Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7626/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC, 9660 ABŞ dollarının (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan rəsmi məzənnəsinə uyğun olaraq), qiymətləndirmə hesabatı üçün ödənilmiş 300 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia rədd edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, İddiaçı MMC-nin keçmiş direktoru, hazırkı iş üzrə Cavabdeh özünün Mülki Məcəllənin 49.3-cü maddəsində nəzərdə tutulmuş vəzifələrini pozmuş və bu pozuntu nəticəsində iddiaçıya zərər vurmuşdur. Belə ki, cavabdeh, MMC-nin direktoru olduğu müddət ərzində “xxxxxx” adlı hüquqi şəxs yaratmış, təsis etdiyi və direktoru olduğu həmin şirkət informasiya texnologiyaları avadanlıqlarının satışı ilə məşğul olmuşdur. “xxxxxx” MMC ilə “Sanmar ve X6 X8 Ltd Sti” şirkəti arasında bağlanmış müqaviləyə əsasən, 100.000 ABŞ dolları məbləğində informasiya texnologiyaları avadanlıqları satmış və nəticədə iddiaçı 9660 ABŞ dolları məbləğində gəlirdən məhrum olmuşdur. Bu hala hüquqi şəxsin adından çıxış edən şəxsin öz maraqları ilə hüquqi şəxsin maraqları toqquşduğu halda hərəkət etmək və öz şəxsi maraqlarını hüquqi şəxsin maraqlarından üstün tutmasından başqa cür qiymət vermək olmaz və bu cür yanaşma cavabdehin hərəkətləri nəticəsində iddiaçıya zərər vurulmasını tam şəkildə sübuta yetirir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə, apelyasiya şikayəti təmin edilmədən, Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı, həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə, kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İşin mübahisəsiz hallarına görə, İddiaçı MMC xx.xx.2006-cı il tarixdən hüquqi şəxs kimi Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatından keçmişdir. Şirkətin üç təsisçisi vardır: “X4 Limited” şirkəti (nizamnamə kapitalındakı mayası 50%), “xxxxxxxxxxxxxxxxxxxxxx” QSC (nizamnamə kapitalındakı mayası 30%) və Cavabdeh (nizamnamə kapitalındakı mayası 20%). Cəmiyyətin əsas fəaliyyətinə lisenziyalı proqram təminatının satışı, proqram təminatının seçilməsi, quraşdırılması üzrə məsləhətlərin verilməsi, proqram təminatının saxlanması, ticarət, alqı-satqı və s. digər işlər daxildir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli əmək müqaviləsinə əsasən, Cavabdeh cəmiyyətin direktoru vəzifəsinə təyin edilmiş və hüquqi şəxsin qanuni təmsilçisi kimi vergi orqanında qeydə alınmışdır. Cavabdeh, İddiaçı MMC-nin təsisçisi və direktoru olduğu dövrdə, yəni xx.xx.2015-ci ildə Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrində qeydiyyatdan keçmiş “xxxxxx” MMC-nin qanuni təmsilçisi kimi qeydə alınmışdır. xx.xx.2016-cı il tarixli hesab fakturadan görünür ki, “xxxxxx” MMC tərəfindən “Sanmar və Elektrik İnş. X7 X9” şirkətinə informasiya texnologiyaları avadanlıqlarının satılması ilə əlaqədar MMC-yə 100.000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixli əmri ilə Cavabdeh əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşin mübahisəli halları isə ondan ibarətdir ki, İddiaçı MMC bildirir ki, Cavabdeh cəmiyyətin təsisçisi və direktoru olduğu dövrdə təsis etdiyi və direktoru olduğu “xxxxxx” MMC vasitəsilə informasiya texnologiyaları avadanlıqlarının satışı ilə məşğul olmuşdur. Belə ki, “xxxxxx” MMC ilə “Sanmar və Elektrik İnş. X7 X9” şirkətinə 100.000 ABŞ dolları dəyərində imformasiya texnologiyaları avadanlıqları satmaqla Mülki Məcəllənin 49.3-cü maddəsinin və əmək müqaviləsinin 4.19-cu bəndinin tələblərini pozmuşdur. Yəni, Cavabdeh, İddiaçı MMC ilə rəqabət aparan eyni və oxşar fəaliyyətlə məşğul olmuş, üçüncüşəxslərə lazım olan mal və xidmətləri İddiaçı MMC-nin vasitəsilə deyil, özünün sonradan təsis etdiyi və rəhbəri olduğu başqa hüquqi şəxs vasitəsilə təqdim etmişdir. Hətta yazışmaları İddiaçı MMC-nin adından aparmaqla onun işgüzar münasibətlərindən və nüfuzundan istifadə etmişdir. Cavabdeh isə, bildirir ki, özünün həmtəsisçisi və direktoru olduğu şirkətə rəqib ola biləcək şirkətlər yaratması absurd haldır. Ona məxsus şirkətlər mövcuddur, bu şirkətlər vasitəsilə dövlət müəssislərinə proqramların yazılması, yaradılması və quraşdırılması və s. sahələrlə məşğul olur. Bu şirkətlərin sahəsi İddiaçı MMC-nin sahəsindən tamam fərqlidir. “xxxxxx” MMC-yə verilmiş sifarişin İddiaçı MMC-yə məxsus olması və sonuncunun müştərilərinin cəlb edilməsi ilə bağlı hər hansı bir sübut yoxdur. “xxxxxx” MMC onun adına rəsmiləşsə də, bu fəaliyyət İddiaçı MMC-nin çərçivəsində baş vermişdir. İddiaçı MMC “Microsoft” şirkətini Azərbaycanda təmsil edir və Türkiyə Respublikasında yerləşən şirkətlərlə əlaqə yarada bilməzdi. Bu səbəbdən də, “xxxxxx” MMC şirkəti açılmış və əməliyyatlar aparılmışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, Mülki Məcəllənin 49.3-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli qərarına istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, hüquqi şəxsin adından çıxış edən şəxs, həmin təmsil etdiyi hüquqi şəxsin adından çıxış edərkən və onun mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanlı olmalı, peşəkar qaydada hərəkət etməlidir. Habelə, onun maraqlarını öz maraqlarından üstün tutmalı, qərarların qəbulu zamanı ədalətli olmalıdır. Hazırki işdə isə iddiaçı, cavabdehin hüquqi şəxsi təmsil edərkən ona qarşı yuxarıda sadalanan hallara yol verdiyini təsdiq edə biləcək hər hansı sübutu nə birinci, nə də apelyasiya instansiyası məhkəməsinə təqdim edə bilmişdir. Kollegiya, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq, ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin istinad edilən qərarı hüquqi şəxsin direktorunun kredit müqaviləsi əsasında götürdüyü pulu şirkətin hesabına keçirməməsi iddiası əsasında yaranan mübahisə üzrə fərdi şikayətlə bağlıdır. Şirkətə bağlılığı olan şəxsin onunla rəqabət aparma qadağasına dair məsələlər xüsusi olaraq həmin qərarda araşdırılmamışdır. Hazırkı işdə isə mübahisə hüquqi şəxsin həmtəsisçisinin və direktorunun həmin hüquqi şəxslə eyni sahədə fəaliyyət göstərən başqa şirkət vasitəsilə rəqabətdə olması barədədir. Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinin İ hissəsinə əsasən, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Bunun təbii nəticəsi kimi, bütün şəxslər əmlak aktivlərini artırmaq üçün bir-biri ilə yarışa və üstünlük qazanmağa çalışa bilərlər. Odur ki, rəqabət haqlı bir şəkildə aparıldığı müddətdə sərbəstdir və qanunvericiliklə qorunur. Çünki, rəqabət bir qayda olaraq iqtisadi sahədə səmərəliliyi artırır, istehsal edilən mal və xidmətlərin keyfiyyətini yüksəldir. Amma rəqabətin sağlam şəkildə aparılmaması və bundan sui-istifadə edilməsi də mümkündür. Bu səbəbdən, rəqabət azadlığı mütləq deyil. Qanunverici rəqabət azadlığına müəyyən məhdudiyyətlər gətirməklə onun hüdudlarını müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinin İİ hissəsinə əsasən, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Göründüyü kimi, haqsız rəqabətin yolverilməzliyi konstitusion səviyyədə təsbit edilməklə iqtisadi münasibətlərdə rəhbər tutulmalı olan prinsip halına gətirilmişdir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasında haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilati-hüquqi əsaslarını müəyyən edən, sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradan, bazar subyektlərinin haqsız rəqabət metodlarından istifadəyə görə məsuliyyətini nəzərdə tutan ayrıca qanun qəbul edilmişdir (x xxxx 1995-ci il, № 1049). Bu prinsipə uyğun olaraq, mülki hüquq münasibətlərində hüquqi şəxsi təmsil edən fiziki şəxslər üçün də rəqabət qadağası müəyyən olunmuşdur. Mülki Məcəllənin 49.3-cü maddəsinə görə, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Göründüyü kimi, bu norma şirkətin idarəetmə orqanlarında təmsil olunan şəxslərin tutduqları mövqeyə görə malik olduqları bilgilərdən (şirkətin kommersiya sirləri, fəaliyyət metodları, müştəri dairəsi, sektordakı tələbat və s.) şirkət əlehinə istifadə edərək özünə və ya üçüncü şəxslərə fayda təmin etmələrinə, mənfəətləri toqquşduğu halda öz maraqlarını üstün tutmalarına və beləliklə də, şirkətə zərər vurmalarına, başqa sözlə, özlərinin rəqabət etmək haqqından başqasına zərər verəcək şəkildə istifadə etmələrinə qarşı yönəlmiş bir tənzimləmədir. Bu baxımdan, müvafiq əsaslar mövcud olduqda MM-in 49.3-cü maddəsindəki qaydanın tətbiqi, azad sahibkarlıq, habelə təşəbbüskarlığın qorunması və inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Nəzərdən qaçırılmamalıdır ki, sahibkarlıq fəaliyyətini dəstəkləmək və sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq həmin Məcəllənin vəzifəsi kimi müəyyən edilmişdir (1-ci maddə). O da nəzərə alınmalıdır ki, sözügedən qadağa mahiyyət etibarilə sərbəst rəqabət hüququ ilə toqquşduğu üçün onun düzgün təfsir və tətbiq olunması vacibdir. Nəzərə alınmalıdır ki, rəqabət qadağası iqtisadi sistemin dayandıqlığında mühüm rol oynayan şirkətlərin mənfəətlərini elə onların öz ortaqları və idarəçilərindən gələn təhlükələrdən qorumaq məqsədilə şəxsin rəqabət azadlığına gətirilmiş qanuni məhdudiyətdir. Bu məhdudiyyət, həm də qanuni məqsəd daşıyır. Belə ki, həmin tənzimləmə şirkətlərin ticari fəaliyyətini güvənli bir şəkildə həyata keçirmələrinə və ümumilikdə sağlam sahibkarlıq mühitinin qorunmasına yönəlmişdir. Bununla belə, sözügedən məhdudiyyət şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirmək hüququnu tamamilə aradan qaldıracaq mahiyyətdə deyil. Mütənasibliyin təmin edilməsi üçün rəqabət qadağasının dar təfsir olunması lazımdır. Odur ki, qadağa hüquqi şəxsin təsis sənədlərində və digər müqavilələrində göstərilən bütün fəaliyyət sahələri üçün deyil, onun faktiki fəaliyyət göstərdiyi sahədə görülən işlər və şəxsin şirkətə bağlı olduğu müddət üçün nəzərə alınmalıdır. Başqa sözlə, hüquqi şəxs adından çıxış edən şəxsin şirkətin faktiki fəaliyyət sahəsinəgirməyən bir işlə məşğul olması qadağan edilməmişdir. Bundan əlavə, qadağanın müddəti bir qayda olaraq ona səbəb olan hüquqi statusun (ortaqlıq, direktor, digər idarəetmə orqanlarının təmsilçisi) əldə edilməsi ilə başlayır və itirilməsi ilə başa çatır. Mülki hüquq nəzəriyyəsində şəxsin şirkətdə olarkən planlanmış və ya başlamış hərəkətlər, başqa bir ifadə ilə əsası şirkətdəki xidmət dövründə qoyulmuş və oradan ayrıldıqdan qısa müddət sonra həyata keçiririlən işlər də normadakı qadağanın əhatə dairəsinə aiddir. Kollegiya onu da vurğulayır ki, rəqabət qadağasına aid müddəaların təməl dayanağı sədaqət öhdəliyidir. Çünki, hüquqi şəxsin təsisçisi və qanuni təmsilçisi arasında bir etibar və etimad münasibəti vardır. Bu münasibət hüquqi baxımdan vəkalət və ya xidmət sayılır. Bu müqavilələrdə isə təmsil edən, yaxud işçi üçün güvən prinsipinin nəticəsi kimi sədaqətli olmaq vəzifəsi ön plana çıxır. Sədaqət öhdəliyi, hüquqi münasibətdə olan tərəflərin bir-birlərinin mənfəətlərini nəzərə almaları, zəruri olduqda öz maraqlarını qarşı tərəfin maraqlarından üstün tutmamağı, ortaqılıq və birliyin məqsədinin gerçəkləşməsi üçün səy göstərməyi, bəlli hədəflərə çatmağa zərər verən hərəkətlərdən çəkinməyi və təmsil olunanın mənafeyinə bağlılığı özündə ehtiva edir. Bu səbəbdən, şirkətinin təsisçisinin və ya direktorunun şirkətlə rəqabət etməsi, yəni onunla eyni sahədə fəaliyyət göstərən başqa bir hüquqi şəxs yaratması, onun idarəçiliyində yer alması, müvafiq ticarət əməliyyatları aparması ortaqlar arasındakı güvən duyğusunu zədələyən, sədaqət öhdəliyini pozan hərəkət hesab edilir və Mülki Məcəllənin 49.3-cü maddəsinin tələblərinin birbaşa pozulmasına səbəb olur. Hazırkı işin hallarından görünür ki, Cavabdeh, informasiya texnologiyaları avadanlıqlarının satışını həyata keçirən İddiaçı MMC-nin həm təsisçisi, həm də direktoru olmuşdur. Bu statusu daşıdığı dövrdə öz adına oxşar fəaliyyəti həyata keçirən “xxxxxx” MMC-ni rəsmiləşdirmiş və onun direktoru kimi vergi orqanında qeydə alınmışdır. Üstəlik, tərəflərin izahatlarından və işdəki sənədlərdən aydın olur ki, “xxxxxx” MMC vasitəsilə “Sanmar və Elektrik İnş. X7 X9” şirkətinə 100.000 ABŞ dolları dəyərində informasiya texnologiyaları avadanlıqları satılmışdır. Ali Məhkəmə, hazırkı iş üzrə iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayan apelyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən, qərarında vurğulamışdır ki, cavabdeh, İddiaçı MMC-yə rəqib ola biləcək şirkət yaratmadığını, “xxxxxx” MMC-yə verilmiş sifarişin İddiaçı MMC-yə məxsus və sonuncunun müştərilərini cəlb etməsi ilə bağlı hər hansı sübutun olmadığını bildirsə də, işin aşağıdakı halları bu qənaətə gəlməyə imkan vermir. Belə ki, Cavabdeh nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, həqiqətən də ona məxsus şirkətlər mövcuddur, bu şirkətlər vasitəsilə dövlət müəssislərinə proqramların yazılması, yaradılması və quraşdırılması və s. sahələrlə məşğul olur. Göründüyü kimi, bu fəaliyyətin özü Cavabdeh təsisçisi və direktoru olduğu İddiaçı MMC-nin faktiki məşğul olduğu informasiya texnologiyaları üzrə xidmətlərin göstərilməsi sahəsinə daxildir. Kollegiya bildirir ki, yuxarıda qeyd edilən rəqabət qadağası birə-bir eyni əməliyyatları deyil, eyni ümumi iqtisadi fəaliyyət sahəsini nəzərdə tutur. Yəni, bir hüquqi şəxsin təsisçisi və rəhbərinin eyni məzmunda başqa bir kommersiya qurumunu işlətməsi, eyni sahədə fəaliyyət göstərən şirkət qurması və ya rəqabət halındakı başqa şirkətdə idarəçi olması kimi addımların hamısı rəqabət anlayışı içərisində dəyərləndirilir. Qadağaya tabe olmalı şəxsin özünün və ya üçüncü şəxsin xeyrinə bu hərəkətlərdən hansınısa bir dəfə etməsi pozuntu kimi qəbul olunur. Bu baxımdan, şəxsin bağlı olduğu şirkət məsələn, informasiya texnologiyaları sahəsində proqram və avadanlıq satışı ilə məşğul olursa, həmin fiziki şəxsin müvafiq tələbat, müştəri dairəsi, ticarət üsulları və s. biliklərinə görə bu sahədə şirkətdən kənar hər hansı formada fəaliyyəti qadağandır. Odur ki, fiziki şəxsin belə bir fəaliyyət içində yer alması sözügedən qadağanı pozması qənaətinə gəlmək üçün kifayətdir. Bunun üçün onun əməliyyatları üzrə müştəri və mal sifarişlərinin məhz şirkətin münasibətdə olduğu müştərilər və aldığı sifarişlərlə dəqiq eyni olması zərurəti yoxdur. Əks yanaşma MM-in 49.3-cü maddəsini əhəmiyyətsız hala gətirərdi. Çünki əksər hallarda həmin normanın tələblərini pozan hərəkətləri belə şərtlərlə sübuta yetirmək çətin və ya mümkünsüz olur. Təsadüfi deyil ki, “Haqsız rəqabət haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində haqsız rəqabət anlayışına aydınlıq gətirilərkən haqsız rəqabət hesab olunan hərəkətlər üçün digər bazar subyektinə “zərər vuran” və ya “xələl yetirən” deyil, “zərər vura bilən”, “xələl yetirə bilən” ifadələri işlədilmişdir. Baxılan işdə cavabdehin İddiaçı MMC ilə eyni sahədə fəaliyyət göstərən “xxxxxx” MMC-ni qurması, onun rəhbəri olması, hətta bu şirkət vasitəsilə informasiya texnologiyaları avadanlıqları satması iddiaçının izahatı ilə yanaşı, iş materialları və onun özünün izahatı ilə təsdiq olunur. Bundan əlavə, cavabdeh, “xxxxxx” MMC-dəki fəaliyyətinin İddiaçı MMC-nin razılığı çərçivəsində baş tutduğunu, sonuncunun Türkiyə Respublikasında yerləşən şirkətlərlə əlaqə yarada bilməməsini bildirilsə də, İddiaçı MMC-nin belə bir razılıq verilməsini və ya xarici ölkə(lər)lə bağlı fəaliyyət göstərə bilməməsini təsdiqləyən sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, Mülki prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əksinə, tərəflərin yazılı razılaşmasından görünür ki, iddiaçı şirkət cavabdeh fiziki şəxsə şirkətlə rəqabət edə biləcək işdə çalışmasına icazə verməmişdir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinin 4.19-cu bəndinə görə, işçi iş vaxtından kənar vaxtda və ya işəgötürənin razılığı ilə iş vaxtı ərzində işəgötürənlə rəqabətdə olmayan müəssisədə əlavə iş yerində əvəzçilik üzrə işləyə bilər. Hazırda İddiaçı MMC, Cavabdeh Mülki Məcəllənin 49.3-cü maddəsinin və əmək müqaviləsinin 4.19-cu bəndinin tələblərini pozmaqla, “xxxxxx” MMC vasitəsilə həyata keçirdiyi mal satışına görə adi mülki dövriyyədə əldə edə biləcəyi 9.660 ABŞ dolları məbləğində zərərin əvəzini tələb edir. Qanunda sözügedən qadağanı pozan şəxsin hüquqi məsuliyyəti aşağıdakı kimi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 49.3-cü maddəsinə əsasən, həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Nəzərə alınmalıdır ki, qeyd olunan zərər, daha çox şəxsin rəqabət etməklə həyata keçirdiyi əməliyyatın şirkətin hesabına aparılmamasından yaranan gəlir itkisidir. Dolayısı ilə, qadağanı pozan şəxsin əməliyyatı öz (özünün başqa şirkəti) hesabına etməsi nəticəsində əldə etdiyi mənfəət şirkət baxımından əldən çıxmış fayda anlamına gəlir ki, bu da zərərin bir növüdür. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Odur ki, Kollegiya, Ali Məhkəmənin qeyd olunan mövqeyini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən Mülki Məcəllənin 49.3-cü maddəsinin tələblərinin pozulmasına görə, iddiaçıya vurulmuş zərər əldən çıxmış fayda kimi tutulmalıdır. Çünki Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşdə olan xx.xx.2016-cı il tarixli hesab fakturadan görünür ki, “xxxxxx” MMC tərəfindən “Sanmar və Elektrik İnş. X7 X9” şirkətinə informasiya texnologiyaları avadanlıqlarının satılması ilə əlaqədar MMC-yə 100.000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. İddiaçı MMC-nin sifarişi əsasında aparılmış qiymətləndirmə üzrə “xxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli “avadanlıqlar və proqram təminatının qiymətləndirilməsinin nəticələri haqqında” hesabata əsasən, qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektlərinin (xx.xx.2016-cı il tarixli hesab fakturada göstərilən) dəyəri müqayisə yanaşmasından istifadə edilməklə, ümumilikdə 90.340 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Kollegiya, bu halın müəyyən olunmasının xüsusi bilik tələb etdiyini nəzərə alıb qiymətləndirmə təşkilatının rəyi əsasında belə qənaətə gəlir ki, Cavabdeh “xxxxxx” MMC vasitəsilə həyata keçirdiyi mal satışına görə İddiaçı MMC-nin adi mülki dövriyyədə əldə edə biləcəyi gəlirin məbləği 9.660 ABŞ dolları (100.000 ABŞ dolları - 90.340 ABŞ dolları) təşkil edir. Odur ki, Kollegiya, qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin olunmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2385/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin olunsun. Cavabdeh vuurlmuş zərərin əvəzi kimi 9.660 (doqquz min altı yüz altmış) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan rəsmi məzənnəsinə uyğun olaraq), qiymətləndirmə hesabatı üçün ödənilmiş 300 (üç yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat tutularaq, İddiaçı MMC-yə ödənilsin. Apelyasiya şikayətinin verilməsi üçün 15 (on beş) manat Cavabdeh tutularaq, İddiaçı MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7626/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7626/2020
21.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver