Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7609/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-651/2020 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2019cu il tarixdən cavabdehdən tutulmuş miqdarın artırılaraq xx xxx 2006-cı il, xx xxxxxx 2010cu il və xx xxxxxx 2013-cü il təvəllüdlü uşaqlarının saxlanılması üçün yetkinlik yaşına çatanadək hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(103)-11203/2018 saylı qətnaməsinə əsasən hər uşağa görə 100 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Nikahın pozulması zamanı xx xxx 2006-cı il təvəllüdlü X8 atasının yanında qalmaq istədiyi üçün cavabdehin himayəsinə, digər uşaqlar xx xxxxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxxxx 2013-cü il təvəllüdlü X3 onun himayəsinə verilmiş, qızlarının saxlanması üçün cavabdehdən onun xeyrinə 100 manat məbləğində aliment ödənilməsi qət edilmişdir. Daha sonra, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(103)-11203/2018 saylı qətnaməsi ilə hər üç uşaq onun himayəsinə verilmişdir. Hazırda üç övladı da onun himayəsində qalır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 651/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-2324/2018 saylı və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-11203/18 saylı qətnamələri ilə uşaqların saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilmış, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması və iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumunun 20 faizinin iddiaçıya, 80 faizinin cavabdehə aid edilməklə, iddiaçıdan 6 manat, cavabdehdən 24 manat pul vəsaitinin alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır, təyin edilən aliment tərəflər arasında bərabər bölüşdürülməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verib, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, hazırda işləmir, kirayədə yaşayır. Yaxın zamanlarda borc alaraq, təxminən 1900 manat yığılmış alment borcunu ödəmişdir. Həmçinin, özü yenidən ailə qurmuşdur və bu nikahdan da bir övladı vardır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin göstərdi ki, hər uşağa görə 100 manat aliment kifayət etmir. Cavabdeh yaxın zamanda 1200 manat ödəmişdir. Uşaqlar üçün kreditə telefon və kompyuter götürüb, krediti ödəyə bilmir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 doğulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2324/2018 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X5 atası Cavabdeh, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 anaları İddiaçı yanında saxlanması, X2 və X1 yetkinlik yaşına çatanadək saxanılmaları üçün Cavabdeh hər uşağa görə hər ay 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(103)-11203/2018 saylı qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X8 atası Cavabdeh alınaraq, anası İddiaçı verilmiş, onun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması, aliment tutulmasının əvvəlinin uşağın anaya verildiyi vaxtdan hesablanması qət edilmişdir. İddiaçı hazırda alimentin artırılmasını tələb edir. Birinci instansiya məhkəməsi 2020-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat alimentin tutulması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “X7” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “X7” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Kollegiya qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin, bu zaman tərəflərin maddi və ailə vəziyyəti, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan alimentin məbləği hissəsində dəyişdirilməlidir. Apellyasiya baxışı zamanı təqdim edilmiş nikah haqqında şəhadətnamədən və doğum haqqında şəhadətnamədən görünür ki, cavabdeh iddiaçı ilə ayrıldıqdan sonra, yeni ailə qurmuş, ikinci nikahdan da bir uşağı olmuşdur. Məhkəmə kollegiyası işin hallarını, hazırkı vəziyyətdə tərəflərin maddi vəziyyətini, iş üzrə müəyyən edilmiş digər diqqətəlayiq halları, habelə uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə ayda 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutulmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-651/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilərək, alimentin məbləği hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-7609/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7609/2020
19.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver