Məhkəmə qərarları › İş №2(103)-7596/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7596/2022

16.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7596/2022 16.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcunun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 sentyabr 2022-ci il tarixli qətnamədən iddiaçı Bankın verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 002A********** saylı “Kredit müqaviləsi” üzrə yaranmış və Cavabdeh3 tərəfindən ödənilməmiş əsas kredit borcun ödənilməsi məqsədi ilə 2.580,96 manat, kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 783,97 manat, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 1.045,29 manat, cəmi olaraq isə 4.410,22 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 64,11 manat məbləğində pulun borcalan Cavabdeh3 və yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə sonuncunun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş iş üzrə digər cavabdehlərdən – Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3, onunla iddiaçı Bank arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən, Bankdan aylıq 2,25 faiz dərəcəsi ilə və 18 ay müddətində aybaay hissə-hissə qaytarmaq şərti ilə 3.000 manat məbləğində kredit almışdır. İş üzrə digər cavabdehlər – Cavabdeh1 və Cavabdeh2 borcalan Cavabdeh3 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş, Bununla bağlı olaraq Bank ilə cavabdehlər arasında xx.xx.2015-ci il tarixdə “Zaminlik müqavilələri” bağlanmışdır. Cavabdehlər, yuxarıda qeyd edilən müqavilələr üzrə Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri icra etməmiş, Banka olan kredit borcunun az bir hissəsini ödəmiş, qalan borcu ödəməmişlər. Nəticədə yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə 2.580,96 manat məbləğində əsas kredit borcu, 783,97 manat məbləğində kredit borcuna hesablanmış faiz borcu yaranmışdır. Bank, onunla cavabdehlər arasında bağlanmış müqavilələrin şərtlərini nəzərə alaraq kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə cavabdehlərə 1.045,29 manat məbləğində dəbbə borcu hesablamışdır. Bank qeyd edilən borcun ödənilməsini cavabdehlərdən dəfələrlə tələb etsə də, cavabdehlər borcu ödəməmişlər. Bu səbəbdən də Bank hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 64,11 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır.

b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Bank, onunla Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi ilə bağlı “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizə ilə ilk dəfə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, ərizə əsasında icraatı başlanılmış mülki iş (İş № 2(001)-2663/2017) üzrə xx.xx.2017-ci il tarixdə qəbul edilmiş məhkəmə əmri ilə kredit borcunun tutulması qərara alınmış, həmin əmrə qarşı Cavabdeh3 verdiyi etiraza əsasən məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılmışdır. İş üzrə təyin edilmiş məhkəmə baxışı iclasına Bankın nümayəndəsi gəlmədiyindən Binəqədi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2017ci il tarixli qərardadla iddia ərizəsini baxılmamış saxlamışdır. Bundan sonra, iddiaçı Bankın nümayəndəsi R.T.Məmmədov xx.xx.2017-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Bundan isə 4 il keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə Bank eyni cavabdehlərə qarşı eyni məzmunlu iddia ərizəsi ilə məhkəməsinə müraciət etmişdir. Bununla da, Bank, borcalan Cavabdeh3 münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini, zamin olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə isə Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuş tələb etmə müddətini ötürmüşdür. Bu səbəbdən də, iddia təmin edilə bilməz.

c) apellyasiya şikayəti barədə məlumat

5. İddiaçı Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, Bank, kredit borcunun qaytarılmasını 2017-ci ilin əvvəlində tələb etmişdir.

d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat

7. İş üzrə tərəflər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da iclasa gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

e) işdə olan sübutlar barədə məlumat

8. Cavabdeh3 ilə iddiaçı Bank arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh3 həmin müqaviləyə əsasən, Bankdan aylıq 2,25 faiz dərəcəsi ilə və 18 ay müddətində aybaay hissə-hissə qaytarmaq şərti ilə 3.000 manat məbləğində kredit almışdır.

9. İddiaçı Bank ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Zaminlik müqaviləsindən” görünür ki, Cavabdeh1 borcalan Cavabdeh3 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. Zaminlik müqaviləsinin 4.1-ci bəndinin şərtinə görə, müqavilə tərəfləri müəyyən etmişlər ki, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və kredit müqaviləsinin müddəti bitdikdən 3 il müddətinə qüvvədədir.

10. İddiaçı Bank ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Zaminlik müqaviləsindən” görünür ki, Cavabdeh1 borcalan Cavabdeh3 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. Zaminlik müqaviləsinin 4.1-ci bəndinin şərtinə görə, müqavilə tərəfləri müəyyən etmişlər ki, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və kredit müqaviləsinin müddəti bitdikdən 3 il müddətinə qüvvədədir.

11. Bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, cavabdehlər, yuxarıda qeyd edilən müqavilələr üzrə Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmiş, Banka olan kredit borcunun az bir hissəsini ödəmiş, qalan borcu ödəməmişlər. Nəticədə yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə 2.580,96 manat məbləğində əsas kredit borcu, 783,97 manat məbləğində kredit borcuna hesablanmış faiz borcu yaranmışdır. Bank, onunla cavabdehlər arasında bağlanmış müqavilələrin şərtlərini nəzərə alaraq kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə cavabdehlərə 1.045,29 manat məbləğində dəbbə borcu hesablamışdır.

12. Bank tərəfindən təqdim olunmuş “Hesabdan çıxarışdan” görünür ki, “kredit müqaviləsi” üzrə son ödəniş xx.xx.2016-cı il tarixdə həyata keçirilmişdir.

13. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 2(001)-2663/2017 saylı mülki işdən surətləri götürülmüş və hazırki işə əlavə edilmiş sənədlərdən görünür ki, hazırki iş üzrə iddiaçı olan Bank, onunla Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi ilə bağlı “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizə ilə ilk dəfə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, ərizə əsasında icraatı başlanılmış mülki iş üzrə xx.xx.2017-ci il tarixdə qəbul edilmiş məhkəmə əmri ilə kredit borcunun tutulması qərara alınmış, həmin əmrə qarşı Cavabdeh3 verdiyi etiraza əsasən məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılmışdır. İş üzrə təyin edilmiş məhkəmə baxışı iclasına Bankın nümayəndəsi gəlmədiyindən Binəqədi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2017ci il tarixli qərardadla iddia ərizəsini baxılmamış saxlamışdır.

14. Bankın hazırki iddiası Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur.

f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1.). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3.). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2.).

16. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirmədən çəkinməyi tələb etmək hüququna iddia müddətlərinin tətbiqi ilə bağlı Mülki Məcəllənin tələbləri ondan ibarətdir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (maddə 373.2.). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.2.). Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (maddə 380.1.). Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir (maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2.).

17. Hazırda kredit məbləğinin tam həcmdə ona qaytarılmadığını iddia edən Bank qalıq borcun cavabdehlərdən tutularaq ona ödənilməsini tələb edir.

18. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman cavabdeh (borclu) Cavabdeh3 ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, kredit borcunun ondan tutulmasını tələb edən Bank iddia müddətini ötürmüşdür. Buna görə də, iddia rədd edilməlidir.

19. Cavabdeh3 “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəsini əsas tutmuş Rayon Məhkəməsi iddianı rədd etmişdir.

20. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə qeyd edir ki, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinə” əsasən öhdəliklərin sonuncu icra müddətinin xx.xx.2017-ci il tarixi olmasına baxmayaraq, iddiaçı Bank həmin tarixdən iddia ərizəsi ilə müraciət etmək imkanının olmasına baxmayaraq, son nəticədə iddia ərizəsi ilə Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.

21. Məhkəmə qeyd edir ki, iddiaçı Bankın xx.xx.2017-ci il tarixdə “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etməsi, həmin məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanması iddia müddətinin axımını nə dayandırmamış, nə də ki, müddətin axımını bərpa etməmişdir. Hətta iddiaçı Bank bundan sonra da 4 ildən çox müddət keçdikdən sonra təkrarən xx.xx.2022-ci il tarixdə Rayon Məhkəməsinə müraciət etmişdir.

22. Göstərilənləri nəzərə alan Məhkəmə qənaətə gəlir ki, Rayon Məhkəməsi Bankın iddiasının cavabdeh (borcalan) Cavabdeh3 aid hissəsini iddia müddətinin keçməsi əsası ilə rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri əsassızıdır.

23. Bank tərəfindən irəli sürülmüş iddianın cavabdehlər (zaminlər) Cavabdeh1 və Cavabdeh2 qarşı aid hissəsinin əsaslı-olub olmamasını, həmin hissədə iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticənin səhv və ya düzgün olmasının araşdırılması ilə bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

24. Yuxarıda qeyd edilən “Zaminlik müqavilələrindən” görünür ki, zaminliyin müddəti kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətində qüvvədədir.

25. Bank ilə borcalan Cavabdeh3 arasında bağlanmış Kredit öhdəliyinin icrası xx.xx.2017-ci il tarixdə bitmişdir. Belə olan halda Bank zaminlərə qarşı iddianı xx.xx.2020ci il tarixədək irəli sürə bilərdi və bu zaman Bankın xx.xx.2017-ci il tarixdə “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etməsi yuxarıda (“21”-ci bəndə) göstərilən mövqeyə görə nəzərə alınmamalıdır.

26. Göstərilənlərə əsasən müəyyən edilir ki, Bank zamin olan cavabdehlərə qarşı xx.xx.2022-ci il tarixdə iddia tələbi irəli sürən zaman yuxarıda qeyd edilən zaminliyə xitam verilmişdir. Zamin olan cavabdehlər iddiaçı Bank qarşısında məsuliyyət daşımırlar. Rayon Məhkəmə bu əsasla müzakirə edilən tələbi rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri əsassızıdır.

g) apellyasiya baxışının nəticəsi

27. Beləliklə, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

28. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

29. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Bank tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

31. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

32. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 sentyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar