Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7632/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1722/2021 saylı mülki iş üzrə qəbul etdiyi 15 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı btərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc pul və ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödəmədikləri 6750 manat borc pulun alınıb ona verilməsi, Cavabdeh1 mənimsədiyi 5990 manat pulun alınıb TOPAZ məntəqəsinin sahibkarı kimi ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 sahibkar işlətdiyi TOPAZ məntəqəsinə satıcı-menecer vəzifəsinə işə qəbul etmişdir. Cavabdeh1 08 dekabr 2016-cı ildən 16 may 2018-ci ilə kimi həmin vəzifədə işləmiş və onunla normal münasibət saxlayaraq özünü yaxşı işçi kimi göstərmişdir. Cavabdeh1 2017-ci ilin aprel ayında ona yaxınlaşaraq anasının ağır xəstə olmasını və ürəyindən əməliyyat olunacağını bildirib ondan 9000 manat borc pul istəmiş və hər ay hissə-hissə ödəyəcəyinə söz vermişdir. O, inansa da atası Cavabdeh2lə yanına gəlməsini demiş və o, da atası ilə birlikdə 2017-ci ilin may ayında onunla görüşmüş, 9000 manat borc istəmişlər. O, cavabdehlərə 9000 manat borc pul vermişdir. Cavabdeh1 2017-ci ilin iyun ayından 2018-ci ilin aprel ayınadək verdiyi borcdan cəmi 2250 manat qaytarmışdır. Qalan 6750 manat pulu isə həm özündən, həm də atasından tələb etsə də, müxtəlif bəhanələrlə borcu indiyə kimi qaytarmırlar. Eyni zamanda Cavabdeh1 2016-cı ildən 2018-ci ilə kimi TOPAZ məntəqəsində işlədiyi müddətdə əldə etdiyi puldan 5990 manatı kassaya ödəməyib mənimsəmiş və fiziki şəxs sahibkar kimi ona ziyan vurmuşdur. Onun bu hərəkətinə görə 16 may 2018-ci ildən işdən azad etmişdir. Keçən müddət ərzində hər iki cavabdeh barədə Azərbaycan Respublikasının DİN-nə rəsmi şikayət etmiş və cavabdehlər ona söz vermişlər ki, evlərini sataraq borcu ödəyəcəklər. Lakin onlar evlərini satıb, yeni hazırki ünvanda ev alıb yaşamalarına baxmayaraq onun borcunu ödəmirlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(011)-1722/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, borcun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı cavabdehlərə borc pul verdiyini, cavabdehlər həmin borcun qaytarmadığını və Cavabdeh1 5990 manat məbləğində pul mənimsədiyini bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1722/2021 saylı mülki iş üzrə qəbul etdiyi 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-7632/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7632/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver