Məhkəmə qərarları › İş №2(103)-7598/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7598/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7598/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(008)-1149/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.05.2018-ci il tarixli müqaviləyə əsasən cavabdehin aldığı “Nills-Toscano” markalı yataq dəsti, Doshek uretan, “Anhel” markalı künc divan, “Gala Ercin” markalı mətbəx stolu, “Gala Ercin” markalı stul üçün 5931 manat ödənilməmiş hissə, 1773 manat cərimə borcu olmaqla, cəmi 7704 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 25.05.2018-ci il tarixli müqavilə üzrə sonuncu, qiyməti 9575 manat olan “Nills-Toscano” markalı yataq dəsti, Doshek uretan, “Anhel” markalı künc divan, “Gala Ercin”markalı mətbəx stolu, “Gala Ercin” markalı stul almışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3644 manat, cəmi borcu isə 7704 manat təşkil edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(008)- 1149/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 5931 manat ödənilməmiş borc, 200 manat dəbbə pulu olmaqla cəmi 6131 manat məbləğində borc və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, xəbərdarlıq məktubunu aldıqdan sonra davamlı şəkildə ödənişlər etmiş, lakin iddiaçı ona heç bir yeni xəbərdarlıq etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Məhkəmə isə bu halı nəzərə almamış, mübahisəli məsələni tam və obyektiv araşdırmadan əsaslandırılmamış qətnamə qəbul etmişdir. Pandemiya ilə əlaqədar olaraq onun gəlirləri aşağı olmuş, buna görə də müqavilə üzrə ödənişlərində fasilə yaranmışdır. Buna baxmayaraq, məhkəmə şəraitin dəyişməsini nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(008)- 1149/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25.05.2018-ci il tarixli müqavilə və ödəniş cədvəlinə əsasən sonuncu iddiaçıdan dəyəri 9575 manat olan “Nills-Toscano” markalı yataq dəsti, Doshek uretan, “Anhel” markalı künc divan, “Gala Ercin”markalı mətbəx stolu, “Gala Ercin” markalı stulu ayda 394 manat olmaqla 24 ay müddətinə hissə-hissə ödəmək şərtilə almışdır. 31.03.2021-ci il tarixli maliyyə arayışına əsasən, "xxxx" MMC cavabdehə həmin müqavilə üzrə 5931 manat əsas, 1773 manat cərimə olmaqla, cəmi 7704 manat məbləğində borc hesablamışdır. İşin hallarından da görünür ki, Cavabdeh tərəfindən qeyd edilən müqavilə üzrə öhdəliklər vaxtında və lazımınca yerinə yetirilməmiş və nəticədə 5931 manat məbləğində qalıq borcu yaranmışdır. İşdə olan 05.07.2019-cu il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh sözügedən müqavilə üzrə öhdəliklərini ödəniş cədvəli ilə şərtləşdirilmiş müddətdə və qaydada icra etməməyə davam edəcəyi təqdirdə qanunamüvafiq tədbirlərin görüləcəyi barədə xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə bağlanmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər cavabdehin formal mülahizələrindən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(008)- 1149/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar