Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-761/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-261/2024 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi üçün Standart Şərtlər” (nağd kredit verilməsinə dair) müqaviləsinə əsasən iddiaçı illik 15,3 dərəcə ilə faiz hesablamaq və 24 ay müddətinə qaytarmaq şərti ilə 30.000 manat məbləğində kredit verməyi, cavabdeh isə həmin məbləği qəbul etməyi və kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə hesablanmış faizləri və gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh ilk ödənişin xx.xx.2021-ci il tarixdə, sonuncu ödənişi isə xx.xx.2023-cü il tarixdə həyata keçirməklə hər ay 1.458,88 (sonuncu ay 1.457,45) manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq (pretenziya məktubu) üzrə cavabdehə əsas və faiz borcunun ödəmə müddətlərinin pozulması barədə məlumat verilmiş və 5 gün müddətində borcun ödənilməsi təklif edilmiş, əks halda borc məbləğinin məhkəmə qaydasında tutulması və tələb olunan məbləğlərlə yanaşı, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və gecikdirilmiş vaxt üçün illik 5 /%-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsi ilə bağlı tədbirlər görüləcəyi barədə ona xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə cavabdehin 4.801,59 manat məbləğində əsas, 133,76 manat məbləğində faiz, 314,78 manat məbləğində cərimə, ümumilikdə 5.250,13 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8399/2023 nömrəli ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla cavabdehin xx.xx.2023-cü il tarixə iddiaçıya 1.193,50 manat məbləğində borcunun (əsas borc üzrə 1.182,94 manat, faiz borcu üzrə 10,56 manat) olduğu müəyyən edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/562 nömrəli ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla cavabdehin xx.xx.2023-cü il tarixə iddiaçıya 1.194,50 manat məbləğində borcunun (əsas borc üzrə 1.182,94 manat, faiz borcu üzrə 11,56 manat) olduğu müəyyən edilir. Eyni zamanda, hər iki rəydə qeyd edilmişdir ki, iş materiallarında iddiaçı tərəfindən cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cərimə hesablanmalıdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Acıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən bankın xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 4.801,59 manat əsas, 133,76 manat faiz, 157,39 manat cərimə olmaqla, cəmi 5.092,74 manat məbləğində borcun və 70,93 manat dövlət rüsumunun tutulması, cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia işin faktiki hallarına istinad edilməklə əsaslandırılmışdır.
4. Cavabdeh iddia ərizəsinə qarşı etiraz (mülahizə) təqdim edərək bildirmişdir ki, iddia üzrə tələb olunan borc məbləği həddən artıq şişirdilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ona illik 15.3 faiz dərəcəsi ilə 24 ay müddətinə 30.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi müddətində o, 33.825 manat kredit ödənişi etsə də, iddiaçı əsassız olaraq, ondan 5.250 manat vəsait tələb edir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-261/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22-Y-1-0-1420-21 saylı kredit müqaviləsinin ləğv edilməsi, əsas borc üzrə 1.182,94 manat, faiz borcu üzrə 11,56 manat, cərimə borcu üzrə 100 manat, cəmi 1.294,50 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 70,93 manatin 18 manatının Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 200 manat məbləğində pul vəsaitinin 149,20 manatın iddiaçı "xxxx" ASC-dən, 50,80 manatının isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. (hakim X5)
6. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarından göründüyü kimi, İddiaçı ASC müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun iddiaçıya borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmiş və bu səbəbdən, iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır.
7. Məhkəməm cavabdehdən iddiaçının xeyrinə tutulmalı borcun məbləğinə münasibətdə qeyd etmişdir ki, iş üzrə 2 dəfə ekspertiza təyin olunmuş, birinci ekspertiza rəyi ilə əsas borc üzrə 1.182,94 manat, faiz borcu üzrə 10,56 manat müəyyən edilmiş cavabdeh bu rəylə razılaşmamış və ikinci ekspert rəyi ilə isə yenə cavabdehin əsas borcunun 4.801,59 manat deyil, 1.182,94 manat, faiz borcunun 133,76 manat deyil, 11,56 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iş üzrə təyin olunan hər iki ekspertiza zamanı verilmiş ekspert rəyində (ekspert rəyləri arasında fərq yalnız 1 manat faiz hissədə göstərilmişdir) cavabdehin ödənilməmiş borcunun iddia tələbində qeyd edilən məbləğdən kəskin fərqlənən məbləğ olduğu müəyyən edilir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, bu zaman sonuncu ekspert rəyi ilə müəyyən olunan məbləğ cavabdehdən tutulmalıdır.
8. Məhkəmə, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab etmişdir ki, müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hal üçün dəbbə pulunun hesablanması nəzərdə tutulduğundan, iddiaçının həm də dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Lakin məhkəmə dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirmiş və mübahisələndirilən kredit müqaviləsi üzrə dəbbə pulunun 100 manat məbləğinədək azaldılması qənaətinə gəlmişdir.
9. Məhkəmə iddia tələbinin kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən və bununla da müqavilə şərtlərini faktiki pozduğundan iddiaçının şərtləri pozulmuş əsas kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini tələb etmək hüququ yaranmışdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci, 421ci, 425-ci, 442-ci, 448-ci, 462-ci, 467-ci, 739-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 14.2-ci, 76-cı, 77.1-ci, 119.1-ci, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qətnamə çıxarılan zaman sadəcə ekspert rəyinə əsaslanmışdır. Məhkəməyə təqdim edilən sübutlar (maliyyə arayışı, hesabdan çıxarış və s) nəzərə alınmamışdır. İş materiallarına əlavə olunan maliyyə arayışından da görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 4.801,59 manat əsas, 133,76 manat faiz, 157,39 manat cərimə borcu olmaqla ümumilikdə 5.092,74 manat borcu vardır. Belə olan halda isə qətnamədə əsas və faiz borcunun əsassız olaraq ekspert rəyinə uyğun olaraq azaldılması, iş üzrə qəbul edilmiş qətnamənin sadəcə ekspert rəyinə əsaslanması birmənalı olaraq işin hallarına uyğun olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, aparılmış ödənişlərin müəyyən hissəsi yaranmış cərimə borcunun silinməsinə yönəlmişdir. Lakin məhkəmə eksperti bu halı nəzərə almamışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın tam təmin edilməsi xahiş edilsə də, hüquqi nəticə etibarı ilə qətnamə iddianın rədd edilən hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız həmin (həmçinin, məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı) hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində iddiaçı tərəfindən cavabdehə illik 15,3 faiz dərəcəsi ilə faiz hesablamaq və 24 ay müddətinə qaytarmaq şərti ilə 30.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə əsas kredit borcunu qaytarmağı, habelə hesablanmış faiz məbləğini, gecikməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya (xəbərdarlıq məktubu) göndərilərək, həmin müqavilə üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu bir nəticə verməmiş, öhdəlik bundan sonra da lazımi qaydada icra edilməmişdir. Bununla da müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.
23. Hazırda iddiaçı həmin müqavilə üzrə xx.xx.2023-cü il tarixə cavabdehin 4.801,59 manat məbləğində əsas, 133,76 manat məbləğində faiz, 314,78 manat məbləğində cərimə borcunun yarandığına istinad edərək, həmin məbləğdə əsas və faiz, habelə 157,39 manat cərimə borcunun və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddia tələbi ilə razılaşmır, ekspert rəyləri ilə müəyyən edilmiş məbləğdə borcunun olduğunu qəbul edir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsas götürüb, ilk növbədə iddia üzrə tələb edilən əsas və faiz borcu məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hesabdan çıxarış məlumatlarına əsasən həmin müqavilə üzrə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə ödənişlər aparılmış və bu ödənişlər həmin tarixə mövcud olan borc məbləğlərinin silinməsinə yönəlmişdir. Bununla belə, ödənişlərin intensivliyi, məbləği, habelə silinmə istiqamətləri (silinmənin müqavilənin şərtlərinə uyğun aparılıb-aparılmaması da daxil olmaqla) xx.xx.2023-cü il tarixə mövcud olan borcun müəyyən edilməsi ilə bağlı sualları izah etmək üçün birmənalı şəkildə xüsusi bilik tələb edir. Məhz bu məqsədlə birinci instansiya məhkəməsi iş üzrə iki dəfə məhkəmə-muhasibat ekspertizası (ikin və təkrar) təyin etmiş və məhkəmə ekspertinə əsas və faiz borcu ilə yanaşı, cərimə borcunun da hesablanması tapşırılmışdır.
25. Hər iki halda, məhkəmə eksperti tərəfindən aparılmış tədqiqat nəticəsində müqavilə üzrə xx.xx.2023-cü il tarixə 1.182,94 manat əsas borcun olduğu müəyyən edilmiş, faiz borcu isə müvafiq olaraq 10,56 və 11.56 manat məbləğində hesablanmışdır.
26. Ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməməsi, habelə borcun hər hansı başqa qaydada hesablanması üçün də əsas mövcud deyil. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhkəmə ekspertinin rəyini mötəbər sübut kimi qəbul etməsi və kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə yaranmış borcun müəyyən edilməsi zamanı bu rəyi əsas götürməsi mövqeyi ilə razılaşır və belə qənaətə gəlir ki, həmin müqavilə üzrə xx.xx.2023-cü il tarixə məhz 1.182,94 manat əsas, 11,56 manat faiz borcu yaranmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı ümumiyyətlə xx.xx.2023-cü il tarixə yaranmış faiz borcunu tələb etmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi əlavə olaraq 8 gün üçün də faiz borcu tutmuşdur. Lakin cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən mövcud vəziyyətdə faiz borcu qismində məhz 11,56 manat əsas götürülür.
27. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında cərimə məbləğinin hesablanması haqqında yazılı formada razılaşma da olmuş, yəni cavabdeh ödənişlərin gecikdirilməsi nəticəsində cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə Bank xidmətlərinin Göstərilməsi üzrə X7 5-də öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış cərimə borcunun ödənilməsini tələb edir.
28. Məhkəmə kollegiyası cavabdeh tərəfindən götürülən kreditin, habelə aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 100 manat cərimə məbləğinin artırılması üçün də hər hansı əsas yoxdur.
29. Məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə tutulan dövlət rüsumunun məbləği, habelə ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində pulun tərəflər arasında bölüşüdürülməsi qaydası ilə də razılaşır.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
31. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə qətnamənin yoxlanılan hissəsində iddianın qiyməti 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-261/2024 nömrəli qətnaməsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.