Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7638/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1126/2021 saylı, 16.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4350 manat deyil 1850 manat məbləğində vəsait tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə 16.12.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş borc müqaviləsinə əsasən 3650 manat və öz aralarında sonradan 700 manat məbləğində borc vermişdir. 700 manatla bağlı cavabdeh qəbz də vermişdir. Lakin cavabdeh tərəfindən həmin borc məbləğindən 1850 manat vəsait ondan tələb edilməsinə baxmayaraq geri qaytarılmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1126/2021 saylı, 16.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 1850 manat məbləğində vəsaitin tutulçası, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir (sədrlik edən: Həqiqət Əhmədova).
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1126/2021 saylı, 16.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 16 dekabr 2019-cu il tarixində Bakı şəhər sakini İddiaçı ilə 630 saylı, 16 dekabr 2019-cu il tarixli məktuba əsasən kredit müqaviləsi üzrə 3650 manat borcun ödənilməsi üçün notariatda borc müqaviləsi bağlamışdır. Müqavilənin bitmə tarixi müqavilənin özündə göstərilmişdir. bağlanmış müqaviləyə əsasən cavabdeh M.V.Salman qızına müxtəlif vaxtlarda – 23 yanvar 2020-ci ildə 1300 manat, 14 fevral 2020-ci il tarixində 700 manat, 24 fevral 2020-ci il tarixində 500 manat olmaqla, cəmi 2500 manat pul ödəmişdir. Covid 19 pandemiyası ilə əlaqədar cavabdeh ziyana uğramış və qalan məbləği ödəmək üçün iddiaçıdan vaxt istəmişdir. Onlar öz aralarında şifahi olaraq razılaşmışlar. Şifahi razılaşmanın olmasına baxmayaraq iddiaçı məhkəməyə müraciət etmişdir. Nizami rayon Məhkəməsi işə cavabdehin iştirakı olmadan baxmış və tərəflərin hüquq bərabərliyi və çəkişmə prinsiplərini pozmuşdur. Cavabdehin iddiaçıya ödədiyi məbləğlər üçün qəbzlər belə tələb edilməmişdir. Cavabdeh məhkəmə aktından icra mərhələsində xəbərdar olmuşdur. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
9. İş materiallarında olan "xxxx" MMC-nin rəhbəri X1 birinci instansiya məhkəməsinə məktub üvanlayaraq cavabdehin anası olmasını bildirərək, borc məbləğindən 2500 manat vəsaitin ödənilməsi, qalan vəsaitin isə məhkəmədənkənar qaydada həll edilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Həmçinin məktuba 2500 manatın iddiaçıya ödənilməsinə dair qəbzlər əlavə edilmişdir. Hüquqi dəyərləndirmə:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
2. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
3. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
4. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
5. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
6. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
7. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
8. İş materiallarından görünür ki, İddiaçı 16.12.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən Cavabdeh 3650 manat vəsaiti 16.01.2020-ci il tarixədək qaytarılmaq şərti ilə borc vermişdir.
9. Həmçinin iddaçının bundan əlavə cavabdehə 700 manat əlavə vəsaitin verməsi cavabdehin əlyazması ilə təsdiq edilmişdir. Həmin borc məbləğindən iddiaçıya 2500 manat ödənilmiş, qalan 1850 manat vəsait isə iddiaçı tərəfindən tələb edilsə də ona ödənilməmişdir.
10. İddiaçı qalan 1850 manat vəsaitin ödənilməsi barədə məhkəmədə iddia qaldırmış, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Kollegiya iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə doğru nətcəyə gəlmişdir. Belə ki, cavabdehin iddiaçıya borcunun olması notariat qaydasında bağlanmış kredit müqaviləsi ilə, cavabdeh tərəfindən 2500 manat borcun ödənilməsi isə (müxtəlif vaxtlarda 1300, 500, 700 manat) iş materiallarında olan qəbzlərlə öz təsdiqini tapır.
11. Buna baxmayaraq, cavabdeh qalan 1850 manatın ödənilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iş materiallarına həmin halı təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir.
10. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
11. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
12. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
13. Cavabdeh apellyasiya şikayətində də 1850 manat məbləği ödəmədiyi bildirmiş və bunu COVİD 19 pandemiyası ilə əlaqədar yaranan maddi çətinliklərlə izah etmişdir. Cavabdeh həmçinin apellyasiya şikayətində bildirmişdir ki, borcun ödənilməsinə vaxt verilməsi ilə bağlı iddiaçı ilə aralarında şifahi razılıq olmuşdur. Kollegiya cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin əsaslandığı dəlillər onu borcunun ödənilməsi öhdəliyindən azad edən hal hesab edilmir. Eyni zamanda, tərəflər arasında borcun ödənilməsinə vaxt verilməsi ilə bağlı şifahi razılığın olması hər hansı bir sübutla öz təsdiqini tapmır.
14. İşə cavabdehin iştirakının təmin edilmədən baxılmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə SMS bildiriş göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.
12. Beləliklə, kollegiya hesab edir ki, iddia tələbinin təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 1850 manat məbləğində vəsaitin tutulmasına dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan, cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
14. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
16. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1126/2021 saylı, 16.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Anar Tanrıverdiyev