Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7609/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2366,30 manat dəymiş ziyanın əvəzinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 30.05.2017-ci il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, onun yaşadığı ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1802AZ**********07 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh onunla bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamış, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə aktlaşdırıİmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən 22.02.2017-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat; 17.10.2017-ci il tarixli ******* saylı akt əsasında 693,40 manat; 30.10.2018-ci il tarixli ******* saylı akt əsasında 604,80 manat; 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat; 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat; 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat; 30.05.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, cəmi 2366,30 manat məbləğində "Azəriqaz” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İddiaçı İB-nın nümayəndələri tərəfindən cavabdehə borcunun könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, cavabdeh sayğacdankənar xətt vasitəsilə təbii qazdan istifadə etmiş, bu hal dəfələrlə tərtib olunmuş aktlarla rəsmiləşdirilmiş, müvafiq fotoçəkilişlər aparılmış, lakin məhkəmə heç bir hüquqi əsas olmadan İddiaçı İB-yə dəyən zərəri nəzərə almamışdır. İşə baxılmasının yeri və vaxtı barəsində cavabdehə göndərilmiş bildiriş “ünvanın tam olmadığı” əsas göstərilməklə çatdırılmadan geri qaytarılmış, iddiaçının nümayəndəsi isə məzuniyyətdə olduğunu bildirdiyi ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Kollegiya işin hallarını, İddiaçı İB-ni təmsil edəcək digər nümayəndələrin olmasını və onların hər hansı birinin İB-ni təmsil edə biləcəyini, lakin məhkəməyə gəlmədiklərini nəzərə almaqla işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş mаtеriаllаrını аrаşdırаrаq kollegiya hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, cavabdehlə 30.05.2017-ci il tarixdə qazın alqı-satqısına dair müqavilə bağlanmış, İddiaçı əməkdaşları tərəfindən 22.02.2017-ci il tarixdə ******* saylı; 17.10.2017-ci il tarixdə ******* saylı; 30.10.2018-ci il tarixdə ******* saylı; 30.11.2018-ci il tarixdə ******* saylı; 28.12.2018-ci il tarixdə ******* saylı; 31.01.2019-cu il tarixdə ******* saylı; 28.02.2019-cu il tarixdə ******* saylı; 29.03.2019-cu il tarixdə ******* saylı; 30.04.2019-cu il tarixdə ******* saylı; 30.05.2019-cu il tarixdə ******* saylı; 28.06.2019-cu il tarixdə ******* saylı; 31.07.2019-cu il tarixdə ******* saylı aktlar tərtib edilərək onun yaşayış sahəsində sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olunduğu göstərilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılaraq cavabdehə ümumilikdə 2366,30 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarının 3-cü bəndinə əsasən istehlakçılar tərəfindən təbii qazın alqısatqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatının hesablanma hesabatına ödənilir. Kollegiya hesab edir ki, iddiaçı təşkilat cavabdeh tərəfindən qaz xəttinə qanunsuz müdaxilə halının olması, kənar xəttin cavabdeh tərəfindən quraşdırılması halını sübut edə bilməmiş, birinci instansiya məhkəməsi bu halın həm də ekspert rəyi ilə müəyyən olunduğunu nəzərə almaqla müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, aktlara görə hesablayıb tələb etdiyi məbləğlər baxımından iddiaçı bunu sübut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. İddiaçı İB-nin istinad etdiyi aktlar isə cavabdehin və hal şahidlərinin iştirakı olmadan tərtib olunmuşdur, buna görə də mötəbər sayıla və onlara əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-307/2021 saylı iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7609/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7609/2021
05.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver