Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7623/2022 15.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4127/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh 22 fevral 2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar.
2. Onların birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 doğulmuşdur.
3. Tərəflərin arasında olan nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir.
4. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-5849/2019 saylı qətnaməsilə tərəflərin arasındakı nikah pozularkən uşaqların saxlanması üçün Cavabdeh X1 xeyrinə hər ay hər uşaq üçün 130 manat aliment tutulmuşdur.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-5849/2019 saylı qətnaməsinə əsasən təyin olunmuş 130 manat alimentin miqdarının artırılaraq hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sabunçu rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-5849/2019 saylı qətnaməsilə xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 130 manat məbləğində aliment tutulmuşdur. Həmin məbləğ hal-hazırda uşaqların saxlanması üçün kifayət etmir.
7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 4127/2022 saylı qətnaməsi ilə (hakim T.Əsədova) iddia təmin edilmiş, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-5849/2019 saylı qətnaməsinə əsasən təyin olunmuş 130 manat alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir.
8. Məhkəmə uşaqların maraqlarını əsas götürərək hesab etmişdir ki, iddia tələbi təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə hər ay 193 manat məblğəində aliment tutulmalıdır.
9. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 112.1-ci maddəsinə, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-5849/2019 saylı qətnaməsinə əsasən təyin olunmuş 130 manat alimentin müəyyən olunmasından sonra onun maddi vəziyyətində dəyişiklik olmamış və hazırda Azərbaycan Respublikası FHN-nin Yanğından Mühafizə İdarəsində sürücü işləyir və əmək haqqı 600 (altı yüz) manat təşkil edir. İlkin məhkəmə qətnaməsi çıxanda da, indi də maddi vəziyyəti eynidir ki, bu səbəbdən iddia tələbi təmin edilməməlidir. Bunu birinci instansiya məhkəməsində izahatında da bildirmişdir. Hazırda iddiaçı özü də işləyir, gəliri var, hətta övladlarından birinə iddiaçının özü deyil, nənəsi baxır və onunla yaşayır. Məhkəmə bunların heç birini araşdırmamış və münasibət bildirməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddianın rədd edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
19. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
20. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
21. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
22. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən:
23. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır.
24. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə, bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
25. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər.
AR Mülki Prosessual Məcəlləsi
26. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsinin mövqeyi
29. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
30. Birinci instansiya məhkəməsində toplanmış sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh 22 fevral 2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Onların birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 doğulmuşdur. Tərəflərin arasında olan nikah xx.xx.2019cu il tarixdə ləğv edilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-5849/2019 saylı qətnaməsi ilə tərəflərin arasındakı nikah pozularkən uşaqların saxlanması üçün Cavabdeh X1 xeyrinə hər ay hər uşaq üçün 130 manat məbləğində alimentin tutulması qət edilmişdir. Qeyd edilən məbləğ tərəflərin öz razılığı əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir.
31. Birinci instansiya məhkəməsi yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, birgə nikahdan anadan olmuş uşaqların saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı hər uşaq üçün 193 manat sabit pul məbləğində müəyyən edilməlidir.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgün və əsaslı hesab edir.
33. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının onun yanında qalan uşaqların saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş, həmin tələbi uşaqların böyüməsi, habelə ölkədə iqtisadi vəziyyətin dəyişməsi nəticəsində onların maddi tələbatlarının artması, o cümlədən 2022-ci il üçün uşaqların saxlanması üçün yaşayış minimumunun artırılması ilə əlaqədar əsaslı olmuşdur.
34. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar (daimi iş yerinin olması və 600 manat əmək haqqının olması, iddiaçının işləməsi) onun uşağını saxlamaq, uşaqlarla birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması öhdəliyindən azad etmir.
35. Bu zaman məhkəmə nəzərə alır ki, həm milli qanunvericilikdə, həm də Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərdə uşaqların hüquqlarının təmin edilməsi ilə bağlı məsələlərin həll edilməsi zamanı uşaqların üstün mənafeyinin nəzərə alınmalı olması müəyyən edilir. Bu yanaşmadan çıxış edərək kollegiya qeyd edir ki, hazırkı vəziyyətdə Cavabdeh tutulan aliment məbləğinin artırılmasının onun maddi durumunu çətinləşdirməsi aşkar olsa da, bu məbləğin artırılmamasının uşaqların üstün tutulmalı olan mənafeyinə zidd olması əsas götürülməli və mübahisə məhz bu yanaşma əsasında həll edilməlidir.
36. Kollegiya alimentin məbləğinin artırılaraq hər uşağa görə 193 manat müəyyən edilməsini də hazırkı işin halları və uşaqların saxlanması üçün ölkə üzrə müəyyən edilmiş yaşayış minimumunun məbləği baxımından ədalətli hesab edir.
37. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas deyildir.
38. Kollegiya həmçinin qeyd edir ki, alimentin artırılması xahiş edilən məbləğin bir il üçün ödənilməli hissəsi 5000 manatdan az olduğundan, Azərbaycan Respublikası MPMnin 402.1-ci maddəsinə əsasən hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4127/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.