Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7612/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3792/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı “təbiətə dəymiş ziyanın ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 495 manat məbləğində pulun Cavabdeh tərəfindən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə, iş № 2(001)-3792/21) iddia təmin edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10.03.2020-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Cavabdeh Quba rayonu, Zərdabi İƏD ərazisində Qudyalçay çay yatağında yerləşən qum-çınqıl karxanası üçün ayrılmış ərazidən kənara çıxaraq qanunsuz olaraq qarışıq süxur kütləsi götürmüşdür. Faktla əlaqədar onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 10.03.2020-ci il tarixli, 59254 saylı akt, 10.03.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq 16.03.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsinin və “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq inzibati xəta törətmiş, nəticədə Nazirlər Kabinetinin 28 dekabr 1998-ci il tarixli, 239 saylı qərarına əsasən onun barəsində təbiətə dəymiş ziyana görə 495 manat iddia məbləği hesablanmışdır. Təbiətə dəymiş ziyanı könüllü şəkildə ödəməsi üçün barəsində qaldırılmış iddia və təbiətə dəymiş ziyanın hesabat cədvəli Cavabdeh 12.03.2020-ci il tarixli 431 saylı məktubla göndərilsə də, cavabdeh ziyanı ödəməkdən imtina etmişdir. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 10.03.2020-ci il tarixli, 59254 saylı aktına əsasən, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsinin və “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Qudyalçay çay yatağında yerləşən qumçınqıl karxanası üçün ayrılmış ərazidən kənara çıxaraq qanunsuz olaraq qarışıq süxur kütləsi götürmüşdür. 10.03.2020-ci il tarixli, 59254 saylı aktın əlavəsi olan Quba rayonu Qudyalçay qumçınqıl karxanasının rəhbəri Cavabdeh tərəfindən faydalı qazıntıların qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyanın hesablama cədvəlinə əsasən, dəymiş ziyanın ümumi məbləği 495 manat təşkil edir. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 10.03.2020-ci iltarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Quba rayon Qudyalçay qum-çınqıl karxanasının rəhbəri Cavabdeh istifadəsində olan Qudyalçay qum-çınqıl yatağında naturada koordinat nöqtələri müəyyən edilməmiş, mərz nişanları qoyulmamış və istifadə olunmuş ərazidə rekultivasiya işləri aparılmamışdır. Araşdırma zamanı kənara çıxma halları müşahidə olunmuşdur və Cavabdeh Azərbaycan Respublikası İXM-in 343.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16.03.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh barəsində tərtib edilmiş 10.03.2020-ci iltarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında o, vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-in 343.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 (üç min) manat cərimə edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, agentlik tərəfindən göndərilmiş 28.01.2021-ci il tarixli, 19/Z-014 saylı məktubda qeyd olunan əraziyə baxış zamanı mərz nişanlarının mövcud olmadığı və 448400 m3 həcmində hasilat aparılması praktik olaraq mümkün deyil. Çünki, mərz nişanları mövcuddur. Bundan əlavə, 488400 m3 hasiların 1 il ərzində aparılması mümkün deyil, hətta 10 il ərzində belə aparılması mümkün deyil. Onun yazılı şəkildə göstərdiyi dəlillərə əsasən müəssisədə təmir işləri getdiyi halda bu qədər hasilatın olması mümkün deyil. Bundan başqa, Qudyalçayda yaz və payız aylarında çoxsaylı sellər müşahidə olunur. Bunun nəticəsində çoxlu sayda yarğanlar əmələ gəlir. Agentlik tərəfindən aparılan monitorinq zamanı onlar tərəfindən qeyri-qanuni akt tərtib edilmişdir. Qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş edirik. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və bu zaman qeyd etmişdir ki, Mülki Məcəllənin 1096, 1097-ci maddələrinin hazırkı mübahisəyə tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının əmlakına zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia tələbi təmin edilməli, Cavabdeh 495,0 (dörd yüz doxsan beş) manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, zərərin vurulmasında məhz cavabdeh təqsirli bilinərək inzibati tənbeh qaydasında məsuliyyətə cəlb edilmişdir. Bunun əksini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti versə də, faktiki olaraq inzibati tənbeh vermə haqqında qərarı və qərarın əsaslarını mübahisələndirmişdir. Halbuki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16.03.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı hazırda qanuni qüvvəsini almışdır. Həmçinin cavabdeh özü də təbiətə ziyanın dəydiyini göstərmiş, lakin bu yarğanların yaranmasının onun təqsirindən deyil, Qudyalçayda mütəmadi şəkildə baş verən sel nəticəsində olduğunu bildirmişdir. Lakin bunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi, cavabdehin hazırkı işdə mübahisələndirdiyi və etirazının əsası kimi istinad etdiyi hallar inzibati qaydada araşdırılmış və qiymət verilmişdir. Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələbinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində təbiətə zərər vurulduğu, zərərin mövcud olması və bu hərəkətlərlə (hərəkətsizliklə) ziyanın arasında səbəbli əlaqənin mövcudluğu tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7612/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7612/2021
29.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver