manat təqaüd verilir, onlara qulluğa görə də hər uşaq görə də 50 manat özü alır. Əvvəlki məbləğ ilə razı idi. Lakin uşaqların indi xərcləri artıb, çatdıra bilmir. Hər uşaq üçün 150 manat alimentə də razılaşa bilər. Apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işdən görünür ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-421/2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə X8 arasında bağlanmış nikahın pozulması, birgə nikahdan olan 12.10.2008-ci il təvəllüdlü X4, 16.02.2010-cu il təvəllüdlü X10 və 11.01.2007-ci il təvəllüdlü X7 anaları X3 yanında saxlanması və Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa hər ay 120 (yüz iyirmi) manat olmaqla cəmi 360 (üç yüz altmış) manat alimentin tutulub iddiaçı X5 ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 04.03.2020-ci il tarixli qətnaməsinə əsasən Ağsu Rayon Məhkəməsinin 2(016)-421/2019-cu il tarixli qətnaməsi qismən – “aliment” hissəsində dəyişdirilərək, Cavabdeh 12.10.2008-ci il təvəllüdlü X4, 16.02.2010-cu il təvəllüdlü X10 və 11.01.2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa hər ay 100 (yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat alimentin tutulub iddiaçı X5 ödənilməsi qət edilmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apelliyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, lakin dəyişdirilməsi üçün əsasdır. Belə ki, son vaxtlar Azərbaycan Respublikasında yaşayış minimumunun məbləği hər il ölkə üzrə, o cümlədən uşaqlar üçün artmaqda davam edir. Bununla əlaqədar, sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair iddiaların sayı da artır. Məhkəmələr tərəfindən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu əsas götürülməklə bu cür iddialar demək olar ki, əksər hallarda təmin olunur. Aliment ödəyən şəxslər isə maddi vəziyyətlərinin buna imkan vermədiyini əsas gətirərək alimentin bu qaydada artırılmasına etiraz edir, həmçinin bu cür artırmalar nəticəsində məhkəmə aktlarının icrası da çətinləşir. Ailə Məcələsinin 78.2-ci maddəsində sabit pul məbləğinin miqdarının müəyyən edilməsinin 4 meyarı (maddi vəziyyət, ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, əvvəlki təminatın səviyyəsi) göstərilsə də, bu meyarlar ümumi xarakterli olduğundan vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına imkan vermir. Bununla əlaqədar, bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün konkret işdə olan sübutlar həmin 4 meyarı konkretləşdirməyə imkan vermədikdə, alimentin miqdarı “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün məbləğ və uşaqların sayı əsas götürülməklə Ailə Məcəlləsinin 76-cı maddəsinə müəyyən edilmiş nisbətdə müəyyən edilməsi daha düzgün olardı. Bu qayda müəyyən edilərkən 2 meyar əsas götürülür. Yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş məbləği və Ailə Məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulmuş nisbət. İşdə başqa sübutlar yoxdursa və aliment ödəyən şəxsin qazancını və digər gəlirlərini müəyyən etmək mümkün deyilsə bu qeyd olunan meyar əsas götürülməklə bu təcrübədən istifadə edilə bilər. Bu qayda həm də obyektiv göstərici ola bilər. Belə ki, məhkəmə təcrübəsində sabit pul məbləğində aliment müəyyən edilərkən hər il "Azərbaycan Respublikasında yaşayış minimumu haqqında" Qanunda göstərilən(artan) minimumu uşaqların sayına vurularaq müəyyən edilir. Bu təcrübə isə çoxuşağı olan aliment ödəyicilərinin maddi vəziyyətinə təsir etdiyinə görə məhkəmə aktlarının icrasını çətinləşdirir və süni surətdə hüquqi məsuliyyətə(inzibati və cinayət) cəlb edilən şəxslərin sayını durmadan artırır. Bu cür vəziyyət isə digər neqativ nəticələr yaratmaqla yanaşı bəzən aliment ödəyən şəxslərin haqlı narazılığına da səbəb olur. Əlbətdə ki, bu qayda “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndindəki məhkəmələrə etdiyi tövsiyəsinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı formalaşdırdığı hüquqi mövqe ilə dolayı da olsa uzlaşmaya bilər. Lakin sözügedən qərarlarda da, 2, 3 və daha artıq uşağa görə aliment müəyyən edilərkən, mütləq ki, hər uşağa görə yaşayış minimumunu adi qaydada üst-üstə toplanılmalı olması nəzərdə tutulmamışdır. Çünki, 2, 3 və daha artıq uşağa görə aliment ödəyən şəxslərin aylıq qazancının və digər gəlirlərinin artım dinamikasının hər il artan yaşayış minimumunun dinamikası qədər olmasına dair aliment tələb edən şəxslər tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmur. Bununla yanaşı, aliment müəyyən edilərkən uşaqların, o cümlədən hazırki işdə olan, özü də ikisi ağır xəstə olan əlil uşaqların da mənafeyi nəzərə alınmalıdır. Əvvəla ona görə ki, cavabdehin göstərdiyi dəlillər onu uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdikləri onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu birinci nikahından doğulmuş uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. İkincisi, uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi iddiaçının mövqeyini, uşaqların da mənafeyni nəzərə alaraq hər uşaq üçün müəyyən olunmuş alimentin məbləğinin 175 manatdan, 140 manatadək azaldılmasını işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Bununla yanaşı, cavabdeh uşaqlara aid təqaüd kartından 800 manatı çıxardıb iddiaçıya verdiyini bəyan edirsə, bu halları sübut etmək yükü artıq onun üzərinə düşür. Lakin o, bu hala dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, iddiaçı da bu halın baş verdiyini təsdiq etmir. Bu cür vəziyyətdə qətnamə mübahisələndirilən həmin hissədə ləğv edilə yaxud dəyişdirilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1993/2021 saylı iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirlsin və Cavabdeh 11.01.2007-ci il təvəllüdlü X7, 12.10.2008-ci il təvəllüdlü X2 və 16.02.2010- cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində alınacaq alimentin məbləği hər ay, hər uşaq üçün 140 manat, cəmi 420(dörd yüz iyirmi) manat müəyyən edilsin. Qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar