Məhkəmə qərarları › İş №2(103)-76/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-76/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-76/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-210/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçıASC ilə “Borcalan” qismində Cavabdeh arasında bağlanmış xx.xx.2011ci il tarixli, 10/İK-11 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 300 ay müddətinə, illik 8% olmaqla, 36.000 manat məbləğində kredit verilmişdir. Kredit borcalana ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün verilmişdir.

2. “Kreditor-İpoteka saxlayan” qismində İddiaçı ASC ilə “Alıcı-İpoteka qoyan” qismində Cavabdeh və “Satıcı” qismində X3 arasında bağlanılmış xx.xx.2011-ci il tarixli, 10/İK-11 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən “Satıcı” daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestri tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 11/38524 nömrəli arayışa əsasən ümumi sahəsi 37,4 kv.m., yaşayış sahəsi 23,9 kv.m. olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 5 mərtəbəli 42 saylı evin 38 saylı mənzilini “Alıcı-İpoteka qoyan”ın mülkiyyətinə vermiş, mənzilin satış qiyməti 45.000 manat təşkil etmiş, mənzilin dəyərinin 9.000 manatı “Alıcı-İpoteka qoyan”ın özü tərəfindən, 36.000 manatı isə “Kreditor-İpoteka saxlayan” tərəfindən xx.xx.2011-ci il tarixli, 10/İK-11 saylı kredit müqaviləsinə əsasən “Alıcı-İpoteka qoyan”a verilmiş kredit vəsaiti hesabına ödənilir, “Alıcı- İpoteka qoyan” satılan mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla «Kreditor-İpoteka saxlayan» arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 10/İK-11 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi “Kreditor-İpoteka saxlayan”a ipotekaya vermişdir. İpoteka müqaviləsinin 1.8-ci bəndinə əsasən "xxxx" MMC tərəfindən tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən ipoteka predmeti 45.000 manat dəyərində qiymətləndirilmişdir.

3. Daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli xx.xx.2012ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 42 saylı evin 38 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir.

4. Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarışa əsasən Cavabdeh mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 42 saylı evin 38 nömrəli mənzili xx.xx.2011-ci il tarixli, 10/İK-11 saylı kredit müqaviləsinə əsasən 25 il müddətinə ipoteka müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

5. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli pretenziya məktubları ilə, kredit müqaviləsinə əsasən öhdəlik icra edilmədiyi təqdirdə tutmanın öhdəliyin icrasının təminatı kimi Banka ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən 37,4 kv.m. ümumi, 23,9 kv.m. yaşayış, 13,5 kv.m. yardımçı sahədən ibarət olan 2 otaqlı 38 saylı mənzilə yönəldilməsi, borc məbləğinin həmin əmlak hesabına banka ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilməsi barədə Bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir.

6. İddiaçı ASC Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixli ərizə ünvanlayaraq, ipoteka predmeti olan ünvan 4nvanında yerləşən 37,4 kv.m. ümumi, 23,9 kv.m. yaşayış, 13,5 kv.m. yardımçı sahədən ibarət olan 2 otaqlı 38 saylı mənzili tutmanın yönəldilməsi haqqında borcalana kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair pretenziya məktubunun göndərilməsini nəzərə alaraq tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktuba əsasən sözügedən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.

7. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 28.991,35 manat əsas borcu, 999,13 manat faiz borcu, 11,80 manat cərimə borcu vardır.

8. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 28.991,35 manat əsas borcu, 1530,21 manat faiz borcu, 33,10 manat cərimə borcu vardır.

9. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 28.991,35 manat əsas borcu, 1.903,93 manat faiz borcu, 11,80 manat cərimə borcu vardır.

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı ASC Cavabdeh qarşı «kredit müqaviləsinin ləğvi, borcun tutulması və ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

11. Sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 10/İK-11 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən banka olan 28.991,35 manat əsas, 1.530,21 manat faiz, 33,10 manat cərimə borcu olmaqla, cəmi 30.554,66 manat kredit borcu və ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun və ödənilən 180,01 manat məbləğində dövlət rüsumunun, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 37,4 kv.m. olan mənzilə yönəldərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37,4 kv.m. olan mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh istifadə hüququna xitam verilməsi, həmin şəxsin mənzildən çıxarılması və mənzilin boşaldılaraq alıcıya təhvil verilməsi, xx.xx.2011-ci il tarixli, 10/İK-11 saylı kredit müqaviləsinin təminatı olan ipoteka əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etməkdikdə qalan borc məbləğinin cavabdehdən (borcalan, ipotekaqoyan - Cavabdeh) tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 10/İK-11 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 10/İK-11 saylı kredit müqaviləsi üzrə banka olan 28.991,35 manat əsas, 1.906,93 manat faiz, 11,80 manat cərimə borcu olmaqla, cəmi 30.910,08 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun və ödənilən 180,01 manat məbləğində dövlət rüsumunun, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 37,4 kv.m. olan mənzilə yönəldərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, xx.xx.2011-ci il tarixli, 10/İK-11 saylı kredit müqaviləsinin təminatı olan ipoteka əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etməkdikdə qalan borc məbləğinin cavabdeh borcalan, ipotekaqoyan - Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 4144/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi haqqında hesabatına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 42 saylı evin 38 saylı mənzilin hazırki bazar qiyməti 67.000 manat, likvid dəyəri 63.000 manat müəyyən edilmişdir.

14. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 210/2023 nömrəli qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2011-ci il tarixli, 10/İK-11 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2011-ci il tarixli, 10/İK-11 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 28.991,35 manat əsas borcu, 1.906,93 manat faiz borcu, 11,80 manat cərimə, həmçinin 180,01 manat məbləğində dövlət rüsumu, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 31 manat rüsumu, cəmi 31.121,09 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan, ilkin satış qiyməti (likvid dəyər) 62.000 manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 42 saylı evin 37,4 kv.m. ümumi, 23,9 kv.m. yaşayış, 13,5 kv.m. yardımçı sahədən ibarət olan 2 otaqlı 38 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin 200 manat Cavabdeh tutulub "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün, bu hal müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması kimi qiymətlənir. Belə olan halda, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsinin ləğv edilməsi, yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

16. Məhkəmə mülki qanunvericiliyin qeyd edilən müddəalarını əsas götürərək hesab etmişdir ki, cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin Cavabdeh kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi kredit müqaviləsinin ləğv edilməsi, 29.991,35 manat əsas, 1.906,93 manat faiz borcu və 11,80 manat cərimə, cəmi 30.910,08 manat borcun tutulması hissələrində təmin edilməlidir.

17. Məhkəmə iddia tələbinin tutulacaq borcun kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir.

18. Məhkəmə göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehdən tutulmalı olan borc məbləği ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır.

19. Bundan başqa, konkret hazırki işdə ipoteka müqaviləsi 2011-ci ildə bağlanılmış və ötən müddət ərzində dövlətdə ictimai-iqtisadi vəziyyətin dəyişməsi nəticəsində daşınmaz əmlak bazarında qiymətlərinin kəskin olaraq dəyişməsi mübahisəsiz faktdır. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən ipoteka müqaviləsində göstərilən qiymət əsas kimi götürülə bilməz.

20. Məhkəmə hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətinin ekspertiza vasitəsilə müəyyən edilmiş likvid qiymətinə və bazar qiymətinə tənasüb surətdə nəzərə alınmasını qanuni, əsaslı və ədalətlidir.

21. Məhkəmə iddia tələbinin satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehdən tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb təmin edilməməlidir. Məhkəmə qətnaməsində tutulmalı olan pul məbləği konkret göstərilməli olduğundan, ipoteka ilə yüklü edilmiş əmlakın satışından isə əldə edilən pulun borcun ödənilməsinə yetərli olmaması və yerdə qalan borcun hansı məbləğ təşkil etməsi məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən, həmçinin yaranmış ümumi borc qətnamə ilə tutulduğundan və ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda yerdə qalan borcun yenidən tutulması cavabdehlərdən tutulacaq borcun təkrar tutulması ilə nəticələndiyindən və bu hal qanunvericiliyin tələblərinə zidd olduğundan, məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295, 317.1, 319.1, 319.6, 385.1, 421.1, 421.2, 442, 443.1. 448.1, 739-cu maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 36.1, 39.3, 59.3, 59.4-cü maddəsinə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6cı maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair" qərardadına, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli 4№-li qərarının 6.8-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

23. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnaməyə dəyişiklik edilərək, qətnamənin kredit borcunun tutulması və ipoteka predmeti olan mənzilin likvid dəyərinin müəyyən edilməsi hissədə ləğv edilib, həmin hissədə təkrar məhkəməmühasibatlıq və məhkəmə-qiymətləndirici ekspertizalarının nəticələrinə uyğun yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəmə qətnaməsi ilə ipotekanın ilkin satış qiymətinin 62.000 manat məbləğində müəyyən edilməsi ilə razı deyildir. Bu əmlakın real dəyərindən çox aşağıdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qiymətləndirmə rəyinin mötəbərliyini şübhə altına ala biləcək kifayət qədər əsaslar olduğundan hazırkı iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi zamanı "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyinə istinad edilməməli, həmin rəylə müəyyən edilmiş likvid qiyməti ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti kimi müəyyən edilməməlidir. Odur ki, yenidən qiymətləndirmə keçirilməklə ipoteka predmeti olan mənzilin real bazar qiyməti və onun likvid dəyəri müəyyən ediməli və həmin rəyə əsasən ilkin satış qiyməti müəyyən edilməlidir. Hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsi kredit borcu üzrə öhdəliyin nə qədər olmasını araşdırmamışdır. Yalnız iddiaçının məhkəməyə təqdim etmiş olduğu borc barədə arayış və iddia tələblərinin həcminin artırılmasına dair ərizə əsasında qətnamə qəbul etmişdir. Halbuki, iddiaçı tərəfin məhkəməyə təqdim etmiş olduğu maliyyə arayışı tərəflərindən mübahisələndirildiyi halda məhkəmə tərəfindən bununla bağlı müvafiq ekspertiza təyin edilməli və borcun faizlərin məbləğləri və hesablanma qaydası qanunvericiliyə uyğun, müqavilə müddətində aparılıbaparılmadığı müəyyən edilməli idi. Cavabdeh 2012-ci ildən İddiaçı ASC-yə hər ay ödənişlər etmişdir və bunları təsdiq edən sənədləri məhkəməyə təqdim edəcəkdir. Bu hissədə məhkəmə qətnaməsini mübahisələndirir və hesab edir ki, ekspertiza keçirməklə hazırkı iş üzrə iddiaçıya daha az məbləğdə borcunun olacağı sübuta yetiriləcəkdir. Ona görə də kredit borcu üzrə cavabdehin banka olan borcunu dəqiqliklə müəyyən etmək üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirilməlidir. Bundan başqa, qiymətləndirmə şirkəti tərəfindən rəy tərtib edilib məhkəməyə təqdim edildikdən sonra işə baxan hakim tərəfindən məhkəmə iclası təyin edilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş və elektron bildiriş göndərməli olduğu halda göndərilməmiş, qərəzli şəkildə cavabdehin və nümayəndəsinin iştirakı olmadan məhkəmə iclası keçirilmiş və qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qiymətləndirilmə ilə bağlı rəy bankın maraqlarına uyğun müəyyənləşdirilmişdir. Hesab edir ki, müəyyənləşdirilmiş qiymət azdır. Belə ki, mənzilin dəyəri müntəzəm artmaqdadır. Yay aylarında əmlakçılardan soruşanda 125.000-130.000 manat aralığında qiymətləndirilirdi. Ora plana düşür. Ekspert rəyində olan dəyər qane etmir, qiymət aşağıdır.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və qiymətləndirilmə rəyi ilə razı olduqlarını bildirdi.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir... Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: – digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); – Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal).... Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir... Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir... Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər... Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir... Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər... Müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır...

30. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. Maddə 36.3. ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Hazırkı işdə iddia qismən təmin edildiyindən və apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən “kredit borcunun tutulması və ipoteka predmeti olan mənzilin likvid dəyərinin müəyyən edilməsi” hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu məbləği və ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. İşdən görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, kredit götürən cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımi qaydada tam yerinə yetirməmiş, nəticədə iddiaçı banka borcu yaranmışdır. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı olaraq cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 42 saylı evin 38 saylı mənzili ipoteka ilə yüklü edilmişdir.

36. Kollegiya qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuş və onun ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.

37. Cavabdehin apellyasiya şikayətinin dəlillərini yoxlamaq məqsədilə kollegiyanın xx.xx.2023-cü il tarixli, 2(103)-4276/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq və məhkəmə-qiymətləndirmə ekspertizaları təyin edilmişdir.

38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı ekspert rəyi təqdim edilmiş, xx.xx.2023-cü il tarixli, 9/6006 nömrəli ekspert rəyinə əsasən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2011-ci il tarixli, 10/İK-11 №-li kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh “Turanbank" ASC-nə olan borcu aşağıdakı kimi müəyyən olunmuşdur: xx.xx.2022-ci il tarixə 30.035,57 manat: əsas borc üzrə - 29.054,18 manat, faiz borcu üzrə - 981,39 manat. xx.xx.2022-ci il tarixə 30.623,11 manat: əsas borc üzrə - 29.054,18 manat, faiz borcu üzrə - 1.568,93 manat. xx.xx.2022-ci il tarixə 31.139,63 manat: əsas borc üzrə - 29.054,18 manat, faiz borcu üzrə - 2.085,44 manat.

39. Bu halda məhkəmə kollegiyası əsas borc tələbinə dair hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qətnamənin həmin hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Belə ki, təyin edilmiş ekspertiza rəyindən də göründüyü kimi, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu irəli sürülmüş tələbdən də artıqdır.

40. Kollegiya cavabdehdən tutulmalı olan faiz borcuna münasibətdə qeyd edir ki, İddiaçı ASC tərəfindən borcluya göndərilmiş xx.xx.2022-ci il tarixli bildirişə əsasən kredit müqaviləsinə əsasən öhdəlik icra edilmədiyi təqdirdə tutmanın öhdəliyin icrasının təminatı kimi ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, borc məbləğinin həmin əmlak hesabına banka ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilməsi barədə rəsmi xəbərdarlıq edilmişdir.

41. Kollegiya hesab edir ki, iddiaçı cavabdehin öz öhdəliyini əhəmiyyətli dərəcədə pozması səbəbindən müqavilə üzrə yaranmış bütün borcu qeyd olunan bildirişlə tələb etməklə müqaviləyə xitam vermə niyyətini ifadə edərək, qanunvericiliklə ona verilən hüququndan istifadə etmişdir. Həmin tarixdən sonra cavabdehə müqavilə üzrə faizlərin hesablanmaqı mülki qanunvericiliyin tələblərinə ziddir.

42. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmiş faiz borcunun iddiaçının iradəsinə əsasən xx.xx.2022-ci il tarixinədək cavabdehdən tutulması hissəsində tələb əsaslıdır və ekspert rəyindən göründüyü kimi həmin tarixə faiz borcu 981,39 manat təşkil etmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 1.906,93 manat faiz borcunun tutulması hissəsində dəyişdirilməli, faiz borcunun məbləği 981,39 manat müəyyən edilməlidir.

43. Məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə tutulan cərimə məbləği ilə bağlı hesab edir ki, həmin məbləğ tənasübsüz surətdə yüksək deyil və birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. Bundan əlavə, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təyin edilmiş məhkəmə-qiymətləndirmə ekspertizasının aparılması və rəy verilməsi mümkün olmadığından ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə kollegiyanın xx.xx.2025-ci il tarixli, 2(103)-76/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsi "xxxx" Qiymətləndirmə Şirkəti MMCyə həvalə edilmiş, MMC-nin xx.xx.2025-ci il tarixli, MB18/0163 nömrəli rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 42 saylı evin 38 saylı mənzilin hazırki dövrə bazar dəyəri 125.000 manat; likvid dəyəri isə 115.000 manat müəyyən edilmişdir. Qiymətləndiricinin xidmət haqqı 300 manat təşkil etmişdir.

45. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən alınmış mütəxəssis rəyi ilə müqayisədə "xxxx" Qiymətləndirmə Şirkəti MMC-nin rəyini daha mötəbər hesab edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən alınmış "xxxx" MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi haqqında hesabatı tərtib olunarkən mənzilə baxış keçirilməmiş, "xxxx" Qiymətləndirmə Şirkəti MMC-nin mütəxəssisi tərəfindən isə mənzilə baxış keçirilmiş, qiymət müəyyən edilərkən müqayisəli təhlil aparılmış, həmin ərazidə yerləşən oxşar sahəyə malik olan mənzillərə dair internet resurslardan əldə edilmiş məlumatlar rəyə əlavə edilmişdir.

46. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, hazırkı iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi zamanı həmin rəyə istinad edilməli, həmin rəylə müəyyən edilmiş likvid qiyməti ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti kimi müəyyən edilməlidir.

47. Kollegiya onu da qeyd edir ki, "xxxx" MMC tərəfindən rəydə cavabdehə məxsus mənzilin likvid dəyəri 63.000 manat göstərildiyi halda, birinci instansiya məhkəməsi qətnamədə həmin dəyəri səhvən 62.000 manat göstərmişdir.

48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx.xx.2020-ci il tarixli, 01 nömrəli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

49. Qeyd olunanlara əsasən Kollegiya belə qənaətə gəlir ki, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 42 saylı evin 38 saylı mənzilin ilkin satış qiyməti 115.000 manat müəyyən edilməlidir.

50. Məhkəmə kollegiyası qiymətləndirmə şirkəti tərəfindən rəy tərtib edilib məhkəməyə təqdim edildikdən sonra işə baxan hakim tərəfindən məhkəmə iclası təyin edilməsi barədə cavabdehə rəsmi qaydada məlumatın verilməməsi barədə dəlili ilə bağlı razılaşmayaraq qeyd edir ki, iş materiallarına əsasən bu hal öz təsdiqini tapmır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasları barədə bildirişlər sifarişli məktubla poçt vasitəsilə cavabdehin ünvanına göndərilmişdir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-210/2023 nömrəli qətnaməsi faiz borcunun məbləği və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İddia həmin hissədə qismən təmin edilsin. Kredit müqaviləsi üzrə Cavabdeh tutulmalı olan faiz borcunun məbləği 981,39 manat müəyyən edilsin. Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 42 saylı evin 38 saylı mənzilin ilkin satış (likvid) qiyməti 115.000 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 50 manat məbləğində vəsaitin 25 manatı İddiaçı ASC-dən, 25 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 300 manat məbləğində vəsaitin isə 150 manatı İddiaçı ASC-dən, 150 manatı Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar