Məhkəmə qərarları › İş №2(103)-7606/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7606/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7606/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı İKB ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-101/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada 5072,63 ABŞ dolları əsas borc, 5516,24 ABŞ dolları faiz borcu, 84,56 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 11 mart 2019cu il tarixdən, 18 iyun 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 67,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 10741,38 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı İKB ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə 11 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4540,75 ABŞ dolları əsas borc, 5974,23 ABŞ dolları faiz borcu və 113,06 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə 11 mart 2019-cu il tarixdən 23 iyul 2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün 5 % dərəcəsi ilə hesablanan 309,94 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 10937,94 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, X3 11 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 24 % dərəcəsi ilə 24 ay müddətinə 14300 ABŞ dolları kredit götürmüşdür. 11 mart 2016-cı il tarixli əlavə sazişə əsasən kreditin müddəti 11 mart 2019-cu il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 Guliddin oğlu və Cavabdeh3 ilə 11 avqust 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən yayınır. 11 avqust 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırki vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-101/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 11 avqust 2015-ci il tarixli, 21-M-1- 0-287-15 saylı kredit müqaviləsi üzrə 3741,45 ABŞ dolları əsas borcu, 5974,23 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu, 273,31 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 10038,99 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 30 manat məbləğində dövlət rüsumunun 20 manat məbləğində hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi, iş üzrə təkrar keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilərək tam təmin edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, əsas və faiz borclarının məbləğləri düzgün hesablanmamış, cərimə borcu əsassız olaraq azaldılmışdır. Eyni zamanda bank tərəfindən 11.03.2019-cu il tarixdən 23.07.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% lə hesablanmış borc məbləği tələb edilsə də, məhkəmə özü tərəfindən hesabladığı 273,31 manat borcu tutmuşdur. Həmçinin, məhkəmə əsassız olaraq zaminə münasibətdə iddia tələbini təmin etməmişdir. Qətnamədən, həmçinin, Cavabdeh1 da apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə verilmiş ekspert rəylərində ziddiyyətlər olduğunu nəzərə almamış, faiz borcunun əsas borcdan daha çox olmasına qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və Cavabdeh1 müvafiq olaraq özləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin məzmununa uyğun izahatlar verərək, onların təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, Borc verən bank "xxxx" İKB ASC ilə borc alan Cavabdeh1, zaminlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 11 avqust 2015-ci il tarixli 21-M-1-0-287-15 saylı bank hesabı, kredit və zaminlik müqaviləsinə və ödəniş cədvəlinə əsasən bank borc alana 24 ay müddətinə, illik 27 % olmaqla 14300 ABŞ dolları məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Aylıq ödəniş 455,89 dollar olmaqla ilkin ödəniş tarixi 11 avqust 2015-ci il, sonuncu ödəniş tarixi 11 avqust 2017-ci il olaraq müəyyən edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən kredit mənbəyi, ondan istifadə edilməsinə görə hesablanan faizlə, dəbbə pulu borcalanın borc öhdəliyi ilə bağlı öz vəzifələrini yerinə yetirməməsinə görə və ya lazımi qaydada yerinə yetirməməsinə görə banka dəymiş ziyan və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla, zamin borcalan ilə eyni həcmdə bank qarşısında birgə cavabdehdir. İddiaçı İKB ASC ilə borcalan Cavabdeh1 arasında bağlanan 11 avqust 2015-ci il tarixli 21-M-1-0-287-15 saylı kredit müqaviləsinə əlavə olan 11 mart 2016- cı il tarixli razılaşmadan və razılaşmaya olan 1 saylı əlavədən görünür ki, kredit müqaviləsinin müddəti dəyişdirilərək 43 ay müəyyən edilmiş, illik faiz dərəcəsi dəyişdirilməklə 24 % dərəcəsi müəyyən edilmiş, müqavilə müddətinin 11 mart 2019-cu ilədək uzadılmış və müqavilənin bağlanma tarixi kimi 11 mart 2019-cu il qeyd edilmişdir.Aylıq ödəniş 499,94 ABŞ dolları olmaqla ilkin ödəniş tarixi 11 aprel 2016-cı il, sonuncu ödəniş tarixi 11 mart 2019-cu il müəyyən edilmişdir. 11 avqust 2015-ci il tarixli 21-M-1-0-287-15 saylı kredit müqaviləsinə əlavə olan 11 mart 2016-cı il tarixli razılaşma həmçinin İddiaçı İKB ASC ilə borcalan Cavabdeh1 və zamin olan Cavabdeh3 arasında bağlanmışdır. İddiaçı İKB ASC tərəfindən verilən 11 avqust 2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh1 hesabına 14300 ABŞ dolları köçürülmüşdür. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası tərəfindən verilən 03 oktyabr 2019- cu il tarixli, 23530 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış 11.08.2017-ci il tarixli, 21-M-1-0-287-15 saylı kredit müqaviləsi üzrə borcalanın İddiaçı İKB ASC-yə 18.06.2019-cu il tarixə 10,447,39 ABŞ dolları əsas, 182,83 ABŞ dolları faiz borcu, 26.08.2019-cu il tarixə 9,930,64 ABŞ dolları əsas, 0,00 ABŞ dolları faiz borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2020-ci il tarixli, 3702 saylı eksper rəyindən görünür ki, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış 11.08.2017-ci il tarixli, 21-M-1-0-287-15 saylı kredit müqaviləsi üzrə borcalanın İddiaçı İKB ASC-yə 9.930,64 ABŞ dolları əsas, 270,33 ABŞ dolları faiz borcu vardır. Ekspert rəyində qeyd edilmişdir ki, tərəflər arasında 11 mart 2016-cı il tarixdə 11.08.2017-ci il tarixli, 21-M-1-0-287-15 saylı kredit müqaviləsi üzrə əlavə imzalanmışdır. Bu əlavənin şərtlərnə görə kredit müqaviləsi üzrə əlavə imzalanmışdır. Bu əlavənin şərtlərinə görə kredit müqaviləsinin bitdiy tarix 11.03.2019-cu il tarixi, kredit müqaviləsi üzrə faiz dərəcəsi 24 % müəyyən edilmişdir. Lakin ekspert qarşısında qoyulmuş sualda kredit müqaviləsin bitdiyi tarix 11.08.2017-ci il tarix qeyd edildiyindən, əlavənin şərtləri nəzərə alınmamışdır. Azərbaycan Respublikası Konstutusiya Məhkməsinin 24 dekabr 2014-cü il tarixli Plenumun qərarına əsasən, kredit müqaviləsinin bitdiyi tarixdən etibarən əsas kredit borc üzrə öhdəliyin yerinə yetirilmədiyinə görə faiz borcu 5 % dərəcəsi ilə hesablanmışdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 17.11.2020-ci il tarixli, 9/4511 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 11 avqust 2015-ci il tarixli, 21-M-1-0-287- 15 №-li kredit müqaviləsi və 11 mart 2016-cı il tarixli “Əlavənin” şərtlərinə müvafiq olaraq X2 banka 11 mart 2019-cu il tarixinə (müqavilə müddətinin sonuna) 10,514,98 ABŞ dolları borcu vardır. Ondan əsas borc üzrə 4.540,75 ABŞ dolları əsas, faiz borcu üzrə 5,974,23 ABŞ dolları faiz borcu müəyyən edilmişdir. 23.07.2020-ci i il tarixə (maliyyə arayışının tarixinə) 9988,89 ABŞ dolları borcu vardır. Bundan əsas borc üzrə 3741,45 ABŞ dolları, faiz borcu üzrə 5974,23 ABŞ dolları faiz borcu, 5 % dərəcəsi ilə 273,31 ABŞ dolları borc müəyyən edilmişdir "xxxx" ASC tərəfindən verilən 23.07.2020-ci il tarixinə ona maliyyə arayışından görünür ki, Cavabdeh1 11.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 4273,33 ABŞ dolları əsas, faiz borcu üzrə 5573,25 ABŞ dolları, cərimə borcu üzrə 113,06 ABŞ dolları, əldən çıxmış fayda olaraq 309,9 ABŞ dolları olmaqlaa, ümumilikdə 9959,64 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən məhkəmənin sorğusuna verilən 29 yanvar 2020-ci il tarixli, 16-015-86-2020 saylı cavab məktubunda görünür ki, Cavabdeh1 11 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu sonuncu devalvasiyanın baş verdiyi dövrə 10000 ABŞ dollarından artıq olduğu üçün kompensasiyaların hesablanması hissəsində 01.03.2019-cu il tarixinə isə qalıq borcu olan 5072,63 ABŞ dolları, gecikdirildiyi günün 360 gündən az olması səbəbindən restrukturizasiya hissəsində fərmanın əhatə dairəsinə düşməmişdir. İddiaçı İKB ASC-nin cavabdehlərə ünvanladığı 10 dekabr 2018-ci il tarixli və 20 iyun 2019-cu il tarixli xəbərdarlıq məktublarından görünür ki, borclulara 11 avqust 2015-ci il tarixli, 21-M-1-0-287-15 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, onlardan yaranmış borcun 5 gün ərzində ödənilməsi tələb edilmiş, öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində Cavabdeh1 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Hər iki apellyasiya şikayətində borc məbləğlərinin düzgün hesablanmadığı irəli sürülsə də, tərəflər həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya xüsusilə qeyd edir ki, sözügedən borc məbləğləri birinci instansiya məhkəməsi tərəfindən eskpert rəyinə əsasən müəyyən edilmiş və borc məbləğlərinin hesablanması xüsusi bilik tələb etdiyindən onunla razılaşmamaq üçün əsaslar mövcud deyildir. Qətnamənin iddiçı bank tərəfindən mübahisələndirilən digər hissəsi, yəni cavabdehdən tutulmalı olan cərimə məbləğinin azaldılması hissəsi üzrə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 3741,45 ABŞ dolları olduğunu müəyyən edilən əsas borcuna münasibətdə iddiaçı 113,06 ABŞ dolları cərimə hesablayıb tələb etmiş, birinci instansiya məhkəməsi isə onu mütənasib hesab etdiyi 50 ABŞ dolları həddinə qədər azaltmışdır. Kollegiyanın qənaətinə görə işin halları baxımından həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətli hesab olunmalıdır. Bundan başqa Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsı Plenumunun 24 dekabr 2014-cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsının 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi -müddəalarının şərh edilməsınə dair qərarında qeyd edilmişdir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi ekspert rəyini əsas götürürək əldən çıxmış faydaya görə illik 5 faizlə hesanlanmalı olan borcun məbləğini 273.31 ABŞ dolları müəyyən edərkən haqlı olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin Cavabdeh2 münasibətdə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında həmin Məhkəmə belə nəticəyə gəlmişdir ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. Belə ki, öhdəliyin təmin edilməsi üsulu kimi bank ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bağlanmış 11 avqust 2015-ci il tarixli, 21-M-1-0-287-15 saylı müqaviləyə əsasən zaminlər borclunun həmin müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyət daşıyacaqlarına və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacaqlarına dair öhdəlik götürmüşlər. Lakin işin hallarından da görünür ki, 11 avqust 2015-ci il tarixli müqavilədən sonra 11 mart 2016-cı il tarixində kredit müqaviləsinə və ödəniş planına dəyişiklik edilməsi haqqında 1 saziş bağlanmışdır. Həmin sazişlərlə kreditin müddəti uzadılmışdır. Lakin saziş (kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) bağlanarkən Cavabdeh2 razılığı alınmamışdır. Konstitusiya Məhkəməsinin qərarlarındakı hüquqi mövqeyə əsaslanmaqla kollegiya hesab edir ki, həmin zaminlik müqaviləsi etibarlı müqavilə olmamaqla Cavabdeh2 bu müqaviləyə görə zamin qismində məsuliyyət daşıya bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-101/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar