Məhkəmə qərarları › İş №2(103)-761/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-761/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-761/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqavilələri üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-275/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «kredit müqavilələri üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən K1019 saylı kredit müqaviləsinə əsasən 4016,81 manat məbləğində əsas borc, 2289,59 manat məbləğində faiz borcu, 1287,44 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7593,84 manat, K1305 saylı kredit müqaviləsinə əsasən 65526,40 manat məbləğində əsas borc, 29480,05 manat məbləğində faiz borcu, 16263,62 manat məbləğində cərimə borcu olmaqla, cəmi 111270,07 manat, PKP053 saylı plastik kart müqaviləsinə əsasən 4710,13 manat məbləğində əsas borc və 2876,30 manat məbləğində faiz borcu olmaqla, cəmi 7586,43 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli K1019 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən bank borcalana xx.xx.2015-ci il tarixədək illik faiz dərəcəsi 16%, illik cərimə faizi 25% olmaqla 40000 manat məbləğində kredit vermişdir. Daha sonra Bank ilə borcalan arasında xx.xx.2014-cü il tarixli K1305 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən bank borcalana xx.xx.2017-ci il tarixədək illik faiz dərəcəsi 16%, illik cərimə faizi 25% olmaqla 85000 manat məbləğində kredit vermişdir. Bununla yanaşı Bank ilə borcalan arasında xx.xx.2012-ci il tarixli PKP053 saylı Plastik Kart müqaviləsi və ona edilmiş xx.xx.2013-cü il tarixli 2 nömrəli Əlavə imzalanmışdır. Həmin müqaviləyə əsasən bank borcalana xx.xx.2014-cü il tarixədək illik faiz dərəcəsi 18%, illik cərimə faizi 27% olmaqla 5000 manat məbləğdə kredit limiti vermişdir. Lakin cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Hal-hazırda K1019 saylı Kredit müqaviləsi üzrə kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 1327 gün, K1305 saylı Kredit müqaviləsi üzrə kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 1309 gün təşkil edir. Bununla əlaqədar Bank tərəfindən borcalana xx.xx.2019-cu il tarixdə xəbərdarlıq məktubu təqdim edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)- 275/2020 saylı qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia qismən təmin olunmuş, Cavabdeh K1019 saylı kredit müqaviləsi üzrə 4016,81 manat məbləğində əsas borc, 2289,59 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə olmaqla, cəmi 6506,4 manat borcun, K1305 saylı kredit müqaviləsi üzrə 65526,40 manat məbləğində əsas borc, 29480,05 manat məbləğində faiz borcu, 1000 manat məbləğində cərimə olmaqla, cəmi 96006,45 manat borcun və PKP053 saylı plastik kart müqaviləsi üzrə 4710,13 manat məbləğində əsas borc, 2876,30 manat məbləğində faiz borcu olmaqla, cəmi 7586,43 manat borcun, ümumilikdə isə 110099,28 manat məbləğində borcun və 30 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat pulun Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülməsi, iddia tələbinin qalan hissəsi təmin edilməməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, kredit borcunun düzgün hesablanmaması, həmçinin PKP053 saylı plastik kart müqaviləsi və K1019 saylı kredit müqaviləsi üzrə iddia müddətinin keçməsi, lakin məhkəmənin bu halı nəzərə almaması kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında müvafiq kredit müqavilələrinin bağlanması, öhdəliyin cavabdeh tərəfindən lazımınca icra olunmaması işin mübahisə olunmayan hallarıdır. Cavabdeh apellyasiya şikayətində kredit borcunun qalıq məbləğini mübahisələndirmiş, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 23679 saylı rəyi) müəyyən edilmişdir ki, Cavabdeh banka xx xxxxxx 2012-ci il tarixli, PKP053 saylı plastik kart müqaviləsi üzrə 4710,13 manat əsas borcu, 2876,30 manat faiz borcu, xx xxxxx 2014-cü il tarixli, K1019 saylı kredit müqaviləsi üzrə 4016,81 manat əsas borcu, 2289,59 manat faiz borcu, xx xxxxxxx 2014-cü il tarixli, K1305 saylı kredit müqaviləsi üzrə 65.526,40 manat əsas borcu, 29.480,05 manat faiz borcu vardır. Göründüyü kimi, birinci instansiya məhkəməsi kredit borcunun məbləğini ekspertiza təyin etməklə dəqiqləşdirmiş, cavabdeh isə apellyasiya şikayətində ekspertiza rəyi ilə razılaşmamasının konkret əsaslarını göstərməmiş, məhkəmə baxışı zamanı ekspertiza rəyinə şübhə yaranmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası iş üzrə əlavə və ya təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmasını zəruri hesab etmir. Eyni zamanda, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cavabdehin maddi vəziyyətini nəzərə alaraq hər bir kredit müqaviləsi üzrə tələb olunan dəbbə pulunu (cəriməni) azaltmışdır ki, həmin məbləğlər də əsas borca münasibətdə tənasübsüz deyildir (bu səbəbdən də məhkəmə kollegiyası cərimələrin daha da azaldılmasına zərurət görmür). Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində iki kredit müqaviləsi üzrə (PKP053 saylı plastik kart müqaviləsi və K1019 saylı kredit müqaviləsi) iddia müddətinin keçməsini, birinci instansiya məhkəməsinin bu halı nəzərə almamasını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə də razılaşmayaraq, qeyd edir ki, MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-nin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarındakı hüquqi mövqeyinə görə kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Göründüyü kimi, kredit münasibətlərindən yaranan mübahisələrə üç illik iddia müddəti tətbiq edillir. MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iş materiallarında olan müştəri Cavabdeh AZ06PAHA******************** və AZ62PAHA41010AZNFC********** saylı hesabından çıxarışlara əsasən, cavabdehin PKP053 saylı xx xxxxxx 2012-ci il tarixli plastik kart müqaviləsi üzrə sonuncu ödənişi xx.xx.2017-ci il tarixdə 10000 manat məbləğində, K1019 saylı xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə sonuncu ödənişi isə xx.xx.2018-ci il tarixdə 110 manat məbləğində həyata keçirilmişdir. Göründüyü kimi, tərəflər arasında PKP053 saylı xx xxxxxx 2012-ci il tarixdə bağlanmış plastik kart müqaviləsinin 1-ci bəndinə əsasən kredit 12 ay müddətinə verilmiş, kreditin ödənilməli olan son tarixi xx xxxxxx 2013-cü il olaraq müəyyən edilmişdir. Həmçinin, tərəflər arasında K1019 saylı xx xxxxx 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinin 1-ci bəndinə əsasən kredit 18 ay müddətinə verilmiş, kreditin ödənilməli olan son tarixi xx xxxxxxx 2015-ci il olaraq müəyyən edilmişdir. İcra müddəti xx xxxxxx 2013-cü il və xx xxxxxxx 2015-ci il tarixlərdə bitmiş kredit müqavilələri ilə bağlı iddia müddətinin axımı həmin tarixlərdən başlansa da, cavabdeh borcu etiraf etməsini göstərən hərəkətlər etmiş, yəni hesabından xx.xx.2017-ci il tarixdə 10000 manat və xx.xx.2018-ci il tarixdə 110 manat pul məbləğlərdə kredit borcundan ödəməklə iddia müddətinin axımını kəsmişdir. Belə ki, MM-nin 380.1-ci maddəsinin tələbinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. MM-nin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Belə olan halda, yəni xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixlərdən sonra cavabdeh tərəfindən hər hansı bir məbləğdə ödəniş edilməsi müəyyən edilmədiyindən həmin tarixdən iddia müddəti yenidən başlamışdır ki, iddiaçı da müqavilə tələblərini qanunla müəyyən edilmiş 3 illik iddia müddəti keçmədən irəli sürmüşdür. Göründüyü kimi, qeyd edilən kredit müqavilələri üzrə iddia müddətləri keçməmişdir. Beləliklə, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqavilələri üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-275/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-275/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar