Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7597/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2128/2021 saylı, 12 aprel 2021ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Sərhəd qızına qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-nə vurulmuş 2692 manat məbləğundə zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2722 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN ********** M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********,İBAN AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2128/2021 saylı, 12 aprel 2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçının nümayəndəsi A.Quliyeva 20.09.2021-ci il tarixli ərizə ilə Məhkəməyə müraciət edərək, hazırkı iddia tələbindən imtina etdiklərini qeyd etdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətindən və iddiadan imtinaya dair ərizələri müzakirə edərək hesab edir ki, iddiaçının iddiasından imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiadan imtina məhkəmə tərəfindən qəbul edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq sürətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Qeyd olunan Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiadan imtina məhkəmə tərəfindən qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın MPM-in digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən, iddiaçının iddiadan imtina etməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin hallar məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da, müəyyən olunur ki, iddiaçının iddiasından imtina etməsi əsası ilə icraata xitam verilməsinə dair hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Cavabdeh Sərhəd qızına qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiaçının iddia tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilsin. Hazırkı iş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2128/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7597/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7597/2021
22.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver