Məhkəmə qərarları › İş №2(103)-7605/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7605/2022

16.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7605/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(011)-64/2022 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(011)-64/2022 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-64/2022 saylı, 04 may 2022-ci il tarixli qətnaməsindən "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi, "xxxx" ASC-nin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli 2(011)- 64/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2(011)- 64/2022 saylı qərardadından şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə Ali Məhkəmənin qərarının qəti olması və qəbul olunduğu andan qüvvəyə minməsi nəzərə alınmaqla, Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(011)-64/2022 saylı qərardadı əsassızdır və mülki prosessual qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(011)-64/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(011)-64/2022 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-64/2022 saylı 04 may 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Bakı şəhəri 14 saylı Notariat kontorunda iddiaçıdan aldatmaq yolu ilə mənimsənmiş 70 min manat və bu müddət ərzində dəymiş maddi mənəvi və əldən çıxmış faydanın ən azından 10.000 manat hesablayaraq cavabdehlərin dərhal ümumi olaraq 80.000 manatı iddiaçıya ödəməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsindən "xxxx" ASC apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4958/2022 saylı 04 iyul 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş Xətai Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 06 sentyabr 2022-ci il tarixli 2(102)-4584/2022 saylı qərarı ilə "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4958/2022 saylı, 04 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4958/2022 saylı, 04 iyul 2022ci il tarixli qərardadında müəyyən edilmiş göstərişlərə əsasən məhkəmə hesab etmişdir ki, hazırkı mülki iş üzrə "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmənin 2(011)-1794/2021 saylı, 01 aprel 2021-ci il tarixli protokolunda bu hal öz əksini tapmışdır. Daha sonra "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi elektron məhkəmə informasiya sistemində elektron kabinetə daxil edilmiş, ona məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məktublar da göndərilmişdir. Həmçinin məhkəmə tərəfindən "xxxx" ASC-yə işin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə sorğular göndərilmişdir. Kollegiya qeyd edir ki, "xxxx" ASC hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunduğundan onun məhkəmənin qətnaməsindən apellyasiya şikayəti vermək hüququ mövcuddur. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(011)- 64/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar