Məhkəmə qərarları › İş №2(103)-763/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-763/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-763/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 (eyni zamanda X2 qanuni nümayəndəsi) və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2024-cü il tarixli qətnamədən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən Bankın xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********51 saylı “Kredit müqaviləsi” üzrə ödənilməmiş əsas kredit borcunun ödənilməsi məqsədi ilə 8.518,68 manat, faiz borcunun ödənilməsi məqsədi ilə 4,84 manat, cəmi 8.523,52 manatın, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 105,23 manatın, ödənilmiş bank xidmət haqqının əvəzinin – 0,40 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə X3 arasında bağlanmış BPM**********51 nömrəli xx.xx.2020-ci il tarixli “Kredit müqaviləsinə” əsasən, borcalan Bünyad Zülfiyevə illik 19 faiz ödəmək şərti ilə 36 ay müddətinə 10.000 manat məbləğində nağd kredit verilmişdir. Bünyad Zülfiyev xx.xx.2020-ci il tarixdə ölmüşdür. X5 ödənilməmiş 8.518,68 manat məbləğində əsas borcu və 4,84 manat məbləğində faiz borcu qalmışdır. Bünyad Zülfiyevin ölümündən sonra qalmış miras onun arvadı – Cavabdeh1, övladları - yetkinlik yaşına çatmış Cavabdeh2 və yetkinlik yaşına çatmamış Raul Zülfiyev qəbul etmişlər. Miras əmlak, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası haqqında” Azərbaycan Respublikası qanununa əsasən mərhumun vərəsələrinə ödənilmiş 11.000 manat məbləğində sığorta ödənişindən ibarətdir. Mərhumun vərəsələri mirası qəbul etsələr də, miras qoyanın Banka olan kredit borcunu ödəməmişlər, baxmayaraq ki, mübahisənin məhkəmədənkənar həlli üçün Bank tərəfindən cavabdehlərə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 105,23 manat məbləğində dövlət rüsumu, 0,40 manat məbləğində bank xidmət haqqı ödəmək məcburiyyətində qalmışdır. X8 yetkinlik yaşına çatmadığı üçün o, cavabdeh qismində iddia ərizəsində göstərilməmiş, ona qarşı iddia, onun anasına (qanuni nümayəndəsinə) – Cavabdeh1 qarşı yönəldilmişdir. b) cavabdeh tərəfin iddiaya etirazı barədə məlumat

3. Cavabdeh (yetkinlik yaşına çatmayan Raul Zülfiyevin qanuni nümayəndəsi (anası)) Cavabdeh1 iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, onun əri, hərbi qulluqçu Bünyad Zülfiyev xx.xx.2020-ci il tarixdə vəfat etmiş, xx.xx.2021-ci il tarixdə isə ona və övladlarına “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Bundan sonra onlara “Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası haqqında” Azərbaycan Respublikası qanununa əsasən 11.000 manat məbləğində sığorta ödənişi verilmişdir. Bünyad Zülfiyevin sağlığında Bank ilə “Kredit müqaviləsi” bağlaması barədə məlumatı olmamış, bu barədə Bankın iddiası ona verildikdən sonra bilmişdir. Buna görə də hesab edir ki, iddia rədd edilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, Bank, onunla Bünyad Zülfiyev arasında bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış kredit borcunun tutulması barədə iddianı iddia müddətinin ötürülməsi ilə vermişdir. Belə ki, Bankın təqdim etdiyi sənədlərdən görünür ki, Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin Banka verdiyi xx.xx.2021-ci il tarixli arayışında Bünyad Zülfiyevin ölüm səbəbi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxarılması qeyd edilmişdir, lakin iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

4. Cavabdeh2 isə birinci instansiya məhkəmə baxışında iştirak etməmiş və iddiaya yazılı münasibət bildirməmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərə Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkəti tərəfindən “Hərbi qulluqçuların Dövlət icbari Sığortası haqqında” Qanuna əsasən verilmiş 11.000 manat sığorta ödənişi hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz. Bu səbəbdən də iddia əsassızdır. d) apellyasiya şikayəti barədə məlumat

7. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

8. İddianın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, borclu Bünyad Zülfiyevin vərəsələri müəyyən edilmişdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Qanunvericiliyin tələblərinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Bakı Şəhəri 20 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 233 saylı məktubuna əsasən müəyyən edilir ki, Bünyad Zülfiyevin vərəsələri onun arvadı Cavabdeh1 (mirasda payı 1/2 hissə təşkil edir), övladları - yetkinlik yaşına çatmış Cavabdeh2 (mirasda payı 1/4 hissə təşkil edir) və yetkinlik yaşına çatmamış Raul Zülfiyevdir (mirasda payı 1/4 hissə təşkil edir). Miras əmlak, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası haqqında” Qanuna əsasən mərhumun vərəsələrinə ödənilmiş 11.000 manat məbləğində sığorta ödənişindən ibarətdir. İşin hallarından da müəyyən edilir ki, vərəsələr həmin ödənişi qəbul etmişlər. Belə olan halda Bankın iddiası əsaslı hesab edilərək, təmin edilməli idi. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamış, əsaslı olan iddianı rədd etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat

9. İş üzrə tərəflər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da iddiaçı Bankın nümayəndəsi və cavabdehlər apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

10. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, kreditor olan iddiaçı Bank ilə borcalan Bünyad Zülfiyev arasında xx.xx.2020-ci il tarixdə bağlanmış BPM**********51 nömrəli “Kredit müqaviləsindən” görünür ki, Bünyad Zülfiyev həmin müqaviləyə əsasən Bankdan illik 19 faizlə 36 ay müddətinə 10.000 manat məbləğində kredit götürmüşdür.

13. Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 132394 nömrəli "Ölüm haqqında şəhadətnamədən” görünür ki, Bünyad Zülfiyev xx.xx.2020-ci il tarixdə ölmüşdür.

14. Bankın təqdim etdiyi xx.xx.2024-cü il tarixli “Maliyyə arayışından” görünür ki, vəfat etdiyi tarixə Bünyad Zülfiyevin “Kredit müqaviləsi” üzrə Banka 8.518,68 manat məbləğində əsas, 4,83 manat məbləğində isə kredit borcuna hesablanmış faiz borcu vardır.

15. Bakı Şəhəri 20 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, reyestrdə 2V-15 nömrə altında qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Bünyad Zülfiyevin vərəsələri onun arvadı Cavabdeh1 (mirasda payı 1/2 hissə təşkil edir), övladları - yetkinlik yaşına çatmış Cavabdeh2 (mirasda payı 1/4 hissə təşkil edir) və yetkinlik yaşına çatmamış Raul Zülfiyevdir (mirasda payı 1/4 hissə təşkil edir). Miras əmlak, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası haqqında” Qanuna əsasən mərhumun vərəsələrinə ödənilmiş 11.000 manat məbləğində sığorta ödənişindən ibarətdir.

16. "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı Bank borcun ödənilməsini cavabdehlərdən tələb etmişdir.

17. İddiaçı Bank bildirir ki, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Qanunvericiliyin tələblərinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Ona görə də iddia ərizəsində göstərilən borc tələbi cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

18. İddianı əsassız hesab etmiş Rayon Məhkəməsi isə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlər vərəsə hesab edilsələr də, onlar tərəfindən miras əmlak qəbul edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkəti tərəfindən “Hərbi qulluqçuların Dövlət icbari Sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən verilmiş 11.000 manat sığorta ödənişi hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz. Bu səbəbdən də iddia əsassızdır.

19. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır (maddə 385.1.). öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (münasibətlər yarandığı an qüvvədə olan maddə) (maddə 739.1.). Miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (maddə 1146, 1151.1 və 1153.). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1.).

20. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə görə isə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir. On bir min manat məbləğində birdəfəlik ödəmə isə hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz.

21. Məhkəmə, apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, iddiaçı Bank mərhum borcalanın vərəsələrinin qəbul etdiyi 11.000 manat sığorta ödənişini əsas götürməklə hazırki iddianı irəli sürmüşdür. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında göstərilən hüquqi mövqeyə görə 11.000 manat məbləğində birdəfəlik ödəmə hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz.

22. Belə olan halda qeyd edilən maddi hüquq normalarının əlaqəli təhlili və mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, Rayon Məhkəməsinin iddianın əsassız olması barədə iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır.

23. Gəldiyi qənaətə uyğun olaraq Rayon Məhkəməsi prosessual qənaət prinsipinə əsaslanaraq, cavabdeh tərəfin iddia müddətinin ötürülməsi ilə bağlı dəlilinə xüsusi münasibət bildirməyə zərurət görməmişdir.

24. Məhkəmə, Rayon Məhkəməsinin bu mövqeyini də haqlı hesab edir. Çünki MPM-in 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. g) apellyasiya baxışının nəticəsi

25. Şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

27. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdehlər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

28. İddiaçı Bankın apellyasiya şikayəti təmin edilmədiyindən və iddia qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə rədd edildiyindən iddiaçı Bank hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

29. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. İddiaçı "xxxx" ASC hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İş üzrə cavabdehlər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar