Məhkəmə qərarları › İş №2(103)-761/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-761/2024

16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-761/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: maddi ziyan) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edə və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2764/2023 nömrəli 29 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 16 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən qəbul edilən 28 oktyabr 2022-ci il tarixli qərar ilə Cinayət işinin başlanması rədd edilmişdir.

2. Sabunçu rayon X9 Şöbəsi tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli AP ******* nömrəli İnzibati Xəta haqqında Protokola əsasən Cavabdeh1 sözügedən zəncirvari yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinib, inzibati məsuliyyətə cəlb edilmişdir.

3. "xxxx" MMC tərəfindən tərtib edilmiş 30 noyabr 2022-ci il tarixli 57/2022 nömrəli qüsur aktı ilə İddiaçı MMC-yə X7 Soyuducu markalı **-JY-*** dövlət qeydiyyat nişanlı avomaşının təmir xərcinin məbləği 9900 manat müəyyən edilmişdir

4. DİN Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-7165/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, DİN Baş X9 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu edilən “OPEL ASTRA” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh2 adında qeydiyyatdadır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus “X7 Soyuducu” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomaşının təmiri üçün zəruri olan 5356 manat ziyan məbləğinin və 74 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Cavabdeh1 idarə etdiyi, Cavabdeh2 məxsus “Opel Astra” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi ilə, Nazim İsmayılov prospekti istiqamətində 30-40 km sürətlə hərəkət edərkən həmin küçənin kəsişməsində olan yolayrıcına daxil olub, düzünə hərəkətinə dəvam etdikdə həmin vaxt Nazim İsmayılov prospekti ilə hərəkətdə olan sürücü X1 yol vərəqəsi əsasında idarə etdiyi İddiaçı MMCyə məxsus “X7 Soyuducu” markalı **-JY- *** dövlət qeydiyyat nişanlı avomaşınla toqquşmuş, zərbənin təsirindən avtomaşının sürücüsü idarəetməni itirərək yol kənarında dayanmış İfrat İsmayılovun yol vərəqəsi əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus, İveco markalı **-JN-*** dövlət qeydiyyat nişanlı manipulyator yük kranı ilə toqquşmuş, toqquşma nəticəsində sürücü Ə.Abdullayev yüngül bədən xəsarəti almasına səbəb olan zəncirvari yol-nəqliyyat hadisəsi törətmişdir. Sözügedən hadisənin araşdırılması ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən 28 oktyabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərar qəbul edilmişdir. Cavabdeh1 yolnəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək Sabunçu Rayon X9 Şöbəsi tərəfindən barəsində xx.xx.2022-ci il tarixli AP ******* nömrəli İnzibati Xəta haqqında Protokol tərtib edilmiş və sonuncu inzibati məsuliyyətə cəlb edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 30 noyabr 2022-ci il tarixli 57/2022 nömrəli qüsur aktına əsasən İddiaçı MMC-yə X7 Soyuducu markalı **-JY-*** dövlət qeydiyyat nişanlı avomaşının təmir xərcinin məbləği 9900 manat müəyyən edilmişdir. Qeyd olunan ziyan məbləğindən 4544 manat pul məbləği "xxxx" Sığorta Şirkəti ASC tərəfindən İddiaçı MMC-yə ödənilmişdir. Lakin qalıq 5356 manat ziyan məbləğinin ödənilməsi təmin edilməmişdir.

7. 21.07.2023-cü il tarixli, 9/3821 nömrəli ekspert rəyinə görə nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındaki məlumatlara əsasən avohissələrin qiymətləri nəzərə alınmaqla 2007ci il buraxılışlı “X7 Soyuducu” markalı **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9910,00 manat müəyyən edilib.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 sentyabr 2023-cü il tarixli 2(008)-2764/2023 nömrəli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5356 manat dəymiş zərər və 74 manat dövlət rüsumunun İddiaçı MMC –nin xeyrinə tutulması, 50 manat Məhkəmə Ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, X3 idarə etdiyi Cavabdeh2 məxsus Opel Astra markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avomobili idarə etmək üçün etibarnamə və ya digər qanuni əsaslarla idarə etmədiyindən mülkiyyətçi olan Cavabdeh2 və X5 birgə məsuliyyət daşıyırlar.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1097.1, 21.2, 1108.1, 1108.2, 1108.3, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın ona aid hissəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, o, avtomobilini Cavabdeh1 verməmiş, avtomobilə dair etibarnamə verməmişdir, ümumiyyətlə belə bir adam tanımır. Məhkəmə onun mülkiyyətində olan avtomobilin qanunsuz ələ keçirilməsinə münasibət bildirməmişdir. Məhkəmə tərəfindən Cavabdeh1 inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar əldə edilməmiş, avtomobilin onun sahibliyinə hansı qaydada keçməsi ilə bağlı xüsusatlar aydınlaşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

19. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

21. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

22. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Qətnamə yalnız Cavabdeh2 münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

32. Göründüyü kimi, yol nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh1 idarə etdiyi Cavabdeh2 məxsus “Opel Astra” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçıya məxsus “X7 Soyuducu” markalı **-JY-*** dövlət nişanlı avtomobillə toqquşmuş və sonuncuya məxsus avtomobilə maddi ziyan vurmuşdur.

33. İş materiallarına əsasən Cavabdeh2 tərəfindən “Opel Astra” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avomobilə dair Cavabdeh1 etibarnamə verilməsi müəyyən edilməmişdir.

34. BDYPİ tərəfindən verilmiş kompüter çıxarışına əsasən də Cavabdeh2 tərəfindən sözügedən avtomobilə dair etibarnamə verilmiş şəxslər sırasında Cavabdeh1 yoxdur.

35. Birinci instansiya məhkəməsi qanunvericiliyin tələbinə uyğun olaraq Cavabdeh1 Cavabdeh2 məxsus “Opel Astra” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avomobili idarə etmək üçün etibarnamə və ya digər qanuni əsaslarla idarə etmədiyindən mülkiyyətçi olan Cavabdeh2 və Cavabdeh1 birgə məsuliyyət daşıması qənaətinə gəlmişdir.

36. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Hazırki halda yol-nəqliyyat hadisəsinin iştirakçısı olan avtomobilin etibarnaməsiz (hüquqa zidd) idarə edilməsində delikt törətmiş Cavabdeh1la yanaşı mülkiyyətçisinin də təqsiri vardır. Ona görə də məsuliyyətin həm də mülkiyyətçinin üzərinə qoyulması düzgündür.

37. Cavabdeh2 apellyasiya şikayətində Cavabdeh1 ümumiyyətlə tanımadığını, avtomobilə dair etibarnamə vermədiyini bildirmişdir.

38. Qanunvericiliyin tələbinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır.

39. Cavabdeh2 avtomobilin digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində onun iradəsi əleyhinə sahibliyindən çıxması halını təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

40. Kollegiya hesab edir ki, məhkəmə qanuni və əsaslı nəticəyə gəlmişdir, apellyasiya şikayəti əsassızdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2764/2023 nömrəli iş üzrə 29 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar