Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7589/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxx” (Azərbaycan) ASC-nin Cavabdeh qarşı “nağd pul krediti müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(010)-829/2017 saylı qərardadından cavabdehin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxx” (Azərbaycan) ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2016-cı il tarixə banka borclu olduğu 14876.84 ABŞ dolları məbləğində əsas borc, 3027.44 ABŞ dolları məbləğində faiz və 296,07 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 18200.35 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ASC-yə ödənilməsi, həmçinin cavabdeh ilə bağlanmış 36460-1-15880 saylı xx xxx 2015-ci il tarixli “nağd pul krediti müqaviləsi”nin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-829/2017 saylı xx xxxxxx 2017ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh xx xxxxxx 2016-cı il tarixə banka ödənilməmiş 14.876,84 ABŞ dolları əsas, 3027,44 ABŞ dolları faiz, 296,07 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18.200,35 ABŞ dolları borcun ödəniş anında ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq, iddiaçı “xxxxxxxx” (Azərbaycan) ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış 136460-1-15880 saylı,xx xxx 2015-ci il tarixli nağd pul krediti müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən geri qaytarılmışdır. O, ərizə ilə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı ilə müddət bərpa edilərək, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərardadı ilə, cavabdeh apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbzin əslini yox, kserosurətini əlavə etdiyindən, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilərək, iş rayon məhkəməsinə göndərilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əsli deyil, kserosurəti əlavə olunduğundan geri qaytarılmışdır. Cavabdeh yenidən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etmiş və Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə ərizə geri qaytarılmışdır. O, həmin qərardaddan şikayət verərək, ləğv edilməsini, müddətin bərpa edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə şikayət qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini və şikayət hüququnun bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ləğv edilmiş, cavabdehin xx xxxxxx 2018-ci il tarixli qərardadından verdiyi şikayət mümkün hesab edilərək mülki iş şikayətə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Suraxanı Rayon Məhkəməsi xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə xx xxxxxx 2018-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi etiraz edərək, ərizənin təmin olunmamasını xahiş etdi. Cavabdeh ərizə göndərərək, dəniz sahəsində işləyidiyini və iş qrafikinin 15 günlük iş qrafikindən 30 günlük iş qrafikinə keçirildiyini, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, məhkəmə iclasının noyabr ayına təxirə salınmasını xahiş etsə də, qeyd etdiyi halı təsdiq edən hər hansı sənəd əlavə etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə müddətin bərpası barədə ərizənin geri qaytarılması barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh müddətin bərpası barədə ərizə versə də, müddəti buraxılmış zəruri prosessual hərəkətləri etməmiş, ərizəsinə apellyasiya şikayətini və müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməmişdir. Halbuki, onun apellyasiya şikayəti daha əvvəl müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən qeyri-mümkün hesab edilmişdir. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (maddə 133.3). Göründüyü kimi, müddətin bərpası barədə ərizəyə apellyasiya şikayətini və müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmiş, qanunvericiliyin tələbinə uyğun olaraq təqdim edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 133, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(010)- 829/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-7589/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7589/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver