Məhkəmə qərarları › İş №2(103)-7645/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7645/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7645/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1441/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X1 cavabdeh X4 qarşı “borc tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7000 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının X5 ilə xeyli müddətdir ki, tanışlığı var. X5 ilə ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Nəsimi küçəsi, Dəniz marketin yaxınlığında yerləşən 6 sot torpaq sahəsində yaşayış evini tikmək qərarına gəlmişlər. Bu məqsədlə həmin torpaq sahəsinin 3 sotunda ev tikmişlər. Həmin evin tikintisinə iddiaçı 7000 manat pul xərcləmişdir. Sonradan pul çatmadığına görə evin tikintisi tam şəkildə başa çatmamışdır. Razılaşmaya əsasən cavabdeh torpağı və ya evi satıb ona olan borcunu ödəyəcək. Lakin, X6 müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. O, dəfələrlə ondan pulunu verməyi tələb etmişdir. Məcburiyyət qarşısında qalıb o ərizə ilə polisə müraciət etmişdir. Xəzər RPİ-nin 3-cü Polis bölməsində araşdırma aparılmış və təhqiqatçı tərəfindən cinayət işinin başlanmasını rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Araşdırma zamanı X5 olan borcu etiraf etmişdir. Beləliklə, xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh X5 iddiaçıya olan 7000 manat borcunu qaytarmır. Ona görə də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyərində qalmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1441/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X2 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq, X1na verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh X6 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Tələbkar İddiaçı tələb etdiyi borc pul həddindən artıq şişirdilmişdir. Tələb olunan borc pulun araşdırılmasını istəyir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X6 apellyasiya şikayətindən fərqli izahat verərək bildirdi ki, iddiaçıya 5500 manat məbləğində borcu var. İşi açılarsa və ya torpaq satılarsa borcunu ödəyəcək. Hazırda işləmədiyi üçün borcunu qaytara bilmir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş X1 məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh iddianın təmin olunan hissəsində mübahisələndirdiyi üçün hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız həmin hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir, başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1441/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə cavabdeh X4 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan X3 Xəzər RPİ-nin 3-cü Polis Bölməsində xx.xx.2019cu il tarixdə verdiyi yazılı izahatından görünür ki, iddiaçı ilə şifahi razılıq əsasında ona məxsus olan torpaq sahəsində evin tikərək satılması barədə razılığa gəlmişlər. Evin satışından əldə olunacaq məbləğ ilə İddiaçı olan borcunu ödəyəcəyini qeyd etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 341-2250W saylı məktubdan görünür ki, İddiaçı X6 barəsində vermiş olduğu şikayətə Xəzər RPİ-nin 3-cü PB-də baxılmış və cavabdehin əməlində cinayət xarakterli və inzibati xəta tərkibi olmadığından məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Tərəflərin izahatlarından və iş materiallarından göründüyü kimi tərəflər arasında danışığa əsasən onlar cavabdehin torpağında ev tikərək onu gələcəkdə satmalı və həmin gəliri aralarında bölməli olmuşlar. Bu işin mübahisəsiz halıdır. Lakin, bu danışıq şərtləri aralarında lazımı qaydada müəyyənləşdirilməmiş, torpağın hansı hüquqmüəyyənedici sənədlərinin olması, gələcəkdə hansı qiymətə satılacağı onlar arasında razılaşdırılmamışdır. Belə olan halda cavabdeh tərəfindən həmin tikiliyə bazar qiymətindən artıq qiymət qoyularaq onun hazırda satılmasını mümkünsüz hala gətirir ki, bu da cavabdehin əsassız varlanmasına səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında aparılmış razılaşma barədə mühüm şərtlər müəyyənləşdirilməmiş, lazımı məzmun və formaya salınmamış, yəni bağlandığı andan etibarsız olmuşdur. Belə ki, Mülki Məcəlləsinin 337.41-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş və bunun üçün heç bir qanuni əsas olmamışdır. Buna görə də, iddiaçı tərəfindən tikintiyə çəkilmiş 5500 manat pul ona geri qaytarılmalıdır. Belə ki, cavabdeh İddiaçı 5500 manat məbləğində borcunun olduğunu həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatı zamanı vermiş olduğu izahatında etiraf etdiyindən iddia tələbi həmin hissədə əsaslıdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin hissədə iddia tələbini təmin etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya icraatı zamanı izahatında iddiaçıya 5500 manat borcunun olduğunu etiraf etdiyindən apellyasiya şikayəti üzrə əlavə araşdırmanın aparılmasına lüzum yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1441/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə cavabdeh X4 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1441/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə cavabdeh X4 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar