Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7616/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İlham Kərimlidən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, şikayətçi Günəş İbrahimovanın nümayəndəsi (övladı) İlhamə Məmmədovanın iştirakı ilə, İddiaçı Cavabdeh Qeyvəli oğluna qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 21.05.2021-ci il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları: İddiaçı cavabdehin kürəkənidir. İddiaçı Sabunçu RM-nə iddia ərizəsi verərək tələb edib ki, dəymiş zərərin əvəzi kimi 235.000 manat cavabdehdən alınaraq ona verilsin. İş üzrə icraat zamanı tərəflər barışıq sazişi bağlayıblar. Həmin sazişə görə cavabdeh Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən yarımzirzəminin üstündə tikilən iki mərətəbəli, mansardlı yaşayış evinin nəvəsi (iddiaçının oğlu) X2 aid olmasını bildirərək, nəvəsinin yetkinlik yaşına çatmasından sonra evin yalnız nəvəsinə məxsus olacağını, nəvəsi 18 yaşına çatanadək evi notariat kontorunda nəvəsinə bağışlamağı və ya vəsiyyət etməyi öz öhdəsinə götürür. Sazişdə daha sonra qeyd olunub ki, nəvəsi 18 yaşına çatana kimi cavabdeh evi ona bağışlamadığı və ya vəsiyyət etmədiyi təqdirdə iddia ərizəsində göstərilən məbləğ cavabdehdən tutulub iddiaçıya verilməlidir. Sabunçu RM 30.09.2015-ci il tarixli qərardadla qərara alıb ki, barışıq sazişi təsdiq edilsin, iş üzrə icraata xitam verilsin. Bundan 4 il sonra – 17.08.2019-cu il tarixdə cavabdeh ölüb. Bundan 1 il sonra 14.09.2020-ci il tarixdə Sabunçu RM həmin qərardadın (barışıq sazişinin təsdiq edilməsi barədə qərardadın) əsasında icra vərəqəsi verib. Cavabdehin arvadı Günəş İbrahimova 03.05.2021-ci il tarixdə Sabunçu RM-nə şikayət verərək xahiş edib ki, 30.09.2015-ci il tarixli qərardad ləğv edilsin. Eyni zamanda o, ərizə ilə müraciət edərək xahiş edib ki, 30.09.2015-ci il tarixli qərardaddan şikayətvermə müddəti ötürülməmiş hesab edilsin. Sabunçu RM 21.05.2021-ci il tarixli qərardadla qərara alıb ki, şikayətvermə müddətinin ötürülməmiş hesab edilməsi barədə ərizə rədd edilsin və 30.09.2015-ci il tarixli qərardaddan verilmiş şikayət geri qaytarılsın. Bundan sonra Günəş İbrahimova 21.05.2021-ci il tarixli qərardaddan şikayət verərək xahiş edib ki, həmin qərardad ləğv edilsin. Qərardadın yoxlanılması: Həmin iş üzrə birinci instansiya məhkəməsində icraat zamanı Günəş İbrahimova üçüncü şəxs kimi işə cəlb edilməli idi. Belə ki, cavabdeh onunla rəsmi nikahda olub (iş v. 100, nikah haqqında şəhadətnamə), lakin onun razılığı və ya xəbəri olmadan daşınmaz əşyaya (evə) dair sərəncam məzmunlu barışıq sazişi bağlayıb. Bu saziş Günəş İbrahimovanın hüquq və vəzifələrinə təsir edə bilər. Lakin birinci instansiya məhkəməsi Günəş İbrahimovanı üçüncü şəxs kimi işə cəlb etməyib, onun iştirakı olmadan barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verib, qərardadın surətini isə Günəş İbrahimovaya göndərməyib. Hazırda barışıq sazişinin şərtləri əsasında icra vərəqəsi verilib. Bundan başqa, Günəş İbrahimova cavabdehin vərəsəsidir (iş v. 99, vərəsəlik hüququ haqqında şəhadətnamə). Barışıq sazişinin təsdiq edilməsi barədə qərardad Mülki- Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə görə cavabdehə rəsmi qaydada verilməli idi. Lakin qərardadın cavabdehə verilməsini təsdiq sənəd yoxdur. O cümlədən qərardadın cavabdehə göndərilməsi barədə məktub olsa da, məktubun poçt rabitəsinə verildiyini təsdiq edən sənəd yoxdur. Günəş İbrahimova 30.09.2015-ci il tarixli qərardaddan şikayət vermək hüququna malikdir. Belə ki, Mülki-Prosessual Məcəllənin 267.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Günəş İbarhimova şikayətvermə müddətini ötürməyib. Belə ki, Mülki-Prosessual Məcəllənin 268.1-ci maddəsindən görünür ki, qərardaddan şikayət verilməsi müddəti 10 gündür, həmin müddətin axımı qərardadın surətinin rəsmi qaydada verilməsi ilə başlayır. Günəş İbrahimova 21.04.2021-ci il tarixdə belə bir qərardadın olmasından xəbər tutub, 10 gün keçməmiş şikayət verib. Beləliklə, məhkəmə hesab edir ki, Sabunçu RM-nin 21.05.2021-ci il tarixli qərardad ləğv edilməli, Günəş İbrahimovanın “şikayətvermə müddətinin ötürülməmiş hesab edilməsi barədə” ərizəsi təmin olunmalı, 30.09.2015-ci il tarixli qərardaddan şikayətvermə müddəti Günəş İbrahimovaya münasibətdə ötürülməmiş hesab edilməli və həmin qərardaddan verilmiş şikayət baxılması üçün iş Sabunçu RM-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. . Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 21.05.2021-ci il tarixli qərardadı ləğv edilsin. X1 ərizəsi təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 30.09.2015-ci il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmiş hesab olunsun və həmin şikayətə baxılması üçün iş Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7616/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7616/2021
23.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver