Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7614/2021 17.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 13 avqust 2010-cu il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın cavabdehə qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına dair mülki işə baxmış Binəqədi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 13.08.2010-cu il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və Rayon Məhkəməsi həmin apellyasiya şikayətini qəbul edərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. Mülki işin materiallarından görünür ki, qətnamə rabitə orqanı vasitəsilə cavabdehə qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. Qətnamədən apellyasiya şikayətinin verilməməsini nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra Rayon Məhkəməsi qətnaməni icraya yönəltmiş və qətnamə üzrə verilmiş icra sənədinə əsasən Binəqədi İcra və Probasiya Şöbəsi tərəfindən 06.10.2010-cu il tarixdə icraat başlanmışdır. Qətnamənin artıq icraya yönəldilməsi və apellyasiya şikayətinin məhz bundan sonra verilməsi Məhkəmə üçün belə qənaətə gəlməyə əsas verir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti cavabdeh tərəfindən ötürülmüşdür. Apellyasiya şikayəti verilməsi müddətini ötürmüş cavabdeh “buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə” ərizəni Rayon Məhkəməsinə verməmişdir. Rayon Məhkəməsi isə prosessual müddətin cavabdeh tərəfindən ötürülübötürülməməsini araşdırmamışdır. MPM-nin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin yuxarıda qeyd edildiyi kimi, Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini müzakirə etmədən şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsi Rayon Məhkəməsi tərəfindən müzakirə edilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Bundan başqa Məhkəmə qeyd edir ki, MPM-nin 361.1.4-cü maddəsinə görə, apellyasiya şikayətində şikayət verən şəxsin tələbi göstərilməlidir (maddə 361.1.4.). Lakin, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin nəticə hissəsindən görünür ki, o, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin tam ləğv edilməsini xahiş etsə də, qətnamənin ləğv edilməsindən sonra apellyasiya instansiya məhkəməsinin iddianın rədd edilməsini, yaxud iddianın tam və ya qismən təmin edilməsini göstərməmişdir. Belə olan halda cavabdehin apellyasiya instansiya məhkəməsindən iş üzrə hansı qərarın qəbul edilməsi barədə tələbini müəyyən etmək mümkün deyil. Göründüyü kimi, apellyasiya şikayətinin məzmununa iddiaçı tərəfindən riayət olunmayıb. Odur ki, hesab edilməlidir ki, qeyd edilən bu nöqsana da görə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. MPM-nin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Rayon Məhkəməsi MPM-nin 364-cü maddəsinə əsasən apellyasiya şikayətini geri qaytarmalı idi, lakin bunu etməmişdir. Odur ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Çünki MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 13 avqust 2010-cu il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7614/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7614/2021
17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver