Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-763/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-711/2022 saylı, 06 sentyabr 2022ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. xx.xx.2021-ci il tarixli İXP4123724 nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2021-ci il tarixində X6 idarə etdiyi "VAZ 21074" markalı, ** BP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Lexus LX 570" markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1805 manat sığorta ödənişinin, 39 manat dövlət rüsumunun və vəkillə bağlanan müqaviləyə görə 300 manatın cavabdehdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Tələbdə göstərilir ki, özünə məxsus olan ** RP *** dövlət qeydiyyat nişanlı, “LEXUS LX 570” markalı avtomobili ilə Lənkəran rayonunun Sütəmurdov kəndində məzuniyyətdə olduğu zaman yol nəqliyyat hadisəsi baş vermiş və avtomobilinə zərər dəymişdir. Zərər vuran şəxsin avtomobili "xxxx" Açıq Səhimdar Cəmiyyətində icbari sığorta edilmişdir. xx.xx.2021-ci ildə baş verən yol nəqliyyat hadisəsi zamanı avtomobilinin arxa hissəsi yararsız vəziyyətə düşmüşdür. Qanuna müvfiq surətdə sığorta hadisəsi barədə X11 İdarəsinin Lənkəran rayon Şöbəsinə və sığorta şirkətinə məlumat verilmiş və dəyən zərərin müəyyən edilməsi üçün tədbir görülməsi xahiş edilmişdir. xx.xx.2021-ci il tarixində sığorta şirkətinə dəymiş zərərin müəyyən edilməsi üçün servisə getmək lazım olduğunu bununla bağlı nümayəndələrinin iştirakını təmin etmələrini xahiş etsədə onlar xx.xx.2021- ci ilə kimi süründürməçilik etmişlər, avtomobilə heç bir baxış keçirmədən şifahi formada 800 manat verə biləcəklərini bildirmişlər. Bundan sonra, məcbur olaraq qiymətləndirilməni onların iştirakı olmadan keçirtmişdir. Öz təşəbbüsü ilə "X12"ə müraciət edərək avtomobilinə dəymiş zərərin müəyyən edilməsini xahiş etmişdir. Həmin servis tərəfindən avtomobilin detallarına dəyən zərərin qiyməti 1355 manat, təmir işləri üçün isə 450 manat olmaqla ümumilikdə 1805 manat xərc hesablanmaqla zərər aktı tərtib edilmişdir. Tərtib edilən AKT sığorta şirkətinə təqdim edilmişdir. Bundan sonra, Sığorta şirkəti avtomobilə dəymiş zərəri qiymətləndirmiş və 325 manat detallara dəyən zərər, 500 manat isə təmir işlərinin xərci olmaqla ümumilikdə 825 manat xərc hesablamaqla zərər aktı tərtib ediblər. Avtomobilimin ümumilikdə 7 detalı zədələnərək sıradan çıxması nəzərə alınmaqla "X12" tərəfindən 1805 manat ziyan çıxarıldığı halda Sığorta şirkəti tərəfindən cəmi 825 manat xərc çıxarılmışdır. Sığorta şirkəti yol nəqliyyat hadisəsi baş verdiyi gündən bu günə kimi süründürməçiliklə məşğul olmaqla yanaşı qanunvericiliyin tələblərini də pozmaqdadır. Sığorta əməkdaşı ona bildirir ki, "nəyə görə siz işlənmiş avtomobilə təzə detallar qoymalısınız? gedin ölüxanadan detallar alın daha ucuz başa gəlsin". Sanki vətəndaşla sığorta müqaviləsi bağlayan zaman müqavilə şərti kimi zədələnmiş detalların ölüxanadan alınması öhdəliyi götürülmüşdür. Bundan başqa sığorta şirkəti Mərkəzi Banka etdiyi şikayətdən sonra zərərin müəyyən edilməsi üçün ona ekspert qismində üç nəfərin, Talıblı Əhməd (*** *** ** **), Elşən Mehdiyev (051545 0055) və Elçin Allahverdiyevin (*** *** ** **) adını verərək bu şəxslərin xidmətindən istifadə edə biləcəyini bildirirlər. Halbuki, Mərkəzi Bankın müvafiq saytında 70ə yaxın ekspert-mütəxəssisin xidmətindən istifadə edə bilər. Buna dair iradlarını bildirdikdə sığorta şirkəti müstəqil qaydada özünün seçəcəyi ekspert-mütəxəsis barədə əvvəlcədən sığorta şirkətinə məlumat verməyini və onlar həmin ekspertin xidmətinin "bahalı" olub olmamasını müəyyən edəcəklərini bildirirlər. Əgər "bahalı" ekspert olarsa həmin şəxsin xidmətindən istifadə etməyəcəklərini bildirirlər. Yol nəqliyyat hadisəsi məzuniyyətdə olan zaman Lənkəran rayonunun Sütəmurdov kəndində baş vermişdir. Sığorta şirkətinin qanunsuz əməllərinə, süründürməçilik və dəyən zərərin vaxtında düzgün hesablanmamasına görə o məzuniyyətini yarımçıq kəsərək Bakı şəhərinə qayıdaraq avtomobilinin təmiri ilə məşğul olmağa məcbur olmuşdur. Vətəndaşlar əmlaklarını ona görə sığorta edirlər ki, rahat yaşasınlar, sığorta etmirlər ki, aylarla hansısa qanunsuz əməllərlə məşğul olan sığorta şirkətinin arxasınca sürünsünlər. Sənaye sığorta şirkəti bu əməli ilə ona maddi zərər vurmaqla yanaşı mənəvi zərərdə vurmuşdur.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-711/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi (hakim Şəhla Süleymanova) ilə iddia tələbinin qismən təmin edilərək cavabdeh "xxxx" ASC-dən 1765 (min yeddi yüz altmış beş) manatın və iddiaçı tərəfindən ödənilmiş 250 (iki yüz əlli) manat vəkil xərcinin, 37.55 (otuz yeddi, əlli beş qəpik) dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi; keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci -100 (yüz) manatın 10 (on) manatın İddiaçı, 90 (doxsan) manatın isə "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası təyin edilməklə vurulmuş zərərin məbləği 1755 manat müəyyən edilmişdir. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək şikayətində göstərir ki, “VAZ21074”markalı, 42BP511 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli PSS********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən, "xxxx" ASC-də sığortalanmışdır. X1 xx.xx.2021-ci il tarixdə həmin avtomobili Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində idarə edərkən yol-nəqliyyat hadisəsinin baş verdiyi, İddiaçı idarə etdiyi "xxxx" markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəydiyi barədə ASC-yə məlumat daxil olmuşdur. Hadisə barədə məlumat aldıqdan dərhal sonra ASC-nin nümayəndəsi hadisə yerinə getmiş, hadisənin baş vermə səbəblərini araşdırmış, avtomobillərin fotoşəkilləri çəkilməklə və vizual baxış keçirməklə zədələnmiş hissələrinin siyahı üzrə qeydiyyatını aparmışdır. Zədələnmiş "xxxx" markalı, 90PR901 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı "xxxx" Qanunun 16-cı maddəsinin tələblərinə əsasən, müqavilə üzrə ASC ilə sığorta sahəsində yardımçı fəaliyyət göstərən, Mərkəzi Bankın müvafiq reyestrində qiymətləndirmə fəaliyyəti göstərən qismində qeydə alınmış hüquqi şəxs "xxxx" MMC tərəfindən qanunla müəyyən edilmiş 7 gün ərzində, yəni 11 avqust 2021-ci il tarixdə qiymətləndirilərək 655 (altı yüz əlli beş) manat məbləğində müəyyən edilmiş, bu barədə ona məlumat verilmişdir. Lənkəran rayon X11 İdarəsinin yol patrul xidməti inspektorunun hadisədən sonra təqdim etdiyi “avtomobillərdə olan zədələrə dair arayış”da “LexusLX570” markalı, 90PR901 dövlət qeydiyyat nişanlı avtomobilin arxa buferinin zədələnməsi qeyd olunmuş, bu hal avtomobilə baxış keçirmiş nümayəndənin çəkdiyi fotoşəkillərlə də öz təsdiqini tapmış, avtomobilə dəymiş zərəri qiymətləndirən "xxxx" MMC-nin zərər aktında da həmin avtomobilin yalnız arxa buferi və ona aid hissələrin zədələnməsi qeyd olunmuşdur. İddiaçı həmin zərər məbləği ilə razılaşmadığından “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, iddiaçıya zərərin qiymətləndirilməsini həvalə etmək üçün müstəqil sığorta ekspertləri təklif olunmuş, bu barədə ona yazılı məktub göndərilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı da iddiaçıya avtomobilə dəymiş zərərin miqdarı barədə məlumat vermiş, zərərin miqdarının müəyyən edilməsi üçün avtomobili müstəqil sığorta ekspertinə təqdim etməsini təklif etmişdir. İddiaçı sığorta qanunvericiliyinə əsasən qiymətləndirmə səlahiyyətlərinə malik olmayan “X12”ə müraciət edib həmin servis müəssisəsindən onun maraqlarına uyğun gələn təhrif olunmuş məlumatları özündə ehtiva edən qüsur aktı əldə edərək "xxxx" markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobildə hadisədən əvvəl mövcud olmuş zədələri də siyahıya əlavə etməklə, əsassız olaraq əlavə sığorta ödənişi almaq üçün zərərin miqdarını şişirtmişdir. Məhkəmənin gedişatında mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, məhkəməyə təqdim etdikləri "xxxx" MMC-nin zərər aktı məhkəmə tərəfindən iş materiallarına əlavə edilmədiyindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3459 saylı ekspert rəyinə əsasən, yalnız “X12”in qüsur aktına istinad edilməklə zərərçəkmiş, "xxxx" markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 1755 (bir min yeddi yüz əlli beş) manat məbləğində müəyyən edilmişdir. Səlahiyyətli nümayəndələri məhkəmə hazırlıq iclası zamanı "xxxx"MMC-nin zərər aktını məhkəməyə təqdim edərək zərərin miqdarının müəyyən edilməsi səlahiyyətinin sığortaçıya aid olduğunu, ekspert rəyində həmin ekspert rəyinə istinad olunmadığından təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsini xahiş etsə də, məhkəmə vəsatəti əsassız olaraq təmin etməmiş, hansı səbəbdən vəsatətin təmin edilməməsini əsaslandırmamış və təqdim etdikləri həmin zərər aktını iş materiallarına əlavə etməmişdir.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları.
7. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
8. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
10. "xxxx" Azərbaycan Respublikasının Qanunu:
Maddə 3.1.2. Sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Maddə 4.1. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Maddə 15. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Maddə 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Maddə 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Maddə 54. Bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. Maddə 56.1 və 56.1.2. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat kimi müəyyən edilir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
13. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi, (şikayətin obyekti apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
19. Əvvəla, "xxxx" Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir.
20. Sığorta hadisəsinin baş verməsi və bununla da sığortalanmış avtomobilə zərər dəyməsi işin mübahisəsiz halıdır. Hazırki mübahisə və verilmiş apellyasiya şikayəti məhz vurulmuş zərərin məbləği ilə bağlı əmələ gəlmişdir.
21. Cavabdeh sığorta şirkəti iddiaçı tərəfindən sığorta hadisəsi barədə məlumatlandırılmadığını da mübahisələndirmir. Demək, sığorta hadisəsinin baş verdiyi 11 avqust 2021-ci il tarixdən bir müddət keçmiş, yəni 17 avqust 2021-ci il tarixdə cavabdeh sığorta şirkəti dəymiş zərərin məbləğininin "xxxx" MMC tərəfindən qiymətləndirilməsinə dair yekun aktı apellyasiya şikayətinə əlavə etmiş və bu məbləğin 655 manat olduğunu Mərkəzi Bankın işdə olan(bax.i.v.15-16) məktubunun məzumundada qeyd olunduğu kimi xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçıya bildirmişdir. Ancaq iddiaçının təqdim etdiyi qüsur aktındakı məbləği şişirdilmiş hesab edir və məhkəmənin də icbari sığortaya dair maddi hüquq normalarını pozduğunu və həmin normalardakı xüsusiyyətləri nəzərə almamaqla səhv nəticəyə gəldiyini düşünür.
22. Göründüyü kimi, sığortaçı iddiaçını günahlanıdırır, ancaq özünün "xxxx" Qanunun yuxarıda qeyd olunan imperativ normalarına, eləcə də həmin Qanunun 23.2-ci maddəsində nəzərdə tutulan vəzifələrinə riayət etməməsinə haqq qazandırır yaxud da bu vəzifələrini unudur. Ona görə də sığorta şirkəti bu vəzifələrini yerinə yetirmədiyindən iddiaçının dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaması əsassız və qanunsuz olmamışdır. Buna görə də əgər sığortaçı əmlaka dəymiş zərərin düzgün qiymətləndirilməməsini iddiaçının şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilmirsə, o, iddiaçının təqdim etdiyi qiymətləndirmənin nəticələrini qəbul etməlidir.
23. İddiaçının təqdim etdiyi qüsur aktındakı qiymətlər şişirdilmiş hesab edilə bilməz. Çünki, təqdim etdiyi qüsur aktı məhz həmin avtomobillər üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış servis müəssisəsi tərəfindən tərtib edilərək dəymiş zərər qiymətləndirilmişdir. Məhkəmə də iddiaçının təqdim etdiyi qüsur aktındakı qiymətləri tam nəzərə almamışdır. Əksinə iş üzrə keçirdiyi məhkəmə əmtəəşünaslıq ekspertizasının müəyyən etdiyi məbləği əsas götürmüşdür.Sığorta hadisədən əvvəl avtomobildə zədələr olmasını sübut etmək yükü isə onun bəyan edən şəxsin, yəni cavabdehin üzərinə düşür. Ancaq cavabdeh bu hala dair də məhkəməyə mötəbər sübut təqdim etməmişdir.
24. Ekspert rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyi məhkəmə üçün məcburi deyildir, onlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilir, məhkəmə üçün qabaqcadan müəyyən edilmiş məcburi qüvvəsi yoxdur. Məhkəmə ekspert rəyi ilə razılaşmaya bilər. Lakin işə birinci instansiya məhkəməsində baxılan zaman keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə vurulmuş zərərin məbləği hissəsində məhkəmənin razılaşmaması üçün əsaslar yoxdur və rəydə göstərilənlər sübut kimi mötəbər hesab edilməlidir. Çünki, zərərin miqdarı ilə bağlı hallar ekspert tərəfindən yoxlanılmış və yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa dəyəri 1755 manat müəyyən edilmişdir. Buna görə də, həmin rəy mötəbər sübut kimi qəbul edilməlidir.
25. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-711/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-711/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.